Bayquşxanadan “uşaqpulu” sorağı

 

Siyavuş Novruzov da uşaq düşməni çıxdı

Parlament deyil, bayquşxanadır. Adamcığazlar hər həftə gündəmə bir quş uçurmasalar, ürəkləri partlayar. Sosial şəbəkələrdə aylardır uşaqpulu tələb edən insanlara YAP-ın döyünən ürəyi Siyavuş Novruzovdan cavab gəlib. Deputatın bu fikirləri günün ən əcaib sitatı sayıla bilər: “Dünyada belə bir məsələ var. Uşaqpulunu o ölkələrdə verirlər ki, orada uşaq dünyaya gəlmir. Vaxtilə xatırlayırsınız, Rusiyada hər doğulan uşağa 10 min dollar müavinət müəyyən etmişdilər. Niyə? Çünki əhalinin sayı 1 milyon azalır.” Bu arada baş nazirin müavini Əli Əhmədov da ona dəstək verib:Düşünmürəm ki, bu ailələrin “uşaqpulu”na ehtiyacı var... Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq.

A09B5393-2C8B-424B-8D51-F6BD9ED0BCDF

Yay tətilində Siyavuş Novruzovu gün vurub-vurmadığını bilmirik. Nazir müavininin də bu aralar nə yeyib-içdiyindən xəbərimiz yoxdur. Amma bir şeyə əminik ki, Azərbaycan ailələrinin uşaqpuluna ehtiyacı olmadığını demək, normal düşüncənin məhsulu ola bilməz. Ölkə əhalisinin hansı sıxıntı içində yaşadığını gözünüz görmürsə, arada bir mətbuatı oxuyun, görün Avropa ölkələrində uşaqlı ailələrə necə qayğı göstərirlər. Novruzov öz diliylə etiraf edir ki, Rusiyada hər doğulan uşağa 10 min dollar müavinət müəyyən edilib. Adam Rusiyanın ordenli-medallı dostu olduğuna görə, orda baş verənlərdən az-çox xəbərdardır. O zaman keçmiş sovetlər məkanından bir misal da biz verək. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Lakin deputata məsləhət görərdik ki, arada bir Avropa təcrübəsinə də baxsın. Görsün ki, oğurluq və korrupsiya olmayan ölkələrin bir çoxunda uşaqpulu bizim müəllimlərin maaşından belə çoxdur. Məsələn, Almaniyabu baxımdan birinci yerdə dayanır. Burda doğulan ilk uşağa görə dövlət 194 Avro aylıq yardım edir. Bu məbləğ ölkədə doğulan həm alman, həm də xarici ölkədən gələn mühacirlərəverilir. Aylıq uşaq pulu yardımına görə ikinci sırada Avstriya gəlir. Bu ölkə doğulan ilk uşağa 165 avro aylıq yardım edir. Bu ölkədə iki uşağı doğulan cütlüyə edilən birdəfəlik yardım isə 3028 avrodur. Üçüncü sırada 90 avro ilə Belçika gəlir. Burda iki doğulan uşağa görə dövlət birdəfəlik 3028 avro yardım edir. Bir sözlə, siyahını xeyli uzadıb hökumət təmsilçilərini xeyli utandırmaq olar. Amma utanacaq ən gerçək fakt budur ki, neft ölkəsi olan Azərbaycanda uşağın anadan olmasına görə yalnız 90 manat həcmində birdəfəlik yardım verilir və hökumət bununla işini bitmiş sayır.

 

Əhali artımı, yoxa şeytana papış tikənlərin yalanı?

Məsələ bundadır ki, xalq hakimiyyəti qurmuş bütün normal ölkələr gələcəyini yeni gələn nəsildə görür və hər şeyi onların sağlam böyüməsinə hesablayır. Ailələrə göstərilən maddi yardımın da, səhiyyə və təhsilə böyük önəm verilməsinin də kökündə bu dayanır. Bizdə isə o maddi yardıma ayrılan vəsaiti mənimsəmək üçün min bir bəhanə uydururlar. Necə olur, imkansız Azərbaycan ailəsinin övladına verilən 100 manat ələbaxımlığın göstəricisi olur, neft maqnatı Rövnəq Abdullayevin oğlunun saatına gedən 2 milyon manat əliaçıqlığın göstəricisi? Deputatxananın ən  satirik siması Siyavuş Novruzov söhbəti o məsələyə yönəltməyə çalışır ki, Azərbaycanda əhali artımı sürətlə gedir və uşaqpuluna ehtiyac yoxdur, eləmi? Əcəba, bu əhali artımı söhbəti də hakimiyyətin uşaqpulundan yayınma üçün quraşdırdığı yalan olmasın? Bu il TV-lərdə 10 milyonuncu uşağın dünyaya gəlişi şousu dönə-dönə fırlananda nə düşündünüz? Ümumiyyətlə, ölkədə boşanmaların sürətlə artdığı və ailələrdə uşaqların sayının azaldığı bir vaxtda ölkə əhalisinin 10 milyona çatdığına inanırsınız? Bunlar şeytana papış tikib ortasını deşik qoyan adamlardır, ağıllarına gələn pislik şeytanın da ağlına gəlməz. İqtisadi ekspertlərin təklifinə görə, ailələrə ən azı minimum əmək haqqı məbləğində aylıq uşaqpulu verilməlidir. Hesablamalar ölkədə 17 yaşına qədər uşaqlara “uşaqpulu” vermək üçün 1,6 milyard manat vəsait tələb olunduğunu göstərir. Bu büdcə xərclərinin təxminən 6 faizi deməkdir. Görünür haramxor hakimiyyət təmsilçilərinin gözünü qorxudan da bu məbləğdir. Axı özlərinə hər şeyin ən lüksünü layiq görən bu haramzadalar xalqa öz təbəələri kimi baxırlar və onlara xərclənən qəpik-quruşu belə israf sayırlar. İldə 1,6 milyard manatı necə qıysınlar bu xalqın balalarına, gedən onların veyil övladlarının cib xərcindən gedir axı. Xülasə, hələlik hakimiyyətdən gələn bütün səslər göstərir ki, onlar yaxın tarixdə uşaqpulu vermək niyyətində deyillər. Amma o pul bu ölkə insanının halal haqqıdır. O haqqı tələb etmək, dirənmək və almaq lazımdır.