Cəmil Həsənli
İki icra başçısı tutulub. Nizaməddin Quliyev Tatarovdan növbəti rüşvəti qəbul edəndə onun otağındakı televizorda İlham Əliyevin reklam çarxı fırlanır və o, deyir ki, “Azərbaycan güclü dövlətdir, onun gücü ordusu var!” Elə bu sözlərin sədası altında icra başçısı püşvəti alır və əlindəki pul bağlamasın Tatarova uzadır ki, ala bundan min manat sən götür. Cəmiyyətə təqdim olunan rəsmi məlumatın sonluğu çox maraqlıdır. Orada deyilir ki, bu adamlar təkrar rüşvət aldıqlarına görə tutulublar. Bu ifadə ictimai məzmununa görə yeni bir termindir.
Tatarov kamera qarşısında nə deyir? Deyir ki, 20-yə yaxın kəndə, qəsəbə və şəhər icra nümayəndələrindən hər ay toplanan pulu ərazi idarə etmə orqanları şöbəsi üç min, iki min, birindən bir min, ikisindən adambaşı beş min pul toplayıb mənə gətirir və mən də həmin dəqiqə Nizaməddin müəllimə çatdırırlam. Rayonda rüşvətdən kənar bir sahə yoxdur. Məktəb direktorları, səhiyyə idarələri və məntəqələri, iş adamları hamısından aylıq “haqq” alınıb. Rüşəvət kimi natəmiz əməl bizim ölkəmizdə “haqq” donuna girib.
Nizaməddinin seyfindən dövlət işinə aid bircə sənəd belə çıxmadı. Çıxan sənədlər hamısı rüşvət hesabatları, vəzifəli şəxslərin və iş adamların verdikləri rüşvətin öz dəsti xətləri ilə yazdıqları hesabatlarıdır. İlham Əliyev belə mütəşəkkil rüşvət və korrupsiya şəbəkəsi yaratdığına görə Nizaməddin Qiliyevə şöhrət ordeni vermişdi. Yəqin o ordeni də rüşvətlə alıb Niyaməddin. Hələ üstəlik oğlun da elə həmin qaydada korrupsiyaya qarşı mübarizə idarəsinə, digərini də rayon hakimi vəzifəsinə yerləşdirib.
Yevlaxın yaxın günlərdə işdən azad edilmiş icra başçısı Qoca Səmədov da saç – saqqalını rüşvətlə ağardıb. Onun suçu (hələlik) saxta iş yerlərinin pul kartlarını özündə saxlayıb küllü miqdarda dövlət vəsaitini daldalamaqdır. Az əvvəl Xaçmazı ata mülkünə çevirmiş Şəmsəddin Xanbabayev haqqında məlumat yayılmışdı ki, Prezidentin Aparatının kvotası üzrə açılan 600 saxta iş yerinin ölü canlarından 520-sinin pul kartı Xanbabayevin nəzarətində olub. Vəzifədən çıxaran kimi dərhal YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.
İlham Əliyev Nizaməddinin, Qocanın, Xanbabayevin ölü canlarını diri bilib bir milyon yarımdan artıq iş yeri açdığın bəyan edirdi. Keçmiş rabitə naziri yazılı və şifahi ifadə verdi ki, hər 350 min manat həçmində paket alıb. Tək Nizaməddin və Tatarov deyil, hamısı belədir. Heç monqol-tatar işğalı dövründə Azərbaycanda rüşvət İlham Əliyevin idarəçiliyi dövründə olduğu kimi şəbəkələşməmişdi. İstisnasız olaraq bütün icra başçıları bütün kənd icra nümayəndələrindən, rayon və şəhər idarələrindən, məktəb direktorlarından, səhiyyə təşkilatlarından, iş adamlarından, bazarlardan, bir sözlə əlinə pul dəyən hər kəsdən aylıq rüşvət yığırlar. Bu məmləkətin hər məclis seçkisində deputat yerlərin hərraca çıxarıb mandat satıblar.
Naziri belə, prokuroru belə, polisi belə, məhkəməsi belə, rektoru belə, əl-qərəz Azərbaycan adlı məmləkətdə rüşvət və korrupsiyadan kənar həyat yoxdur. Bu rüşvət və korrupsiya sistemini yaradan, onu şəbəkələşdirən, onun başında dayanan bilavasitə İlham Əliyevdir. Elə Nizaməddin tutulan gün məlumat yayıldı ki, İlham Əliyevin qızları Maltadan Dubaya 15 milyon avro pul transferi ediblər. Hakim ailənin dünyanın az qala bütün eqzotik adalarını bürümüş bu qədər pulu haradandır?
Balıq başdan iylənər. Amma bizim balığın iylənməyən bir yeri qalmayıb. Nizaməddin, Qoca, Tatarov və başqaları İlham Əliyevin rüşvət və korrupsiya maşının olsa-olsa xırda vintçikləridir. Çox islahat-mislahat deyirlər. Özünüzü yormayın, işləməyəçək o islahat. Çünki o islahatı elə korrupsiya şəbəkəsinin başında dayanan İlaham Əliyev Nizaməddinlə, Qoca ilə, Tatarovla aparırdı. İslahatın “uğuruna” görə Nizaməddinə “Şöhrət” ordeni, işi ancaq icra başçısına pul daşımaqdan ibarət olan Tatarova ” Tərəqqi” medalı verirdi.