Hər şey tərs gedir…

Problem bir deyil, beş deyil, amma, beş oldu. Problem deyil, marşrutda gəliş-gediş edən sərnişinlərin minimum yaş həddi belədir. Yəni, 05. 12. 2019- cu il tarixində televiziya kanallarından belə bir rəsmi məlumat açıqlandı ki, əvvəllər 6 yaşdan yuxarı sərnişinlər üçün ödənişli xidmət nəzərdə tutulduğu halda, ictimai nəqliyyatda artıq ödənişli xidmət 5 yaşdan yuxarı olan sərnişinləri əhatə edəcək. “İslahatlar” vəziyyəti yumşaldar dedik tərsinə oldu. Belə olan halda maraqlı bir sual çıxır ortaya ki, uşaq pulunu verə bilmədiyini deyib, zəruri məsuliyyətindən yayınan bu hökumətin uşaqların ictimai nəqliyyatdan istifadəsi üçün tələb etdiyi pulu valideyin haradan almalıdır, hələ onların digər tələbatlarını demirəm. Belə olanda normal deyilmi ki, həmin xəbərin ardınca eyni televiziya kanallarında bir neçə rayonlarda məhz həmin gün baş vermiş ogurluq, qarət və qəsb halları barədə xəbər yayımlanir. Həqiqətən də “islahatlar” heyrətləndirici olmasa da hiddətləndirici olmağı bacardı. Əlbəttə, haqsızlığa və Haqqı tanımayanlara lənət. Amma, bu ayrı məsələdir. Belə bir misal var ki, “Qizdirmanin qarşısını almaq istəyirsənsə ağcaqanadı məhv etməlisən, ağcaqanadı məhv etmək üçün isə çirkab və bataqlığı qurutmalısan”.

Nəqliyyata dair daha öncəki “islahatı” da vurğulamaq yerinə düşərdi ki, əvvəllər ictimai nəqliyyatda gedişhaqqı 0.20 AZN olduğu halda, bu rəqəm birdən birə 50% artaraq 0.30 AZN oldu hətta bəzi marşrutlarda bu məbləğ 0.35 AZN -ə dək yüksəldi.

Bütün bunlarla təkcə bir sahənin-nəqliyyatın problemlərinin yekunlaşacağını güman etsək də, daha bir problem özünü qabarıq bir şəkildə biruzə verir ki, mən hələ ki, həll tapmamışam. Belə ki, yollarda məlum tıxaclar səbəbiylə böyük problemlər yaşanırdı və indi də bu poblemlər qalmaqdadır. Baş verən islahatların bir qolu da elə bu probləmə yönəldi. Bəzi yollarda əlavə hərəkət zolaqları inşa edilir ki, bu yol təmirləri də “fairy” dən daha təsirli çıxıb bitmir ki, bitmir. Hər iki aydan bir sökürlər – tikirlər. Yollar təmirə dayanır və onsuz da tıxac olan yollarda hərəkət tamamən iflic olur ki, bu da işə gedəni gecikdirir, evə tələsəni isə yolda qoyur. Təbii ki, bu vəziyyət insanların rəftarına da öz “tövhə”sini verir . Belə ki, dövlət kanallarında hər gün standart olaraq yayımlanan “islahat”lı xəbərlərin ardınca belə bir xəbər də yayımlandı ki, 166 saylı marşrutun sürücüsü sərnişini döyərək ona ciddi xəsarət yetirib. Onu da qeyd etmək lazımdır ki, hazırda marşrut şoferlərini də necə ki, dövlət qurumlarında olduğu kimi işini bilənlərdən yox, vəziyyətdən çıxmağı bacaranlardan seçirlər ki, ancaq işləri getsin. İşlər də belə olanda gedir getməyinə , amma, kəllə-mayallaq gedir. Necə ki, yolları əvvəl tikib, sonra qazırlar, buna bənzər iş sistemi də elə məhz ictimai nəqliyyatın idarə olunması üçün qurulub. Bu baş-ayaq iş görənlər yuxarıda qeyd etdiyim kimi hər iki-üç aydan bir yol çəkir. Necə ki, Bakı- Sumqayit yolunda bu proses –“təmir” mütəmadi olaraq təkrarlanır. İndi də əlavə hərəkət zolağı salınır deyə yenə yolları bağlayıb əhalini əziyyətdə, sərnişinləri yolda qoyurlar. Amma qəribədir ki, bu boyda dövlət müəssisəsində bir məssəbli adam yoxdurmu ki, belə bir sadə təşəbbüs irəli sürsün ki, Bakı və Sumqayıt kimi ölkənin iki əsas sənaye şəhəri arasında əlaqəni təmin edən yeganə yolu bağlayıb, hərəkəti dayandırıb , vəziyyəti daha da çətinləşdirməkdənsə alternativ yol çəkilsə daha səmərəli olar, nəinki yolları qazıb, körpüləri tərpətmək…

Madam ki, mövzu elə özü gəlib körpüdən keçir elə bu məsələni də vurğulamaq yerinə düşər ki, paytaxtımızda bəzi körpü və yol qoşaqları öz funksiyalarını artırıb və yeni missiyanı da gerçəkləşdirir. Belə ki, üçüncü mikrorayon ərazisindəki körpünün altındakı yol qovşağında hər gün onlarla insan öz balta, çəkic, kimi alət və ləvazimatlarıyla gözləyirlər ki, bir Allah bəndəsi (Məşhədi İbad kimisinin biri) gələr və hansısa bir məişət işinə görə işçiyə ehtiyac duyar və onlar da bir abbası qazanıb evinə çörək aparar. Bizdə inkişaf çox sürətli gedir, amma, deyəsən geriyə doğru. Necə sürətli gediriksə bir də gözümüzü açırıq ki, XIX əsrin ortalarındayıq sanki. Bəlkə də biz yuxudayıq, elə buna görə də zaman –məkan xaricində hərəkət edirik və əsrlər əvvəl yaşanıb bitmiş olmalı problemləri bu günümüzə daşıyıb , üstəlik bu probləmləri hələ də qoruyub saxlayır və o dövrün rejimində yaşamağa özümüzü məhkum edirik.

Cümlətən düzəlmək arzusuyla…

Ramilə Kərimova