Cəmil Həsənlidən deputat haqda “zərbül status”

Eşitdim Aynur Camalqızı “Yeni Müsavat” ruzi(naməsində) Əli Kərimli haqqında bir məqalə yazıb. Doğrusu, bu ruzi(namədən) iyrəndiyim üçün oxumadım. Amma mənə zəng edən bir dostumuz söhbətin gedişində Camalqızının cənbəli-coşəl cızmaqarası haqqında da bir şeylər dedi. Və mən də keçmiş günlərdən zəng edən dostumuza bir əhvalat nəql etdim. İndi qulaq asın həmin əhvalatı Sizə də danışım.

Camalqızı Milli Məclisdə mənimlə bir “partada” və bir otaqda otururdu. Deputatlara köməkçi ştatı veriləndən sonra o, əvvəlcə bir oğlanı köməkçi götürmüşdü. Nə baş verdisə, bu oğlanı bir neçə ay sonra uzaqlaşdırdı. Sonra bir qızı köməkçi götürdü. Çox tərbiyəli, səmimi və işgüzar bir qız idi. Otaqda Aynurun yerində otururdu. Bir müddət sonra gördüm bu qız çox narahatdır və sözlü adama oxşayır. Soruşdum nə olub, niyə narahatsan? Dedi Cəmil müəllim utanıram deməyə. Çox təkidlərdən sonra köməkçi həmin dövrdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin (ehtiyat) üzvü olan Aynur Camalqızının onun başına gətirdiyi hekayəni nəql etməyə başladı.

Dedi Aynur məni işə götürəndə şərt kəsdi ki, bizim deputat kimi bəzi texniki məsələlərə xərcimiz çıxır və ona görə də hər ay əmək haqqının gərək 100-200 manatın verəsən mənə. Mən razılaşdım. Lakin az sonra Milli Məclisdə əmək haqları kart sisteminə keçirildiyi üçün Camalqızı kəmali-ehtiramla bu köməkçinin əmək haqqı kartın alıb qoyub çantasına. Amma sonra nədənsə kartı qaytarmaq “yadından” çıxıb. Köməkçi bir neçə dəfə kartı geri almağa təşəbbüs göstərsə də, bir şey hasil olmayıb.

İnsafən Aynur Camalqızı hər ayın sonunda köməkçinin əmək haqqın kartdan çıxaranda ona da bir şey verirmiş. Amma köməkçi and-aman edirdi ki, nə hər kvartal yazılan mükafatların, nə bəzi bayramlarda pul yardımlarının, nə də 13-cü əmək haqqının haradan gəlib hara getdiyindən onun xəbəri olmur.

Həmin vaxt Milli Məclisin komissiyalarının birində işləyən bir ekspert də bu söhbətin iştirakçısı oldu. İş böyüdü və gedib rəhbərliyə çatdı. Rəhbərlik məsələni ört-basdır etmək üçün təcili mühasibata göstəriş verdi ki, bu köməkçi qızın Aynur Camalqızında olan kartını ləğv edib, ona yeni əmək haqqı kartı versinlər. Belə də oldu. Məsum köməkçi sonuncu ayın əmək haqqını tam ala bildi. Ona görə sonuncu ay deyirəm ki, daha Aynur Camalqızı bu əhvalatdan sonra onu işləməyə imkan vermədi (və hətta evlərinə gedib ona hədə-qorxu gəlmişdilər) və Tale Şahsuvarlını onun yerinə köməkçi götürdü.

Görünür ölkədə ölçü hissi tamam-kamal itib. Namuslu, vicdanlı, bu millətin haqqı və hüququ uğrunda əyatın riskə qoyan adamlara atılan böhtanlara səssiz qalmaq, ona şərik olmaq kimi bir şeydir. Belə əməllərin sahibləri ölkənin namuslu vətəndaşları haqqında “Yeni Müsavat” ruzi(naməsində) böhtan yazanda köməkçi qızın bu qəmli hekayəsi yadıma düşdü. Səhv etmirəmsə o, qızın adı Rüxsara idi.”