Bibliya, Musa peyğəmbər və Qiyas İbrahim

Bibliyanın Əski Andlaşma (Əhdi-ətiq) deyilən hissəsində belə bir örnəkverici pritça var: Musanın öndərliyi ilə səhrada dolaşan yəhudilər içməli su tapa bilməyib susuzluqdan bərk əziyyət çəkirlər. Musa Tanrıdan onlara su qaynağı verməsini diləyir və Tanrı Musaya deyir: əsanı filan qayaya vur, oradan su çıxacaq. Musa əsanı qayaya vurur, su çıxmır. Biraz sonra Musa əsanı bir də qayaya vurur, yenə də su çıxmır və bir müddət sonra qayadan içməli su fışqırmağa başlayır. Musanın bu hərəkəti Tanrını qəzəbləndirir və ona üz tutub deyir: Sən, dilədiyinin veriləcəyini gözləmək əvəzinə əsanı nə üçün ikinci dəfə qayaya vurdun? Doğrudanmı, Tanrının dediyini edəcəyinə şübhən vardı?AXCP, Müsavat, Milli Şura və müstəqil siyasi xadimlərin xalqı kütləvi tədbirlərə çağırması, əslində çox düzgün bir addımdır. Hətta, beynəlxalq hesabatlarda da, “Azərbaycan xalqının hakimiyyəti dinc yolla dəyişmək haqqı əlindən alınmışdır” kimi sözün yer aldığı bir zamanda, xalqı ən azından, müxtəlif kütləvi tədbirlərə cəlb etmək və bu vaxt, mümkün olan bütün vasitələrdən istifadə etmək, o cümlədən, ictimai fəallara qarşı basqı və zorakılıq hallarını nisbətən yumşalda bilmək üçün, bu tədbirlərin hakimiyyətlə formal şəkildə razılaşdırılmasından yararlanmaq da, məqsədəuyğundur.
Yuxarıdakı pritçaya gəlincə, demək istədiyim bu idi: bu kütləvi tədbirlərə qatılmadan və özləri xalqın təşkilatlandırılması üçün əlini ağdan-qaraya vurmadan, bütün bunlara kənardan baxanların, niyə birinci (o cümlədən, ikinci, üçüncü və sair) dəfədən heç nə alınmadı sualı, əslində zəiflik, acizlik və iradəsizlik əlamətidir. Söz var, deyərlər, yanılmamaq üçün ən yaxşı vasitə heç nə etməməkdir. Eybi yox, qoy bir neçə dəfə bu tədbirlər uğursuz olsun, yanlışlığa yol verilsin, ancaq bu iqtidarın aradan qaldırılmalı şər, bu xalqın azad olunmağa və xeyirə çatmağa layiq olduğuna inam varsa, bu işlər ardıcıl şəkildə görülməli və son nəticənin uğurlu olacağına heç bir şübhə olmamalıdır.
Frensis Fukuyama yazır: XX yüzilliyin 70-ci illərinin ortalarında, artıq ABŞ-ın keçmiş dövlət katibi olan və siyasi dairələrdə özünün siyasi təhlil və proqnozları ilə güclü nüfuz qazanmış Henri Kissincer deyirdi: “Biz ABŞ dövləti və xalqı olaraq belə bir acı həqiqəti qəbul etməyə borcluyuq: dünyada Sovet İttifaqı başda olmaqla kommunist rejimlər hələ çox uzun müddət qalmaqda davam edəcəkdir və biz onlarla həmişəlik, yanaşı yaşaya bilmək üçün yeni düşüncə tərzinə yiyələnməliyik”. Ancaq bəlli olduğu kimi bu proqnoz heç tarixin 15 illik sınağına da dözə bilmədi.
Yeri gəlmişkən, Qiyasəddin İbrahimin qalmaqal yaratmış FB statusuna da münasibət bildirmək istəyirəm. Yazıda mitinq qərarı vermiş siyasi təşkilata və onun bu qərarına qoşulmağı qət etmiş insanlara ünvanlanan təhqir var və təhqir heç vaxt öyüd, yaxud faydalı məsləhət sayıla bilməz. Düzdür, Qiyasəddin bəy, sonradan daha bir status yazıb nə üçün belə fikirdə olduğunu əsaslandırmağa çalışdı, ancaq, bu artıq “arxadan atılan daş” effekti bağışladı (bu yazıda bəyin arqumentlərinin irrasional və məntiqsiz olduğu isə bir başqa söhbətin mövzusudur). Ancaq hansı məqsədlə yazılmasından asılı olmayaraq, təhqir edəni daha ağır təhqirlə susdurmaq da çıxış yolu deyil, ən azından təhqirə görə “ayıb olsun” demək varkən. Üstəlik, Qiyasəddin bəyin anasını bu məsələyə qarışdırmaq, bir Azərbaycan xanımını təhqir etmək çox böyük ədəbsizlikdir. Eləcə də, Qiyasəddin bəyə, “sən darda olanda biz səni müdafiə etmişik” kimi fikirlər yönəltmək də, bayağı və yersizdir. Mən inanmıram, Qiyasəddin bəy, haqsız yerə qovulduğu instituta bərpa olunmaq üçün belə bir müvəqqəti taktiki gedişə əl atsın. Qiyadəddin İbrahim, sadəcə və sadəcə, bir müddət üçün öz xalqına olan inamını itirib və bu sarsıntılı durumunda, bu xalqın yolunda çəkdiyi əzabları, yaşadığı işgəncələri onun üzünə çırpır. Nə olar? İnanaq ki, bu çılğınlıq və sarsıntılar ötüb keçəcək, “su gələn arxa bir də gələcəkdir”.

Araz Gündüz