Sənsiz səninlə

Əbil Həsənov
Bu mənzili səninlə bəyənib almışdıq.Nə qədər arzularımız vardı: Bu evə gəlin gətirmək,bu evdən qız köçürtmək. Heyhat, arzu olaraq qaldı. Oğul da evlənəcək, qız da gəlin köçəcək.Təəssüf ki, sən bir də qayıtmayacaqsan. Hər dəfə qapının kilidini açıb içəri girərkən gözlərim səni axtarır.Kaş möcüzə olardı ,yenə əvvəlkitək sən məni qarşılayardın. Amma artıq hər dəfə qarşıma divardan asılmış şəklindən gülümsəyərək çıxmana öyrəşmişəm – insan nələrə öyrəşmir ki?!
Vaxt gedir,mən dəyişirəm, sən isə həmişə gənc qalacaqsan. Üzün qırışmayacaq, saçlarına dən düşməyəcək heç vaxt. Otaqlarda nəyi hara qoymusansa elə də qalıb.Heç kimi qoymuram əşyaların yerlərini dəyişsin.Sənli günlərim məni tək qalmağa qoymur.İllər səni məndən uzaqlaşdırdıqca mən sənə daha da yaxınlaşıram.
Həmin gün heç yadımdan çıxmaz: İşdə idim.Birdən evdən zəng gəldi:-“Ata, balaca qaqaşımız bayaqdan ağlayır.Ana da yatıb, qaqaşla nə balacanın səsini kəsə nə də ananı oyada bilirik. Tez gəl, nə olar!:”-qızımız ağlayaraq dedi.Mən evə necə gəldiyimi bilmirəm.Uşağı qucağıma alıb sənə tərəf gəldim. Sən əbədi yuxuya getmişdin.Gözlərindən isə bir neçə damcı yaş axaraq yanağında qurumuşdu.Uşaqların üçü də ağlayırdılar.
Həmin vaxtdan illər keçib.Çətinliklə də olsa uşaqları böyüdürəm.Kiçik oğlumuz hər gecə məndən nağıl istəyirdi: -Ata, mənə nağıl danış. Elə nağıl danış ki, anam da orada olsun, mən də.O biri uşaqların anası kimi məni bağçaya aparsın,baxçadan gətirsin.”-deyirdi. Mən də ona cürbəcür nağıllar uydurub danışırdım.O da bu nağıllarda öz analı dünyasını yaradaraq yuxulayırdı.Hər gecə yuxularıma gəlib uşaqlara baxaraq tez də gedirsən.Bir dəfə çətinliklərə dözməyib evlənmək də istədim.Sən yenə yuxuma gəlmişdin.Ağlaya-ağlaya:-“Yanımda yer yoxdur, yoxsa uşaqları da aparardım.”-dedin.O gündən bu mövzunu bağladım.Mən sənsiz də olsa səninləyəm! Həmişə səninlə olacam!