Mənzərə yavaş-yavaş aydınlaşır. Siyavuş Novruzov sabiq nazirləri, məmurları hədələdi, onları müxalifətlə gizli əlaqə ittiham etdi. Demək ki, hakimiyyət daxilində mərkəzdənqaçma meyilləri güclənir və bundan çox narahatdırlar. O qədər ki, mətbuat üzərindən açıq təhdidə keçiblər. Öz işləridir, ölkənin milyardlarını talayıb xaricə daşıyan məmurları biz də müdafiə edəsi deyilik.
Beləliklə, son günlər mənə qarşı həm hökumət mediası, həm “müxalifət” tərəfindən vüsət alan hücumların səbəbi bəlli olur. Azərbaycanda nazir səviyyəsində müxalifətlə əməkdaşlıq edən şəxs yoxdur, millət vəkilləri arasında yalnız mən hələ doqquz il əvvəl hakimiyyətlə münasibətləri qırıb müxalifə qoşulmuşam və illər uzunu prinsipial və ardıcıl mübarizəmə şahidsiniz. Ölkədə ikinci belə nümunə yoxdur. Ona görə də mən hakimiyyət üçün “əyani vəsaitəm”. Məni daha çox təqib etməklə, repressiyalara məruz qoymaqla, hakimiyyət mediasından və daha çox müxalifətdəki birbaşa və dolayısı təsir dairələri vasitəsilə haqqımda şər, böhtan, təhqirlər yandırmaqla hakimiyyətdəki bütün narazılarla mesaj verirlər ki, baxın ha, aranızda ən nüfuzlu, çirkaba bulaşmayan, bircə korrupsiya əməlində əli olmayan şəxsə yaşatdıqlarımızı görün! On ildir yaxasından əl çəkmirik, elə bir təhdid və repressiya qalmadı ki, özünün və ailəsini məruz qoymayaq. Üstəlik, on ildir can qoyduğu müxalifət cameəsindən ona bu səviyyədə çirkin hücumlar olursa, siz bizdən ayrılsanız başınıza nələr gələ bilər, bir düşünün! Və deputatlar, keçmiş deputatlar, keçmiş məmurlar düşünüb nəticə çıxarırlar, axmaq deyillər ki…”
Gültəkin Hacıbəyli