Oqtay Əsədovun London yalanı Parlamenti buraxdıracaq?

 

Prokuror kürəkəndən sorulmayan hesab

Spikerin ərköyün cangüdən Rəşadın sevgi macəraları ictimaiyyətin bütün diqqətini yenə Əsədovlara cəlb etdirdi. Yəqin xatırlayarsınız, ötən yazıların birində spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonda 1 milyonluq penthauz (mülk) aldığı haqda yazmışdıq. Doğrudur, məsələnin ciddiliyini dərk edən spiker deputat Fəzail Ağamalını irəli verib faktı təkzib etdirmək istəmişdi. Ağamalı böyük canfəşanlıqla yaxasını qabağa verərək, Bakı Şəhər prokurorunun müavini Qocayevin Londonda heç vaxt mülkü olmadığını bəyan etmişdi. Amma əlahəzrət fakt faktlığında qalır axı. Biz bunu əlimizdə olan real sənədə əsaslanaraq yazmışdıq və həmin sənəddə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Üstəlik, Londonun ən bahalı bölgələrindən birində, ölkənin ən məşhur milyarderlərinin, müğənni və aktyorlarının yaşadığı yerdəyerləşən bu hədiyyəni kürəkəninə aldığını spikerin arvadı Zemfira Əsədova gözəllik salonlarının birində ağzından qaçırmışdı. Penthauzun alınma tarixi də Mehman Qocayevin doğum gününə təsadüf edirdi… Qaynanadan hədiyyə.

Kürəkən bir milyonluq mülkə görə niyə hesab vermədi?

Bizim bu məsələni yazdığımız vaxtdan aylar keçir. Amma Bakı Şəhər prokurorunun müavini Qocayevin bir milyon funtluq mülk məsələsini nəinki gündəmə gətirən, heç ona “gözün üstə qaşın var” deyən də olmayıb. Yəqin düşünəcəksiniz ki, qosqoca parlament spikerinin arvadı Moskvada striptiz-bar işlədir, onların xətrinə dəyən yoxdursa, kürəkənin xətrinə niyə dəysinlər ki? Bəli, Azərbaycan böyük ironiyaların yaşandığı məkandır. Çıxıb ortaya ölkənin imicini yerlə bir edən vəzifə adamlarının çirkli işləri ilə bağlı faktlar qoyursan. Sonra onu sübuta yetirirsən, amma heç bir əsasla bu adamların toxunulmazlıq zirehini çıxarmağa gücün yetmir.

Bu adamlar min bir əyri yolla əldə etdikləri statusları zirehə çevirib hər dəfə aradan çıxmağı bacarırlar. Prokurorluq orqanlarında yüksək vəzifə tutan parlament spikerinin kürəkəni Böyük Britaniyanın paytaxtında penthauz alır, onun bu məqsədlə məlum banka bir milyonluq vəsait ödədiyi faktı ortayaqoyulur, baş prokuror susur, parlament susur, prezident susur. Bircə dəfə çağırıb soruşan tapılmır ki, sən Bakı şəhər Prokurorunun müavinisən, bu yaşında bir milyon funtu hardan tapıb Londonda mülk sahibi olmusan? Qanunun hökmü olsa, soruşdurardı. Soruşdurma nəticəsində də ortaya çıxardı ki, o penthauzu bəxtəvər kürəkənə sevimli qaynanası alıb. Bu da Əsədovların dünyada böyük əmlak sahibi olduqlarını bir daha sübuta yetirərdi. Sübuta yetərdi ki, Əsədovlar milyonlar qazandıqları ölkəyə mülkiyyət sahibi olmaq üçün etibarlı yer kimi baxmırlar. Onlar da indiki hakimiyyət dəyişən kimi sahib olduqları sərvətin qanuni hesabının sorulacağını bilirlər. Sübuta yetərdi ki, ölkə parlamentinin rəhbəri dünyanın müxtəlif ölkələrində daşınmaz əmlaka böyük pullar xərcləyirsə, demək, o da bu ölkədə özgələcəyindən əmin deyil. Nə yazıq ki, soruşan yoxdur və onlar da həmin toxunulmazlıq zirehi altında öz bildiklərini edirlər.

Qayınana və qayınata adına qazanılan toxunulmazlıq

Azərbaycanda problemlər qanunların deyil, qohumların, qayınana-qayınataların, gəlinlərin, qudaların diktəsi ilə idarə olunduğuna görə, prokurorluqdan da bu məsələyə hər hansı reaksiya gözləməyə dəyməzdi. Yəqin ki, prokurorluq orqanlarında Qocayevin bir milyon funt dəyərində penthauzsahibi olmasına şöhrətli bir əməl kimi baxırlar. Prokuror müavini indiyə kimi həmkarlarını bahalı avtomobillər kolleksiyası ilə heyrətləndirmirdimi? Onu belə toxunulmazlıqla kimin qoruduğu aydın deyilmi? Qocayev parlament sədri Əsədovun qızının əri və Moskvadakı “Kapriz” striptiz-barının sahibəsi Zemfira Əsədovanın kürəkənidir. Azərbaycan reallığında belə kürəkənə dəyib-dolaşmaq böyük risk tələb edir. Alınan mesaj odur ki, qayınanasının ona “Kapriz” barına yatırdığı oğurluq vəsaitdən gələn qazanc hesabına uzaq ölkələrdə penthauz alması kimsənin sorğulayacağı məsələ deyil. Bu eybəcər sistemdə başından bəri qayda-qanun belədir. Normal sistemdə bu çirkaba bulaşmış Milli Məclis sədri də, onun “Azərsudan” Parlamentə gətirdiyi qeyri-rəsmi həyat yoldaşı da, onun şou-biznes aləmi ilə oturub-duran ərköyün cangüdəni də və onun yalanlarına şərik olan parlament də istefaya göndərilərdi. Bizdə isə köhnə çarx dönməyə davam edir. Lakin o çarxı durdurmağın, ölkədə baş verən belə çirkli işlərə havadarlıq edən parlamentdən qurtulmağın zəruri olduğunu artıq hamı dərk edir. Yaxın zamanda ölkəni etiraz dalğasının bürüyəcəyi qaçılmazdır. Bunu təkcə biz yox, onlar özləri də bilirlər.

azerbaycansaati.tv