Cəmil Həsənli
- Günümüzün hadisəsi, İlham Əliyevin Valday “epopeyası” və onun ölkəmizin bu günü və sabahı üçün sual doğuran məqamlarını Sizinlə bölüşməyi daha vacib hesab edirik.
İlham Əliyevin Valday çıxışı və Putinin ünvanına səsləndirdiyi “qanadlı” ifadələr mənə bir vaxtlar Heydər Əliyevin Brejnevin ünvanına səsləndirdiyi ifadələri xatırlatdı. O, Putinə öz sədaqətini belə ifadə edir: “Mən Vladimir Vladimiroviçin çıxışını böyük maraqla dinlədim və hər məsələdə onunla razıyam. Minilliklərin sərhədində Rusiyada yaranmış vəziyyətdən bəhs edərkən onun demədiyi yeganə məsələ budur ki, Rusiyanın çox ağır sınaqlardan şərəflə çıxmasında əsas amil Vladimir Putin amilidir. Bu, həqiqətdir, bunu hamı bilməlidir. Məhz onun cəsarəti, qətiyyəti, müdrikliyi, vətənpərvərliyi sayəsində Rusiya ən çətin sınaqlardan çıxdı və bu gün dünyanın aparıcı böyük dövlətidir.”
İndi gəlin Heydər Əliyevin Brejnevə dediyi tərifnaməyə diqqət yetirək: “Müasir dövrün görkəmli siyasi xadimi Leonid İliç öz müdrikliyi və prinsipiallığı, tükənməyən enerji si və təşkilatçılıq istedadı, təvazökarlığı və sadəliyi ilə… bütün sovet xalqının sevgini və minnətdarlığını qazanmışdır….Yoldaş Brejnevin ictimai tərəqqi, sülh və xalqların təhlükəsizliyi naminə dərin humanist fəaliyyəti layiqincə tanınım böyük hörmət qazanıb…Yer üzünün bütün xoşməramlı insanları deyirlər: Əziz Leonid İliç, sülhə görə, bu əvəzsiz sərvətə görə çox sağ olun.” Yarım əsrdən artıqdır Əliyevlər Rusiyaya xidmət edirlər, rus hakim elitasına yarınmaq üçün dəridən qabıqdan çıxırlar, Rusiya avtoritarızminə difiramba oxumaq, övgü söyləməyin leksikonunu zənginləşdirir, özlərini Rusiyanın ”canişini” kimi aparır, faktiki olaraq Azərbaycanda Kremlin “5-ci kolonu” funksiyasını icra edirlər.
Doğrusu ölkə içində xalqın qəzəb və nifrəti, ölkə xaricində beynəlxalq təcridlə, etimadsızlıqla üzləşən İlham Əliyevin Putin avtoritarızminin peykinə çevrilməkdən, Moskvaya biyət etməkdən başqa ayrı bir seçim imkanı da qalmayıb. Onun Kremlə bu reveransı Qərbi aldatmaq limitinin tükənməsi, hakim ailəyə məxsus geniş korrupsiya şəbəkəsinin təhlükə riskinə düşməsi, rejimin ABŞ-da başlıca lobbi şəbəkəsi olan Gülənçiliyin iflası, uzun müddət Birləşmiş Ştatların hakim elitasında təmsil olunan rejim “dəstəkçilərinın” idarəçilikdən uzaqlaşdırılması, Bakıda diplomatik missiyasını başa vurduqdan sonra Əliyev xanədanının korrupsiya cazibəsində “iş ortaqlığı” yapan keçmiş səfirlərin etimadsız duruma düşməsi, uzun müddət Əliyevlərin transmilli korrupsiyasının “cazibəsinə” düşmüş Avropanın öz dəyərlərini xilas etmək cəhdləri və s. bağlıdır.
Valdayda (!) işarəsi ilə gündəmə gələn İlham Əliyevin portreti bu gün ABŞ-ın insan haqları muzeyindəki “Current Dictators” sərgisində öz xalqına divan tutan Ekvatorial Qvineyanın prezidenti Teodoro Obiang Nguema Mbasogo, hakimiyyəti 1949-cu ildən başlayaraq ata və babasından miras kimi almış Şimali Koreya totalitarı Kim Jong-un, Suriyanı viran qoymuş Hafiz oğlu Bəşərin portretləri ilə yan-yana dayanır. O, öz “uzaqgörən” və “təşəbbüskar” siyasəti ilə Ağ Evdə və Dövlət Departametində fəxri Mr.Fake News ləqəbini qazanıb. Belə ləqəbi olan bir ölkə başçısının Paşinyanın Nyu York Manhettenindəki “nöqtə” diplamatiyasına Valdayda valaylayan (!) həyəcanı, azad dünyadan dəstəyini itirib, həmin dünya üçün təhlükəyə çevrilən Putindən dəstək ummaq cəhdləri idi. Çox faciəlidir, həm ölkə üçün, həm də Əliyev xanədanının özü üçün! Bu rejim elə dəhşətli formada xalqın və beynəlxalq birliyin dəstəyin itirib ki, nəinki Rusiya, hətta böyük milyonlar hesabına sıx əlaqədə olduğu beynəlxalq kompaniyalardan gizli yollarla aldığı, Səudi Ərəbistanın tanınmış jurnalist Camal Kaşıkçının izlənməsində istifadə etdiyi ən müasir innovativ texnoloji avadanlıq belə onu bu iflasdan xilas edə bilməz.
Öz ölkəsinin müxalifətindən başqa ölkənin prezidentinə şikayət edən ölkə başçısı prezident yox, həmin ölkənin orden-medalları ilə sinəsi bəzəmiş, erməni işğalına açıq və gizli formada rəvac vermiş xarici qüvvəyə vassalıq edən “5-ci kolon” marionetidir. Bunun ayrı bir adı yoxdur. Ata Əliyev dövründə azadlığını itirən xalq, oğul Əliyev dövründə vassal bir əraziyə çevrilmək təhlükəsi altında müstəqilliyini də şübhə altına salmaqla üz-üzə dayanıb. Rejim çökdükcə, xalq arasında dayaqların itirdikcə, beynəlxalq dəstəkdən məhrum olduqca Şimal qonşudan vassallıq asılılığı real təhlükəyə çevrilir. Doğrusu, ərazisi işğal altında olan bir ölkənin hakimiyyəti müdafiə xərclərin oğurlayıb ofşor hesablara yerləşdirirsə, “Rossobornexport”la silah müamiləsindən “otqat” alırsa və həmin “otqat” hesabına 800 min avroluq diş düzəltdirisə, həmin ölkə başçısından ciddi bir mənəvi dəyər, prinsipial bir mövqe gözləməyin mənası yoxdur. Onun yeri Nyu York yox, elə Valdaydır!
Uzun müddət ölkə içində danışdığı yalanları İlham Əliyev böyük pafosla Putinə də sırıdı. Amma bu yalanlar əslində Putinə də sərf edir. Aleksandr Puşkinin bir obrazında olduğu kimi o, da özünü Mr.Fake News-un şirin yalanlarına inandırmağa məcbur edir. Çünki iri həcmli hərbi-texniki əməkdaşlıq korrupsiya ortaqlığı üçün geniş imkanlar yaradır. 16 ildir ölkəni çökürdən, hökumət adına təmsil etdiyi çetə dəstəsini faizə oturdan, kalkulyatorlu prezident kimi faiz əmsalları üzərində büdcəni talayan Əliyev rejimi məhz, həmin qayda ilə də özünün xarici korrupsiya ortaqlarına “əməkdaşlıq adı altında” xərac ödəyir. Hər beş ildə beş milyardlarla hesablanan Rusiya ilə silah ticarətinin gerçək nəticələri nədən ibarətdir, işğal altında olan hansı ərazilər azad olunub, nə qədər bu millətə Cocuq Mərcanlı nağılı danışmaq olar? Bəlkə tərəflər bir dəfə bu sual üzərində də fikir mübadiləsi aparsınlar. Beş il əvvəl ilə müqayisədə Azərbaycan – Rusiya ikitərəfli ticarət dövriyyəsi təxminən 2 dəfə aşağı düşərək 4 milyarddan 2,5 milyarda enib. Bu hər iki ölkəni, xüsusi ilə Azərbaycanı vuran böhranın aydın bir göstəricisidir.
Dünya reytinq cədvəlini bircə ali məktəbi belə düşə bilməyən ölkənin prezidenti Azərbaycanda Moskva Dövlət Universitetinin, Birinci Moskva Dövlət Tibb Universiteti filiallarının Valday hesabatını verir. 16 illik idarəçiliyi dövründə ölkəni yarınım azad ölkədən qeyri azad ölkəyə çevirən İlham Əliyev öz xalqı qarşısında hesabatlılıq hissini itirdiyindən, ölkədəki gerçək yoxsulluq səviyyəsindən bixəbər olduğundan Valday klubu tribunasından bəyan edir ki, “yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib.” Görünür adamın hətta rəhbərlik etdiyi ölkənin Statistika Komitəsinin rəqəmlərindən belə xəbəri yoxdur. Statistika Komitəsinin əhalinin gəlirləri haqqında açıqladığı rəqəmlərə diqqət yetirəndə məlum olur ki, işsizlər bir yana qalsın, hətta ölkədə işləyən əhalinin 23 faizinin qazancı minimum əmək haqqından aşağı səviyyədədir. Bundan əlavə Dünya Bankının Azərbaycanda yoxsulluqla bağlı rəqəmləri açıqlanıb. Həmin rəqəmlərdə göstərilir ki, Bakı şəhəri üzrə yoxsulluq həddi 19 faiz, regionlar üzrə 33 faiz, respublika üzrə orta göstərici isə 24 faizdir. 24 faiz nə deməkdir? Bu o deməkdir ki, ölkədə hər 4 nəfərdən biri, hər 4 ailədən biri yoxsulluq həddində yaşayır. Əslində, respublikada yoxsulluğun real mənzərəsi bu rəqəmdən kifayət qədər yüksəkdir. Bu məsələ ilə bağlı tanınmış iqtisadçı, ADR hərəkatının rəhbəri professor Qubad İbadoğlunun təhlilləri daha həyati, daha gerçəkdir. 2005-ci ildən İlham Əliyev real həyatdan tamamilə uzaq olan 49 faizdən 5 faizə “endirdiyi” yoxsulluq həddi ilə uzun illər Azərbaycan cəmiyyətin, son illər isə beynəlxalq auditoriyaları manipulyasiya edir. Görünür, 2006-cı ildən uşaq pulların cənab Əliyev yoxsulluq səviyyəsini 5 faizə endirmək nağılına özünü “inandırdığına” görə ləğv edibmiş.
Amma görürsünüz ölkənin içində işsizliklə bağlı tez-tez təkrarladığı analoji rəqəmlərin üzərindən sükutla keçir. Çünki adamdan soruşarlar ki, siz ki, bu qədər iş yeri açmısınız, bəs 2 milyondan artıq iş qabiliyyətli azərbaycanlı niyə öz yurdundan cəlayi-vətən olub Rusiyanın düzlərində iş, çörək, dolanışıq axtarır? İlham Əliyevin sözlərinə inansaq 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatında 2.2 milyon iş yeri yaranıb və hətta, həmin iş yerlərindən təxminən 73%-i, yəni 1.6 milyonu daimi iş yerləri imiş. Ölkənin aparıcı müstəqil iqtisadçılarından olan Rövşən Ağayev bu günlərdə “Baku Research İnstitute” onlayn nəşrində haqlı olaraq belə bir sual qoyur: “Paradoksdur ki, rəsmi statistikanın dəstəyi ilə yeni iş yerləri açılması istiqamətində geniş təbliğatın aparıldığı bir ölkədə insanların ən çox əziyyət çəkdiyi problemlərin başında işsizlik gəlir. Bu baxımdan cəmiyyət haqlı olaraq sual verir: əgər gerçəkdən hər il yüz minlərlə iş yeri açılırsa, nə üçün ölkədə insanlar iş ardınca qonşu ölkələrə miqrasiya edir, etiraf edilməyən gizli işsizlik böyük miqyasa malikdir?”Budur real mənzərə, budur cənab Əliyevin cəmiyyəti manipulyasiya etdiyi rəqəmlərin gerçək üzü və görünməyən astarı.
Görsənən odur ki, Əliyev rejimi yalnız siyasi, iqtisadi və sosial baxımdan deyil, milli və mənəvi baxımdan da iflasa uğrayıb. İqtisadiyyatın şəbəkələşməsin vəd edən cənab Əliyev, əvəzində ölkədə mükəmməl korrupsiya şəbəkəsi bərqərar edib, hüquqi dövlət vəd edib əvəzində oğru qaydaları bərqərar edib, sosial rifah vəd edib əvəzində xəzinə üzərində oturan dilənçi məmləkəti bərqərar edib. Öz sosial, ictimai, hüquqi, milli və mənəvi məzmununa görə Əliyev rejimi hazırda ölkə üçün ən ciddi təhlükəyə çevrilib. İstər ölkə içində, istərsə də onun xaricində bu rejimlə əməkdaşlıq etmək onun natəmiz əməllərinə, anti-milli mahiyyətinə, mənəvi düşkünlüyünə, korrupsiya kassasına, traybalist astarına, kleptokratik ailə-klan idarəçiliyinə, sərvət düşkünlüyünə, plutokratik soyğunçuluğuna bəraət qazandırmaq, çağdaş dünyanın 5 diktatorundan birinin öz xalqına divan tutmaq, öz millətini diz çökdürmək siyasətinə şərik olmaq deməkdir.