Parlamentin Birinci Xanımları ya da Romeo-Cülyettalar Məclisi

Payız gəlir və Milli Məclis oyunçularının “sezon finalı”ndan geri dönməsinə lap az qalır. Artıq mübarək binanın dəhlizlərində seriallardakına bənzər söhbətlər də başlanıb. Kim kimin iş otağında nə işlə məşğuldur, kimin kiminlə roman yaşayır, uzun yay macəralarını kim harda, kiminlə keçirib…Parlamentdə bu ənənəni elə spiker Oqtay Əsədovun özü qoyub. Məlum “əxlaq brendi”ni də parlament dəhlizlərinə onun həyat yoldaşı Zemfira Əsədova ötürüb. Yəqin ki, bunlar sosial şəbəkələrə böyük qalmaqal kimi düşən Moskva striptiz-barı rəzaləti ilə Azərbaycan parlament tarixində ən ləkəli spiker və “birinci ledi” olaraq qalacaqlar. Amma hələ bunlar da hamısı deyil, pərdə arxasında saxlanan xeyli başqa sirlər var ki, onların üstündən örtülü şəkildə keçməkdən başqa çarəmiz yox. Çünki çoxdan önəmli dövlət qurumu olmaqdan çıxıb, şou salonuna çevrilən bu parlament binasında nə “birinci ledi”lik üstündə gedən qadın davalarını, nə də o davaların kökündə dayanan iyrənc məsələləri müzakirə etmək bizə görə deyil. Bizi maraqlandıran və əndişələndirən, sadəcə, bu adamların özəl həyatlarında yaşadıqları eybəcərlikləri ölkənin rəsmi binalarına gətirib çıxarması, dövlətin onlara əmanət etdiyi məsul vəzifələri öz əyləncələri üçün istismar etməsidir.

Milli Məclisin zalında romantik gecə

Bəlkə deyilənlər sizə biznes-şou söhbətləri kimi gələcək, amma nə yazıq ki, parlamentin divarları arasında yaşanan bütün bu rüsvayçılıqlar acı bir gerçəkdir. Bu günlər orda hər kəs daha bir roman haqqında danışır. Bu romanın baş qəhrəmanı da özgəsi yox, Oqtay Əsədovun yaxın qohumu Rəşaddır. XDMX-nin Milli Məclis bölməsinə rəhbərlik edən şəxs. Adı zaman-zaman müxtəlif qalmaqallarda hallanan Rəşadın da öz eşq hekayəsi var. Ərköyün mühafiz də xeyli zamandır müğənni Günay İbrahimli ilə roman yaşayır. O bu münasibəti cidd-cəhdlə gizlətməyə çalışsa da, “eşq”ləri çoxdan dillərə dastan olub. Hətta ARB kanalında müğənniyə sevgilisinin kim olduğu haqda sual veriləndə o, ad çəkmədən “hamı bilir” deyə cavab verib. Bəlkə çoxunuz düşünərsiniz ki, bu adamların şəxsi həyatında baş verənlər niyə bizi bu qədər narahat etməlidir axı? Doğrudur, amma bu irad o zaman haqlı sayılar ki, o adamlar özəl həyatlarında yaşadıqları əxlaqsızlıqları ölkənin rəsmi binalarına gətirib çıxarmasınlar, dövlətin onlara əmanət etdiyi vəzifəni öz məşuqələrinin komfortu üçün istismar vasitəsinə çevirməsinlər. Spikerin bacısı oğlu olmaq Rəşada gecə parlament zalını bağlatdırıb müğənnisevgilisini ora gətirmək, orda romantik gecə keçirmək səlahiyyətimi verir?

Bəlkə o müğənniyə görə yolu bağlatdırıb, ona xüsusi polis müşayiəti qoşmaq, bayram günlərində onun üçün xüsusi “salyut” təşkil etmək imtiyazı var bu cangüdən Rəşadın? Çox da Rəşadın tabeçiliyində olan XDMX zabitləri spikerin qohumu olan rəislərinə bir söz deyə bilmirlər, axı söhbət qulaqdan-qulağa yayılıb başqalarına da gedib çatır. Görün iş nə yerə çatıb ki, bu dəhlizlərdə artıq parlamentin “birinci ledisi” statusuna görə bir neçə xanım arasında gizli savaş getdiyi danışılır.

Parlamentin “Mehriban Əliyevası”

Hələ bunlar hamısı deyil, pərdə arxasında saxlanan xeyli başqa sirlər də var. Demə, rüsvayçı əməlləri ilə parlament tarixini ləkələyən Zemfira Əsədova, əslində, Milli Məclisin əsl “birinci ledi”si deyilmiş. Demə, gerçək “ledi”Oqtay Əsədovun illərdir bərabər olduğu başqa bir xanım imiş.

Bunu Oqtay Əsədovun yaxın çevrəsində və Milli Məclisdə hər kəs bilir və o xanımın da spikerin ən yaxın sirdaşı, qeyri-qanuni həyat yoldaşı olduğunu hamı bilir. Biz o xanımın adını acıqlamaq istəmirik ona görə ki, o Zemfira Əsədovadan fərqli olaraq Parlamenti xaricdə biyabır etmir. Deputatların dediklərinə görə, spiker onu əvvəl rəhbərlik etdiyi “Azərsu”dan gətirib və Milli Məclisdə hamı onu nüfuzlu biri olaraq tanıyır. O qədər nüfuzlu ki, bir sözü ilə Məclisdə çox məsələləri yoluna qoymaq imkanına malikdir. Hələ 2020-ci ildə Oqtay müəllimin təqdimatı ilə onun deputat seçiləcəyi söhbətləri də dolaşırdı. Onun bazarlığını məhz Rəşad edir. O həqiqətən çox gözəl və Oqtay müəllimdən çox cavan qadındır. Hərdən ona Parlamentin Monika Beluçissi də deyilir. Əsl “Pikovaya Dama” buna deyərlər…

Rəşadın Günaya dediyinə görə, 2017-ci ildə Milli Məclisdə belə maraqlı bir hadisə baş verib. Xarici dövlətlərdən birinin yüksək ranqlı məmuru Oqtay Əsədovla rəsmi görüş zamanı dəhlizdə bu xanımı görüb və dayanaraq salam verib. Qonaq sonra üzünü Əsədova tutub “ bu, Mehriban Əliyevadeyilmi?” deyə soruşub. Əsədov da zarafatla cavab verib ki, “o da burada işləyirdi”. O vaxt bu zarafata hamı gülmüş, amma bir çoxu spikerin nə demək istədiyini anlamamışdı…

Günayın ətrafının dediyinə görə Oqtay Əsədovun qeyri-rəsmi həyat yoldaşı Mehriban Əliyevaya bənzədilməsi Günayı necə qısqandırıbsa, o xüsusi cidd-cəhdlə bu bənzərlik yarışına qoşulub. Müğənni söhbətlərinin birində bu söhbətləri açıqca etiraf da edib.

 

Deputat toxunulmazlığını macəraları üçün istismar edən yaramazlar

Deyilənə görə, XDMX rəhbərliyində dəfələrlə Rəşadın özbaşına hərəkətlərinə müdaxilə etmək məsələsi müzakirə olunsa da, sonda dərinə getməyiblər. Axı zamanında hamı Eldar Mahmudovun keçmiş informatoru kimi tanınan intriqant Oqtay Əsədova baş qoşmamağa çalışırdı. İndi isə hər şey dəyişib, o, parlamentdə rəsmi statusunu saxlasa belə, hakimiyyətin ən hörmətsiz məmuruna çevrilib. Parlamentdə yüz hoqqadan çıxan Rəşadı da XDMX-dəki vəzifəsinə dayısı gətirib. Amma o, dövlət tərəfindən spikerə təyin olunmuş mühafizə rəisi kimi vəzifəsindən bu qədər sui-istifadə edə bilərmi?

Rəşadın adı yaxınlarda Günay İbrahimli ilə bağlı böyük borc qalmaqalında da hallanıb. Günayı 225 min manat borclu olmaqda günahlandıraraq “Bandotdel”ə şikayət edən iş adamı Nuriyyə Əhmədova mətbuata açıqlamasında deyib: “O vaxt xəbər yayıldı ki, nişanlanırlar, evlənəcəklər. Mən də onun sevgilisi ilə görüşüb dedim ki, sənin həyatında olan xanımın mənə 200 mindən çox borcu var, vermir. O dedi ki, biz dostuq, Günay həyatımda deyil. Ciddi əlaqəmiz yoxdur… Amma eşitmişəm ki, Günayın arxasında o dayanır. Ondan başqa heç kimin adı çəkilmir”.Beləcə, müxtəlif söhbətlərdə ortaya bir gerçək də çıxır ki, Rəşadın Günayla evlənmək fikri yoxdur. Yaxın çevrəsinin dediyinə görə, Milli Məclisin mühafizəsinə məsul olan bu şəxs müğənniylə evlənməyi özünə sığışdırmır və ayıb sayır. Çox maraqlıdır, adam öz dayısının gözünün qabağında min hoqqadan çıxmasında, dayısı arvadının striptiz-bar saxlamasında qəbahət görmürsə, bir müğənni ilə evlənməyi niyə özünə ayıb saysın ki?

Müşahidəçilərin rəyinə görə payızda ölkənin siyasi gündəmi xeyli gərgin olacaq. Lakin görünən odur ki, payız sessiyasına belə macəralarla başlayan parlamentin gərginlik, filan vecinə də deyil. Deyəsən parlament binasında Oqtay Əsədovdan tutmuş, onun mühafizə rəisinə qədər-hamı eşq-məhəbbət işləri ilə məşğuldur. Hələ ki, toxunulmazlıqları var, büdcə əllərində, nəzarət yox deyə, beləcə dərəbəylik baş-alıb gedir. Amma hələ ki…