Fuad Muradovun Fransa axtarışları

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycan hakimiyyəti adından Avropadakı azərbaycanlılarla bağlı müəyyən sövdələşmələrə cəhd etdiyi bildirilir. Məsələn, Fransada açılan cinayət işində qeyd olunur ki, Fuad Muradov 11 iyun 2018-ci ildə Fransaya qeyri-rəsmi səfər edib. Səfər zamanı Azərbaycanın Fransadakı səfirliyi vasitəsilə Fransanın daxili işlər nazirinin diplomatik məsələlər üzrə müşaviri Frederic Jungla görüşüb.

Görüş zamanı Frederic Junga bildirib ki, Azərbaycan hakimiyyəti, ölkə rəhbərliyi Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Azərbaycana göndərilməsini istəyir.

Bunu Azərbaycan prezidenti İlham Əliyevin adından söyləyir. Təbii ki, hüquq mühafizə orqanını təmsil etmədiyi halda, işi yalnız Azərbaycandan xaricdə yaşayan azərbaycanlılarla əlaqə yaratmaq olan bir şəxsin bu istəyi maraqla qarşılanır. Etik halda bu istəyin mümkünsüzlüyü bildirilir. Muradov israr edir. Bu halda ona təklif edilir ki, bu təklifi Azərbaycan prezidenti səfərlərində özü Fransa rəhbərliyinə çatdırsın. Lakin iki ilə yaxın müddət ərzində bu məsələ dilə gətirilmir. Fransa polisinin rəhbərliyi də məsələnin Fuad Muradovun şəxsi təşəbbüsü olduğunu düşünərək bu məsələni bu günlərdə araşdırmağa verib. 

Beləliklə məlum olur ki, Fuad Muradovun adı hazırda iki ölkədə hüquq mühafizə orqanlarında qanunları pozan şəxs kimi qeyd olunur. Bizdə olan məlumata görə, artıq Niderland Krallığı hüquq mühafizə orqanları da Muradovla bağlı müəyyən araşdırmalara başlayıblar. Güman ki, yaxın gələcəkdə Fuad Muradov Avropa dövlətlərinin hüquq mühafizə orqanlarının suallarına cavab verəsi olacaq. 

Araşdırmalarımız isə davam edir. Bizə yazmaq, etirazını bildirmək, mövqeyinin dərc olunmasını istəyən şəxslər timetv1000@gmail.com ünvanı ilə əlaqə yarada bilərlər. Biz hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Time.tv