Müğənnilərin Milli Məclisdən reportajları

Müğənnilərin açdığı saray sirləri, əsasən, Rəşadın onlara danışdıqlarından ibarətdir. Əvvəllər də spiker qohumunun biznes işlərinin içində olan "mamaoğlu" deyirmiş ki, dayısının pulunu balta kəsməz, o, təkcə “Azərsu”dan o qədər yığıb ki, yeddi arxa dönəni yesə belə, tükənməz.

 

Saraydakı iç savaşın gizlinləri

Son günlər hakim komanda üzvləri arasında qızışan söz atışması, şübhəsiz, hakimiyyətdaxili iç savaşın nəticəsidir. İki qütb arasında uçurum dərinləşdikcə deyişmə qızışaraq açıq müstəviyə keçir. Əslində, bunu ölkədə siyasi proseslərlə az-maz maraqlananlar çoxdan bilir. Amma savaşın pərdəarxası tərəfləri də var ki, hakimiyyət mətbəxindəkilərin dilindən qulaqdan-qulağa çatıb yayılır. Ötən yazıların birində XDMX-nin Milli Məclis bölməsinə rəhbərlik edən Rəşadın müğənni Günay İbrahimova ilə yaşadığı romandan boşuna yazmamışdıq. Bu roman qəhrəmanlarının macəralarının içindən hakimiyyət daxilində gedən gizli savaşın incə detalları üzə çıxır. Saray sirlərini şou-biznes aləmindən eşitmək bir başqa hekayə imiş. Cangüdənin bu müğənni dostlarını sıradan biriləri hesab etməyin, qosqoca Milli Məclisin mühafizə rəisi ilə məclisin kabinetlərini qarış-qarış gəzib, “kimin əlinin kimin cibindən çıxdığını, kimlərin əyilə-əyilə kimlərin evindən çıxdığını” yaxşı bilir. Mühafizə rəisi Rəşad da parlamentin spikeri Oqtay Əsədovun çox yaxın qohumudur, ölkənin bütün sirləri ovcunda. Onun ən yaxın sirdaşı da Günay olduğuna görə, sirlər həm də onun və diqər şou-biznes aləminin üzvlərinin ovcunda sayılır. Müğənnilərin danışdıqları ayıq gözlə kənardan da görünən iç savaşın detalları ilə düppədüz gəlir.

Administrasiyada “çuşkalar” oturur”

Müğənnilərin açdığı saray sirləri, əsasən, Rəşadın onlara danışdıqlarından ibarətdir. Əvvəllər də spiker qohumunun biznes işlərinin içində olan “mamaoğlu” deyirmiş ki, dayısının pulunu balta kəsməz, o, təkcə “Azərsu”dan o qədər yığıb ki, yeddi arxa dönəni yesə belə, tükənməz. Orda dayının işləri əla gedirmiş, su işindən onun cibinə pul sel kimi axırmış. Onun Parlamentə spiker gəlməsini isə Mehriban Əliyeva istəyib və onunla bütün sirlərini belə bölüşür. Rəşad deyirdi ki, Mehriban xanımın bütün hədiyyələrini seçəndə Oqtay müəllim onunla məsləhətləşir.

Maraqlı məqam bu sirlərin nədən ibarət olmasıdır və məhz o nöqtədə bəhs edilən saray çəkişmələrinin konturları görünür. Müğənnilərinin söylədikləri bir daha təsdiqləyir ki, kənardan görünən və ağızdan-ağıza dolaşan söhbətlər yalan deyilmiş. Demək, indi də hakimiyyətdə hər şeyi prezident yox, xanım özü həll edir. «Mehriban xanım Oqtay Əsədova deyib ki, onlara yeni administrasiya lazımdır, orda oturanların hamısı “çuşkalar”dır, onları işdən qovub, yenilərini gətirəcəklər». Əgər administrasiyada oturanların hamısına “çuşkalar” deyilirsə, onların başçısı da olur ağsaqqal Ramiz Mehdiyev. Rəşad deyirmiş ki, Mehdiyevin əli sınanda Oqtay Əsədov zarafatca deputatları təbrik edirmiş. Spikerin keçən il öz bağında yıxılıb əlini zədələyəndə isə deyirmiş onu “Administrasiyanın qarğışı tutub”. Müğənnilərin dediyinə görə, sən demə, Oqtay Əsədovun administrasiya işçilərini və şöbə müdürlərini söyməsi Mehriban xanımın da xoşuna gəlirmiş. Elə Əsədovda administrasiyaya bu nifrət də birinci xanımın özündən gəlib.

Hakimiyyətin ötür-ötür savaşı və dolan səbr kasası

Düz parlamentin dəhlizlərinə gedib çıxan müğənnilərin danışdıqlarını qəribçiliyə salmayın. Bu etiraflarla gələcəkdə böyük bir tarixi roman da yazmaq olar. Ölkə xalqa yad, tam kriminallaşmış və bir-birinə düşmən iki klanın əlində əsir qalıb. Hələ çoxları ölkənin başının üstünü almış qara buludların hansı fırtına gətirəcəyinin fərqində deyil. Bir-birinə nifrət edən iki cəbhə, iki qütb kəllə-kəlləyə dayanıb. Ölkəni ata-babalarından qalan miras kimi bir-birilərinə ötürmək uğrunda savaş aparırlar. Amma kim təminat verir ki, bu savaşın çanağı bir gün öz başlarında çatlamayacaq. Millətin səbr kasası dolub, həm də çox dolub…

AZAD