YAP böyüklərinin deyişməsi nəyin işarətidir?

Biri satqınlıqda ittiham edir, o biri tərəf saxlayır

Deyəsən ölkənin siyasi payız gündəmi biz düşündüyümüzdən də hərəkətli başlanıb. Dünənə qədər sosial şəbəkələri bağlamaq çağırışı edən iqtidar nümayəndələrinin özlərinə səhifə açıb işə başlaması da bunu bir daha sübut edir. Əslində, bu addımı biz də təqdir edirik. Gəlsinlər, həm ağıllarındakını öz səhifələrindən canlı-canlı oxuyub bilək, həm də xalqla “söhbətləşib”, ünvanlarına səslənən “təriflər”dən feyziyab olsunlar. Düzünü desək, onların FB-də görünməsi sosial şəbəkədə bir xeyli canlanma da yaradıb. Adamlar hər gün minlərlə sosial şəbəkə istifadəçisinə maraqlı mövzular verir. Gündəm yenə qaynayır. Üç gün əvvəl deputat Siyavuş Novruzovun “altlarına milyardlar yığan nazirləri” iqtidarı daha ürəklə müdafiə etməyə çağırması, dünən də YAP-çı deputat Eldar İbrahimovun vaxtilə müxalifətdə təmsil olunan, sonra isə iqtidara satılmış “müxalif”lərin səmimiyyətinə inanmadığını deməsi aləmi vurub bir-birinə.

İnsafən, hər iki mesajda müəyyən bir həqiqət var. YAP təmsilçiləri olanda nə olar? Onlar da çaşıb doğru danışa bilərlər. Hələ onların dedikləri öz cinahlarındakı məsul şəxslər tərəfindən təkzib olunub, böyük bir deyişməyə çevrilirsə, daha maraqlı mənzərə yaranır. Necə ki, belə bir deyişmə dünəndən bəri İbrahimovla prezidentin köməkçisi Əli Həsənov arasında gedir. Hakim komandanın ən etibarlı adamlarından biri olan Eldar İbrahimovun söylədiklərindəki həqiqət payını danmaq olmaz: “ İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil.”

Əli Həsənovdan “zərərçəkənlərə” tam dəstək

İbrahimovun bunu bir YAP-çı dili ilə, öz tərzində deməsi başqa məsələ. Amma guya vəzifə, pul, mandat, imtiyaz qarşılığında təmsil olunduğu cəbhəni satıb qarşı tərəfə keçən, əqidəsini dəyişən adamlara kim hörmət edər ki? Hansı ağıllı adam onların səmimiyyətinə inanıb, sabah satıldığı tərəfə də dönük çıxacağını düşünməz? Bu baxımdan İbrahimovun “gülləsi” hədəfə pis dəyib. Xüsusilə, parlamentdən nəsibini almış bu tip yaralı deputatlar ağsaqqal həmkarlarına qarşı üsyan bayrağı qaldırıblar. Fazil Mustafadan tutmuş İqbal Ağazadəyə qədər hamısı yarıincik, yarıqəzəbli şəkildə deputat həmkarlarının məsələyə aydınlıq gətirməsini tələb ediblər. Bu arada məsələnin qəlizləşdiyini görən prezidentin köməkçisi Əli Həsənov özünü yetirib. Problemə araçılıq edən Həsənov “Facebook” səhifəsində “yağlı” bir açıqlama yayaraq, uzun cümlələrlə “zərərçəkənlərin” yarasına su səpməyə çalışıb. O, Eldar İbrahimovun adından yayılmış fikirlərin YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmədiyini sübuta yetirmək üçün əlindən gələni edib: ” Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”.

Deyişmənin kökündə duran nədir?

Eldar İbrahimova nədən məhz Əli Həsənov cavab verir, görəsən? Bunu daha aşağı vəzifədə olan birinin diliylə dedizdirə bilməzdilərmi? Zaman-zaman səngərini dəyişən bu tip adamların ən yüksək səviyyədə könlünü almaq nədən prezident aparatı üçün bu qədər vacib olsun ki? Cavab sadədir. Çünki belə adamların pul, imtiyaz, mandat qarşılığında ələ alınma planı məhz o aparatda hazırlanır. Kimi necə, nə vaxt, neçəyə “almaq olar” tezisləri əsasında hazırlanan planın araçılığını edən şəxs məhz Əli Həsənovdur. Nə qədər primitiv və naşı şəkildə işləsə də, aparatda onu bu işə ən yararlı adam hesab edirlər. Alver masasına oturan bütün siyasi buqələmunlardan tutmuş jurnalistlərə, yazarlara, trollara qədər hamısının qara bazarına o baxır. Şübhəsiz, Həsənovun ortaya atılıb öz adamları tərəfindən “vurulanların” müdafiəsinə qalxması da təsadüf deyil. Axı bu işin sabahı, o biri günü də var. O zaman adamların qapısına hansı üzlə gedib alış-veriş apara bilərlər? Bir komandada təmsil olunan iki önəmli şəxsin açıq deyişməsi həm də başqa mətləblərdən xəbər verir. Bu uzun zamandır hakim komandada hökm sürən gizli klanlararası savaşın açığa vuran qığılcımı da ola bilər. Hamı anlayır ki, Azərbaycanda siyasi dəyişikliklər artıq zamanın diktəsidir. Elə böyük inqilab alovları da həmişə qığılcımdan doğmurmu?

azerbaycansaati.tv