Gör necə keyf çəkməlidi bu əyyam

Səday Səkərli

Ay şair, övladü-vətən xamdı xam,
gör necə keyf çəkməlidi bu əyyam.

Adamları buruntağla çapırlar,
sanki öküzdür, necə eyliyək ram?

Ləyaqətə, şəxsiyyətə var ikrah,
nanəcibə, qəhbəyədi ehtiram.

Qan axıdıb, qala tikib ucaltdıq,
bir gün uçulsa nə deyək bu ehram?

Dünya kimə pəncərədi, qapıdı,
baxmağa yox bir bacamız, ay adam.

Tək donuz ətiylə qutarsaydı, xub,
hür yaşamaq, hür nəfəs almaq haram.

Bir də ayıldıq ki, ötüb, yaş keçib,
ömür tamamdı, ay tamam, il tamam.

Qismətimiz düz yazılıb tanrıdan,
ya kətil, ya dar ağacı, ya edam.