Bu yazı “Ayna” qəzetində dərc edilib, görünür Paşayevlərin təhdidindən sonra saytdan qaldırılıb… Biz hesab etdik ki, bu tarixi hadisəni yaşatmaq lazımdır, buna görə də yazını sayta qoyduq.
Kəbəsi Azərbaycan, Qibləsi Ulu Öndər ucalığı
Yazı da bir ömürdür – əkirsən, səpirsən, sarı sümbül, çiçək bilib dərirsən, qəlbində yeri olana göndərirsən
Dərbənd Şeyxülislamı Qasım Kazım bəyin varisi, Molla Saleh Bilicinin, Molla Əbdüləziz Hüsgəncinin, Şeyx Məhəmməd Bəhreyninin şəyirdi, İ.Beryozin, İ.İvanov, N.İlminski kimi qüdrətli şərqşünasların ustadı, Lev Tolstoy, Nikolay Çernışevski kimi müqtədir qələm sahiblərinin ən yaxın dostu, Kazan Universitetinin Şərqşünaslıq bölümünün qurucusu, ayrı-ayrı vaxtlarda Kazan və Peterburq universitetlərinin kürsüsündən iyirmi ildən çox Şərq ədəbiyyatı, tarixi, mədəniyyəti və dilləri ilə bağlı mühazirələr oxuyan, Çar Nikolayın hüzurunda belə, “Şərqi xilas edəcək, tərəqqi etdirəcək insanlar Şərqin özündən çıxmalıdır” gerçəyini cəsarətlə dilə gətirən, üç dəfə Çar tərəfindən Rusiyanın ən ali təltifinə – Demidov mükafatına layiq görülən, “Türk-tatar dili qrammatikası” əsərini “Mən qürur duyuram ki, Azərbaycanlıyam!” nidası ilə başlayan, “Dərbəndnamə”si ilə millət, məmləkət sevgisinə qəhrəmanlıq, cəsarət və ləyaqət, məğrurluq və yenilməzlik tariximizə “Şeyx Şamil və müridizm” əsəri ilə abidə ucaldan Mirzə Kazım bəy Qəhrəman idi. Əsərinə “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən Qəhrəman!” epiqrafını seçib 20 il Çar Rusiyasına qarşı mücadilə edən bir məğlubedilməz Sərkərdənin, mücahidlər, müridlər Ustadının adını tutmaq nə qədər cəsarət idisə, bir müsəlman Şeyxini, imamını Qəhrəman, üstəlik, qəhrəmanlar yetirən Qəhrəman adlandırmaq bir o qədər böyük qəhrəmanlıq, cəsarət idi. Azərbaycanlılığı ilə qürur duyan Mirzə Kazım bəy bunu bacarmışdı. Axı, o, özü də bir Qəhrəman idi. Buna qədər Şərqşünaslığın Şərqli Şahzadəsi Qələmi süngüyə çevirib elm məbədlərini fəth etmişdi. Bu səbəbdən də bütün elmi dairələrdə əsərləri senzuradan kənar dərc edilirdi.
Bir mütəfəkkir filosof, dövlət xadimi olaraq bu yöndən akademik Ramiz Mehdiyev irsinə və şəxsiyyətinə yanaşsaq, səmimiyyətlə söyləyib etiraf edə bilərik: “Ramiz Mehdiyev dövlət və elm xadimləri yetirən qüdrətli Dövlət və Elm xadimidir!”
Ulu Öndərimiz Heydər Əliyevin 50 ili çevrələyən milli dövlətçilik ideologiyasının, Azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliğində bu böyük dövlət və elm xadiminin xidmətləri danılmazdır, müqayisə edilməzdir. Onun çoxşaxəli elmi fəaliyyətini əhatə edən, elmin müxtəlif sahələrini çevrələyən əsərləri ölkəmizdən kənarlarda da məşhurluq qazanıb. Elmi redaktoru olduğu əsərlər bir çox müxtəlif dillərə tərcümə edilib.
Akademik Ramiz Mehdiyev bir elm xadimi kimi heç nə etməsəydi, heç bir əsər yazmasaydı belə, bir mütəfəkkir filosof, fəlsəfə tarixçisi kimi təkcə Ulu Öndər Heydər Əliyevin, ölkə Prezidenti cənab İlham Əliyevin seçilmiş əsərlərini redaktə edib çapa hazırlamış olsaydı, akademik adını halallıqla haqq edəcəkdi. Elə dahilər, qüdrətli şəxsiyyətlər, mütəfəkkir alimlər, müqtədir qələm sahibləri, dövlət xadimləri var ki, onların hansı vəzifəni tutması fərq etmir. Olduqları yer, baş olur, başda olur. Adları çəkiləndə istər-istəməz ayağa durulur, təzim edilir.
“Həyatda ən doğru yol göstərici edilmir. Elm və bilikdən kənar yol axtarmaq qəflətdir, savadsızlıqdır, doğru yoldan çıxmaqdır… Mən mənəvi miras olaraq heç bir ehkam, heç bir doqma, heç bir donmuş və qəlibləşmiş qayda qoymuram. Mənim mənəvi mirasım elm və ağıldır. Məndən sonra mənim mirasımı mənimsəmək itəyənlər bu təməl, məhvər üzərində ağıl və elmin rəhbərliyini qəbul edərlərsə, mənəvi mirasçılarım olarlar” nidası ilə iflasa uğramaqda olan Osmanlını Səlib yürüşündən xilas edən Qazi Mustafa Kamal Paşa Atatürk modern Türkiyə Cümhuriyyətinin təməlini elmdə, tərəqqisini təhsildə, elmi-irfanda gördü.
Atatürk inqilabının, dövlətçilik təliminin təməl prinsipləri olan bu müqəddəslik müasir Türkiyə Cümhuriyyətini irəliyə aparan yol oldu. Cümhuriyyət elan olunduqdan sonra fəaliyyətə başlayan elmi qurumların, birliklərin bir çoxu bu gün Atatürk adını daşıyır. Türk Kültür Mərkəzinin açılışına dövləti işləri ilə bağlı azca yubanan Atatürk mərasimi pozmamaq üçün qapı ağzında ayaq üstə dayanıb nitqə qulaq asır. Bunu görən sədr Qazinin artıq tədbirə gəldiyini deyəndə türklüyün gələcək taleyini həll etmiş olan alimlər ayağa qalxırlar. Atatürk onları dayandırıb, çıxışçıya davam etməsini, iştirakçılara isə: “Sizin qabağınızda ayaq üstə dayanmaq şərəfdir, çünki siz millətin qabağında gedib, onları sabaha aparırsınız” söyləyərək ehtiramını bildirir. Türkün ulu ziyalılarının, şair və sənətkarlarının, teatr sənətçilərinin cəmləşdiyi digər bir mərasimdə isə ona ehtiram əlaməti olaraq əllərindən öpmək istəyənlərə üz tutaraq: “Sənətkar əl öpməz, onun əli öpülər”, deməklə xaqanlarımızın sənətkara ehtiramını yenidən canlandırır. Bu, həm də Şirvanşahların, Atabəylərin, Eldəgizlərin, Oğuz səlcuqların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Osmanlıların, Teymurluların, Hülakülərin, neçə-neçə türk sultanlarının və xaqanlarının saraylarında sənətkarlara göstərilən qayğı və ehtiramının Atatürk duyğularından cücərməsi idi…
Akademik Ramiz Mehdiyev qüdrətli dövlət xadimi, mütəfəkkir filosofdur. Onun elmi yaradıcılığı dövləti fəaliyyətinə, dövlət işləri isə elmi potensialının üzə çıxmasına maneə olmayıb. Doğudan Batıya at çapan, çapdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin-mədəniyyətin, elmi-irfanın gülzarına çevirən, ustad sənətkarlara, el və dil bilicilərinə köşəsinin başında yer verən “Vəsiyyətnamə”si ilə dövlət idarəçiliyinin prinsiplərini varislərinə öyrədib əmanət edən Əmir Teymur, “Qanunnamə”si ilə bəşəriyyətin dövlətçilik tarixində ilk qanunlar toplusunun konstitusiyanın əsasını qoyan Salari hökmdarı Mərziban İbn Məhəmməd, Moğol hökmdarı Çingiz Xaqan, Fateh Mehmet, Ağqoyunlu Uzun Həsən, ustad aşıqları, xanəndələri, sənətkarları, şairləri cəm edən ədəbi-mədəni məclislər quran Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Hüseyn Bayqara kimi sərkərdə – xaqanlarımızın özləri də, mütəfəkkir filosoflar, şairlər, ustad sənətkarlar idi. Onlar bir əlində Qılınc, bir əlində Qələm milli dövlətçilik tariximizi yaradırdılar. Mürəkkəblə yazılıb, qanla yoğrulan o əsərlər indi də dünyanın müxtəlif muzeylərində mövcud olan risalələrdə, təzkirə və cünglərdə Şərqin və türk dünyasının, müsəlman mədəniyyətinin əzəmətini özündə qorumaqda, yaşatmaqdadır.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki mərhələsində milli dövlətçiliyin ən ağır yükünün altına çiyin verən, onun etibarlı kadrı, inanılmış silahdaş kimi çilələrdən keçən, Heydər Əliyev İdarəçilik Məktəbində, əslində isə Akademiyasında yetişib bişən, o qüdrətli Sərkərdə-xaqandan ustad dərsləri alan akademik Ramiz Mehdiyev Sarayımızın baş vəziri, Dərin Dövlətin mahir bilicisi kimi zaman-zaman üzərimizə yeriyən qatı düşmənə, dövləti, milləti, məmləkəti özgə kisələrinə satan “Sapı özümüzdən olan baltalara”, “Kürəyimizə sancılan zəhərli Qılınclara” sipər oldu. Bunları danmaq, inkar etmək, dilə gətirməmək günah olar. Tanrı savabı bilən, günahı görəndir!
Bir filosof alim, tarixçi kimi millətin psixologiyasını, milli-etnik tərkibini, etnodil proseslərini, multikultural dəyərlərini dəqiq bilən akademik Ramiz Mehdiyev ensiklopedik biliyi, analitik təfəkkürü ilə ölkənin daxili və xarici siyasətinin yürüdülməsində mükəmməl dövlətçilik təliminin, strategiyasının müəyyənləşməsində müstəsna xidmətlər göstərdi. Siyasi sabitliyin yaranmasında, dövlətin elm-təhsil, dil-mədəniyyət konsepsiyasının işlənməsində, ordu quruculuğu, iqtisadi islahatlar, sosial yeniliklərlə bağlı dövlət proqramlarının hazırlanmasında, gerçəkləşməsində bilavasitə iştirak edən bu qüdrətli dövlət xadiminin misilsiz xidmətləri ilə ən yeni Azərbaycanın tarixi yaradıldı. Nə etməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq bir amala, bir məqsədə xidmət etdi: Heydər Əliyev dühasına, irsinə, Varisinə sədaqətlə xidmət! Ulu Öndərin Azərbaycançılıq Məfkurəsi onun üçün haqqa uzanan yol, Millətin, Məmləkətin, Dövlətin işıqlı sabahına gedən cığır oldu.
Adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılan, varlığı, düşüncəsi, fərasəti və siyasəti ilə saraylarımızı zinətləndirən Baş Vəzirlərimiz olub. Pirlərə, övliyalara, peyğəmbərlərə tay tutduğumuz o müdrik şəxsiyyətlər təkcə saray mədəniyyətini, incilərini yaratmayıblar, şahlara, xaqanlara, sultanlara, şahzadələrə, əyanlara düz olan, doğru olan yolu göstəriblər. Göytürklərin sarayını zinətləndirən, Bilgə Xaqanın atasının da, varislərinin də yol göstərəni Tonyu Kuk, Oğuz Xaqanın sarayında müdriklik, uzaqgörənlik nümunəsi olan Dədə Qorqudun, Səlcuqlu sarayında dünya fatehi Alp Arslanın və oğlu Məlikşahın xüsusi ehtiram bəslədiyi Nizamülmülk, Hülakülər Sarayında şöhrətlənən və saray müdrikliyi ilə rövnəqləndirən Xoca Nəsirəddin Tusi, Müasir Azərbaycan dövlətçiliyində özünəməxsus məqamı, mövqeyi olan, Dədə Qorqud müdrikliyi, Nizamülmülk əzəməti, Ulu Öndər ucalığı ilə mənəvi dəyərlər tariximizi zənginləşdirən akademik Ramiz Mehdiyev belə tarixi simalardan, Yaddaş Memarımızdandır!
Akademik Ramiz Mehdiyev milli dövlətçilik, milli kimlik, milli mənlik, eyni zamanda milli mücadilə tariximizə adı əbədi olaraq həkk olunan qüdrətli simalardan, dövlət və elm xadimlərindən, üzərinə aldığı, çiyinlərinə götürdüyü mənəvi yükü şərəflə daşıyan, ləyaqətlə çəkən dövlət və elm xadimlərindəndir. Bütün həyatını Ulu Öndərin milli dövlətçilik təlimi, Azərbaycançılıq məfkurəsinin inkişafına, qorunmasına, tədqiq və təbliğ edilməsinə həsr edən akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında prezident, birinci şəxs kimi bu gün heç bir islahat aparmasa, heç bir elmi yeniliyə imza atmasa belə, o, tarix olaraq tarixdə qalacaq! Tərcümeyi – halı ilə tarix yaradan, bir ömür millətinin, məmləkətinin tərəqqisi üçün çalışan, çarpışan, mücadilə edən, imtahanlardan keçən Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, Azərbaycanlıyam!” nidasına söykənərək Azərbaycançılıq Mərkəzini qurmaqla 80-ci illərdən sonra milli istiqlal tariximizi yazan, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə üçrəngli, hilallı ulduzlu bayrağın dastanını yazan, Lenin Meydanını Azadlıq Meydanına çevirən, fəqət elə o bayrağı qaldırıb vəzifə kürsülərinə qalxanların əli ilə bağlanmaq, ləğv olunmaq təhlükəsi ilə üz-üzə qalan Akademiyanın minlərlə aliminin çoxdankı arzusunu gerçəyə çevirən akademik Ramiz Mehdiyev bu addımı ilə həm də alimlərin: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir”, “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” hikmətinə söykənib yersiz suallara, nigarançılığa son qoyan Ulu Öndərə vəfa, vicdan borcundan çıxmış oldu!
Bütün həyatını elm, dövlət idarəçiliyi kimi məsuliyyətli, vicdanlı işə həsr edən akademik Ramiz Mehdiyevin şəxsiyyəti, irsi barədə düşündükcə qüdrətli mütəfəkkir alimlərimizin, filosof şairlərimiz – varlığı ilə Şərqə, türk dünyasına, Azərbaycana başucalığı gətirən fəlsəfi traktatları, elmi əsərləri, risalələri sivilizasiyaların və mədəniyyətlərin dialoquna hesablanan düşüncələri ilə Avropa kralları tərəfindən etiraf edilib, qəbul olunan İsa Məsihin apostolları səviyyəsinə ucalan, “Sultani Aləm elmdir, elm olmuş, elm olaraq qalacaqdır… Hələ ki, heç kəs bu sultanı elm sarayından qova bilməmişdir. Dünyanın həqiqi hökmdarı olan elm ancaq vaxtaşırı paytaxtını dəyişmiş, gah məğribdən məşriqə, gah da məşriqdən məğribə getmişdir. …Əgər alim doğrudan da, həqiqi alimdirsə, deməli, o, nur mənbəyidir düşünəsi ilə bəşəriyyəti Birliyə, Bütövlüyə, Qardaşlığa səsləyən, “Babi-Əli” zindanında acəl – zəhər şərbəti içərkən türkün, Azərbaycanın başqa bir qüdrətli filosofunu Həllac Mənsuru yada salaraq: “Ey insanlar, öldürün məni! Öldürün ki, əbədi dirilik qazanın” deyib, ruhunu, duyğusunu, sevgisini yetirmələrinin ruhuna köçürən, beyinlərinin şırımlarına elmi-irfanın toxumlarını səpən Şeyx Cəmaləddin Əfqanini, Xilafət ordusuna qarşı düz 20 il mücadilə edib xəyanətə qurban gedəndə, Samirə şəhərində dar ağacına qaldırılanda “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyib qolları budanda yaddaş ağacımıza dönən Babəki, Hələb şəhərində Misir məmlükləri tərəfindən dərisi soyulub rəngi saralanda “Şair, rəngin saraldı, qorxdun elə bil” söyləyən dinsizlərə, “zındıqlara” “Bədbaxtlar, mən ədəbiyyat üfüqlərində doğan Günəşəm. Günəş qürub etdikcə saralır!” deyib Şərqdə doğan Günəşi Qərbin iradəsinə tabe etdirmək istəyənlərə bu gün də dərs verən Seyid İmadəddin Nəsimi Şirvanini, qüdrətli Azərbaycanlıları, onların sonsuz millət, məmləkət, istiqlal sevgisi daşa, yaddaşa, sənət əsərinə, kino lentlərinə köçürən dünyanın ən böyük Azərbaycanlısını – Ulu Önədirimizi şükran duyğuları ilə andım. Bu qüdrətli dövlət xadiminin millət sevgisi, Azərbaycançılıq məfkurəsi eşqinə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanşünaslıq Mərkəzi”ni quran akademik Ramiz Mehdiyevi onun ad, doğmalarının şad günündə ehtiramla xatırladım.
Ötən əsrin 40-cı illərinə getdim. 1945-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyası 15 akademiklə təsis olunur. Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Əliəşrəf Əlizadə, Mir Əsədulla Mirqasımov, Üzeyir bəy Hacıbəyli, Mirzə İbrahimov, Səməd Vurğun, Mikayıl Useynov, Mirəli Qaşqay kimi dahilər, ilklərə, kəşflərə imza atan, 1941-1945-ci illər müharibəsinin taleyinin həll olunmasında, Sovet İttifaqının qələbə çalmasında iştirak edən alimlər tarix yaradır. Bu, ömrü boyu şərqlilərə, azərbaycanlılara aşıq, şair xalq gözü ilə baxıb aşağı təfəkkürlə qiymət verənlərə görk idi. Azərbaycan 300 mindən çox qəhrəman oğul-qızı, nefti ilə Sovet Ordusunun taleyini həll etməklə kifayətlənməmişdi. Akademik Yusif Məmmədəliyev neftin oktan ədədini kəşf etməklə, SSRİ hərbi hava qüvvələrini hərəkətə gətirmişdi. Mustafa bəy Topçubaşov Zaqafqaziya Baş Qospitallar idarəsinin rəisi kimi on minlərlə yaralı sovet əsgərinin əməliyyat edilib yenidən ön cəbhəyə göndərilməsinə nail olmaqla yanaşı, repressiyanın ən dəhşətli günlərində, 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orjinal keyitmə üsulu – inyeksion efir-yağ narkozunu analgezaya üsulunu kəşf etmişdi. Bu üsul SSRİ-nin bütün qospitallarında, eyni zamanda Avropada, Amerikada tətbiq olunurdu. Akademik Mir Əsədulla Mirqasımov “Qarın yatalağı xəstəliklərinin cərrahiyyəsi” monoqrafiyasına görə 30-cu illərdə Berlində mükafata layiq görülmüşdü. SSRİ Baş Qospitallar İdarəsinin rəis müavini, Baş cərrahı kimi ən ağır əməliyyatlar keçirmiş, mühüm işlərin öhdəsindən ləyaqətlə gəlmişdi. Eyni zamanda, o, Birinci Dünya Müharibəsinin iştirakçısı, təcrübəli cərrah kimi Marşal Stalinin yaxından tanıdığı məşhur cərrah idi. Ölkənin nüfuzlu ictimai-siyasi xadimi, filosof Heydər Hüseynov, Səməd Vurğun, Üzeyir bəy, Mirzə İbrahimov humanitar və ictimai elmlər sahəsində əvəzsiz idilər. Ölkədə ən nüfuzlu vəzifələr həvalə olunan Heydər Hüseynov Sovet İttifaqında dövlət xadimləri arasında da xüsusi çəkiyə malik idi.
Akademiyanın prezidenti isə Mərkəzi Komitədən 15 təsisçinin içərisindən seçilib təyin olunacaqdı. Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov müharibənin taleyində rol oynayan kəşflərinə, Mir Əsədulla Mirqasımov kəşfləri, eyni zamanda nüfuzuna, təcrübəsinə görə 15 təsisçidən fərqlənirdi. Azərbaycanın birinci katibinin kim olmasından asılı olmayaraq yeni yaranan, özü də Mərkəz – Moskva tərəfindən təsis olunan quruma – Azərbaycan Elmlər Akademiyasının sədr-prezidenti vəzifəsinə təyinata Sovet İttifaqının rəhbəri, Ali Baş Komandan Marşal İosif Vissarionoviç Stalin tərəfindən razılıq veriləcəkdi. Bu gün bunu anlamaq, düşünmək o qədər də, çətin deyil. Azərbaycanın birinci şəxsi ancaq, namizədlər irəli sürə bilər, təqdimat edərdi. Təqdim olunan, eyni zamanda seçilən təsisçilər – akademiklər sırasında ən yaşlısı da, təcrübəlisi də Mir Əsədulla Mirqasımov idi. Üstəgəl, SSRİ Elmlər Akademiyasının Prezidenti akademik V.A.Komarov “Akademik Mir Əsədulla Mirqasımov elmin nüfuzu və vicdanıdır”.
İkinci dünya müharibəsində SSRİ Qospitalları Baş İdarəsinin rəisi, məşhur cərrah, akademik A.M.Zabludovski akademik Mir Əsədulla Mirqasımovun ünvanına “Akademik M.Mirqasımov Azərbaycanda klinika və hərbi-səhra cərrahiyyəsi üçün çoxlu işlər görmüş görkəmli və nüfuzlu alim cərrahdır. N.İ.Piroqov Rusiya üçün nə qədər qiymətlidirsə, o da Azərbaycan üçün o qədər qiymətlidir” fikirləri səsləndirmişdi. İki akademikin, ən əsası SSRİ Elmlər Akademiyasının prezidenti akademik Vladimir Komarovun qənaəti 15 təsisçinin hər birini ixtiralarına, kəşflərinə, əsərlərinə görə ölkənin ən ali mükafatına Stalin Ordeninə layiq görmüş İosif Stalin üçün şərt olmuşdu. O zamanlar indiki kimi deyildi. Başın, yaşın, təcrübənin təyinatlarda xüsusi yeri, çəkisi olardı…
Azərbaycan Elmlər Akademiyası qurulanda Akademiyanın indiki Prezidenti akademik Ramiz Mehdiyevin ikicə yaşı olub. Ayağı təzəcə yer, dili təzəcə söz tutub. Yazmağı, oxumağı, yazılanları yozmağı da qanmayıb. Aylar, illər keçib Nuhun çıxdığı torpaqdan, Şahdağdan, Haça dağdan, Tanrının Əsahibi-Kəhf ucalığından, insana, kadra istedadına, mənəvi zənginliyinə, batini kamilliyinə, nitqinə, məntiqinə, ensiklopedik biliyinə, analitik təfəkkürünə, idarəçilik məharətinə, ən əsası, etibarına, sədaqətinə görə dəyər verən Ulu Öndərin ustad dərslərindən, Sərkərdə-Xaqan ucalığından keçib dünyanın böyük azərbaycanlılarından birinə çevrilib. Kəbəsi Azərbaycan, Qibləsi Ulu Öndər ucalığı, əzəmətiolub!
Şirvanşahlığına məxsus bir köyümüz var: (İndi siyasi xəritə, bölgü baxımından Qəbələ rayonunun ərazisinə düşür) Həzrə kəndi. Həzrət baba piri də deyirlər. Sufi Şeyxi, dərviş olan Həzrət babaya ad olub. 25 il əvvəl ilk dəfə ziyarətinə gedəndə heyrətləndim. Dünyanın heç bir yörəsində nə belə ziyarətgah, nə də belə bir məzarlıq var. Bu müqəddəs məkanda dörd türbə ucalar. Şirvan şahlarının zamanında ucalan türbələr “Bir ustadın dörd şəyirdin” dastanıdır. XIV-XVI əsrləri özündə ehtiva edən qədim Şirvan abidələrindən ustad-mürşid ruhumuzun ucalığı, əzəməti boy verir. I Şeyx İbrahim və Şah Təhmasibin zamanında ucaldılan türbələrdə uyuyan Şeyx Mənsur, onun oğlu və müridləri Tanrının torpaq müqəddəsliyinə qovuşub. Mövlana Barik, Şeyx Bədrəddin Bin Şeyx Şəmsəddin və Şeyx Məhəmməd İbn Barik Azərbaycanın böyük filosof təbiblərindən olublar. Onların hər biri qibləyə deyil, üzü Şeyx Mənsura dəfn olunub. Ustadından keçib şəriət, təriqət, mərifət mərtəbəsinə ucalan, həqiqətə-haqqa qovuşan mürşidlər dünyanın heç bir yörəsində olmayan, yalnız Odlar Yurduna, Azərbaycana məxsus ustad-şəyird, mürşid-mürid ucalığını, mərifət-həqiqət əzəmətini bəşəriyyətə sübut edir. Bu torpaqların bineyi-qədimdən elmi-irfana, hikmətə, hikmət sahibinə dəyər verdiyini, dəyərlərin əyarı olduğunu dünyaya sərgiləyir. Dünyanın möcüzə adında Misir ehramları, Babilin Asma bağları, Halikarnas Movzoleyi, İsgəndəriyyə mayakı, Rodos heykəli daha nələri, kimləri varsa, bizim də ustad-şəyird, mürid-mürşid ucalığımız, müqəddəsliyimiz var.
Xaca Yunus İmrə deyirdi:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun.
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun.
Biz xeyir-dua qıldığımız, həm də xeyir-dua aldığımız üçün İlahi möcüzəsi, Tanrı hikmətiyik!
Qədim-qayım bir şəhərimiz var: Dərbənd!, Təbriz kimi, Naxçıvan, Gəncə, Şamaxı, Bakı kimi cəsarətimizin, məhəbbətimizin, ləyaqətimizin, mənliyimizin, kimliyimizin baş şəhəri – paytaxtıdır. “Seyrə balonlarla çıxan Avropalılar” dünyada çox şeyləri dəyişsə də, Mirzə Kazım bəyin “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən Qəhrəman” deyib, varlığı, məğrurluğu ilə qürur duyduğu İmam Şamilin varisləri – dağlılar hələ də “Göydə Allah, yerdə Ağsaqqal!” deyir. Ağsaqqal dünyanı düzəldər deyir.
1993-cü ildə belə bir durumda idik. Pandemiyadan – izolyasiyadan ağır gündə, üzü Nuhçıxana “Ağsaqqal!” dedik. Ulu Öndərin böyük qayıdışından sonra çox şeylər dəyişdi. Dəyərlərin əyarı gəlmişdi…
Yazı da bir ömürdür – əkirsən, səpirsən, sarı sümbül, çiçək bilib dərirsən, qəlbində yeri olana göndərirsən. Gül dərmək, göndərmək istədim Ustad adına, ustadların xasına. Könlümüzün yolları, açıq, dünyanın o başından gələn bəlaya görə günümüzün yolları qapalı gəldi. Saytların birində xəbər oxudum: Milli dövlətçiliyimizin, milli məfkurəmizin, elmimizin, nüfuzumuzu, Akademiyanın 82 yaşlı Prezidentini Göyçayda (Bərgüşad kəndi indi Zərdab rayonuna baxsa da) Qaraqoyunlu hökmdarı Qara Yusifin, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin, Osmanlı Sultanı Süleymanın sarayını incə ruhlu şeirləri ilə zinətləndirən Həbibinin vətənində – Şirvanda bildim. Oraların qəm köynəkli, yuxa qəlbli, kövrək ürəkli bir şairi də var: Əli Kərim. Sevdiyinə, qəlbinin çəkdiyinə ürəyinin başında, gözünün üstündə görmək istədiyinə üz tutub, həzin-həzin, çıtır-çıtır, cayır-cayır yananda, darıxanda, darda olanda pıçıldayıb:
Qayıt, yerinə qoy Ayı, Günəşi –
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı
Azərbaycan qadını yardır, yoldaşdır, Anadır. Onlar hər şeyi, çox şeyi duyar, anlayarlar. Yurdunu, yuvasını, balasını darda görəndə inandıqlarına, güvəndiklərinə xəbər göndərir, dil açar. “Qayıt, gəl” deyər. Bir zamanlar ustad sənətkarımız Əzizə Cəfərzadə, Mirvarid Dilbazi də üzünü Naxçıvana, Ulu Öndərimizə tutub Qaradaş ucalığı ilə söyləmişdilər: “Qayıt, gəl, Əzizim! Gəl xalqı, Vətəni xilas et”, demişdilər. Xalqdan bixəbərlər: “Adları, mükafatları var. Yəqin ürəklərinə Fəxri Xiyaban düşüb”, yazdılar. Dünyasını dəyişəndə hər ikisinin balışının altından məktub çıxdı. Biri Qazaxda Dilboz Ağanın sərdabəsində – Anasının dərgahında, o biri repressiya qurbanı olan qardaşının yanında – Hacıqabulda dəfn olunmağı vəsiyyət etmişdi…
Ürəyim belə istədi, qəlbim səslədi: “Qayıt yerinə qoy bu kainatı!” dedim. Bölündükcə bölünən, əldən ələ, eldən elə, dildən dilə düşən Azərbaycan naminə qayıt! Qayıt, Ustadların Ustadı! Bütün həyatını bu iki misraya:
Ayrılarmı könül candan
Azərbaycan, Azərbaycan, Azərbaycan!
sevdasına fəda edən Ulu Öndərin Azərbaycançılıq məfkurəsini qoruması, inkişaf etdirməsi, elmi-ideoloji əsaslarının işlənməsi üçün qayıt söylədim. Yollar bağlı olsa, nə olar? Əsas qollardır: Könlümüzün, gözümüzün, özümüzün Ustad məhəbbətinə açılan qolları. Onları Azərbaycan, Azərbaycan, Azərbaycan! nidasına Qılınc çalan, Qələm çalan Babəklərə, Nəsimilərə, Odlar Yurdunun səsi, nəfəsi, əbədiyyət nəğməsi olanlara çox görüblər. Barı, Siz görməyin!
Şərəf Cəlilli