Azərbaycanda inzibati namussuzluq patentləşdirilir

Azərbaycan polisi AXCP Salyan şöbəsinin fəalı Əlizamin bəyə qarşı ağır cinayət törədib. Bu, Azərbaycan xalqı na qarşı təhqiramiz formada həyata keçirilən bir cinayət faktına görə Əlizamin bəyin susmaması ilə bağlıdır…
Bu məsələ artıq xeyli müddətdir ki, ictimai müzakirələrdə var, amma ictimai qınaq adekvat deyil. Daxili İşlər naziri Vilayət Eyvazovun Salyan polisində mühüm vəzifədə işləyən Həmzə adlı qohumu rayonda bir gənc qızın namusuna təcavüz edib. Bu hadisə həmin xanımın həyatını, əlbəttə, puç edib və Əlizamin Salayev bu faktı ictimailəşdirməklə kifayətlənməyib, Həmzə adlı həmin polisin törətdiyi cinayətə görə cavab verməli olduğunu deyib, onunla mübahisə edib. Bu faktlar da artıq ictimaiyyətə bəllidir.
Burdaca dərhal əlavə edim ki, bu faktla bağlı nə ölkənin özündən deyən vətəndaş cəmiyyəti fəallları, nə də Salyanda yerli ictimaiyyət gərəkli etiraz bildirib. Hamının susmağa üstünlük verdiyi, ya qorxudan, ya da «məni vurmayan ilan min il yaşasın» məntiqi ilə süründüyü zamanda Əlizamin Salayev bu iyrənc faktı ictimai mühakiməyə təqdim etmək üçün əlindən gələni edib.
Bundan sonrası da hamıya bəllidir: Əlizamin Salayev Bakıda yeməkxanaların birində nahar etdiyi zaman polis əməliyyatçılar tökülüşüb onu həbs ediblər, aparıb ölümünə işgəncə veriblər. Bu zorakılığa qarşı da AXCP üzvlərini və bir neçə ictimai-siyasi fəalı çıxmaq şərtilə səsini çıxarmağa cürət edənlər çox olmayıb.
Bütün proses Azərbaycan polisinin sıralarında get-gedə daha artıq vəhşiləşmə əlamətlərindən biri ilə başlayıb. Təkrar edirəm, Salyanda polis zabiti bir gənc xanımın namusuna təcavüz edib, yerli fəal Əlizamin Salayev bu murdar əmələ qarşı etirazını bildirib, bu etirazı ictimailəşdirib. İndi onun başına gətirilənlər, əslində həm də ona görədir ki, cəmiyyətə cəsarət nümunəsi göstərib. Amma axı, bu məsələnin daha dərin kökü var. Yəni, gerçəkdənmi, Azərbaycanda dövlət məmurunun, polis nəfərinin və ya fərqi yoxdur, zabitinin ölkə vətəndaşlarının namusuna təcavüz etmək hüququ patentləşdirilir, həm də necə?
Bu etirazlardan sonra həbs edilən Əlizamin Salayevə qarşı Bakıda, 8-ci polis bölməsində vəhşicəsinə işgəncə verilib, onun qasıq yırtığı partlayıb. Üstəlik, bu işgəncə prosesi də elə həmin polis bölməsində videoya alınıb, sənədləşdirilib. Nəyə görə sənədləşdirilib ? Ona görə ki, indicə qeyd etdiyim kimi, Azərbaycanın dövlət məmurları Azərbaycan xalqına qarşı bütün növ vəhşilikləri patentləşdirməyə başlayıb. Bu işgəncələr, təhqirlər, təcavüzlər polisin və sair dövlət qurumlarının yazılmayan Konstitusiyon haqları kimi qeydə alınır.
İşgəncə nəticəsində yaranan xəsarətlər o qədər ağır olub ki, hətta Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında da onu əvvəlcə qəbul etmək istəməyiblər.
Bu hadisədən çıxan nəticələri bir daha təkrarlamaq istəyirəm. Nəticə budur ki, azərbaycan cəmiyyəti inzibati heyvərəliklərin qarşısında sındırılır, məqsədli şəkildə sındırılır, bu, dövlət siyasətidir ;
-nəticə budur ki, Azərbaycan cəmiyyəti təhqirlərə qarşı müqavimət immunitetini itirib, ya tamam itirib, ya da tamam itirmək üzrədir. Axı, ola bilməz ki, o boyda ərazidə (bu halda söhbət Salyan rayonundan gedir) yerli ictimaiyyət bir polis zabitinin namussuz hərəkətlərinə qarşı ciddi bir etiraz göstərməsin. Həmzə adlı həmin o nadürüst polisin bu əməli ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi, görünür, gözləniklən həyəcanların qarşısını almaq üçün onu rayondan kənarlaşdırdı, amma həyatın ahəngini pozan heç bir prosesin əlaməti görünmədiyi üçün qaytardılkar geriyə ki, işinə davam et.
-daha bir nəticə budur ki, bundan sonra bu cür halların sayı artsa, nəhayət, bir prosesə çevrilsə, heç kim təəccüblənməsin. Əhaliyə qarşı təcavüz polisin və başqa dövlət məmurlarının haqqı kimi sənədləşdirilib və bu, Azərbaycan cəmiyyətinin sükutla verdiyi razılıq əsasında baş verib…
Yeri gəlmişkən, özünü müxalifətçi və ya müstəqil namizəd kimi seçki prosesinə toxuyan deputatlığa namizədlərin belə heç birinin bu hadisə ilə bağlı cınqırı çıxmamaqdır. Niyəsi də aydındır: onların mütləq əksəriyyəti (ya da elə hamısı) sədəqə kimim verilə biləcək mandat ehtimalına görə bu inzibati namussuzluq qarşısında susmağa üstünlük verməli olublar.

Qənimət Zahid