Bir daha quşun qırıcı təyyarəni məhv etməsi haqqında

Normalda quşlar 1500 metrdən yüksəyə qalxmırlar. 5000 metr nadir istisna sayılır və quş uçuşlarının hündürlük tavanıdır. Himalayda 8000 metrdə nadir hallarda qeydə alınan quşlar o hündürlüyə fasilələrlə çıxa bilirlər...

Bu hakimiyyət insanları təqib edir, əzir, repressiyalara məruz qoyur, ancaq mənə bunlardan çox-çox ağır gələni milləti küll halında ələ salmasıdır. Düzdür, təhsili məhv ediblər, media informasiya və maarifçilik funksiyasından məhrum edilərək saxta və bayağı şou məkanına çevrilib, ancaq bu ölkədə hələ də oxumağı, yazmağı, düşünməyi bacaran insanlar var axı! Daha bu qədər də olmaz axı!
MİG 29 qırıcı təyyarəsinin uçuş tavanı 18 km-dir. Normalda 12-16 km hündürlükdə uçur. Uçuş sürəti səs sürətindən iki dəfə artıqdır- saatda 2400 km. 18 km hündürlükdə 2400 km/saat sürətlə uçuş üçün yaradılmış, o gərginliyə dözə bilən təyyarənin kabini necə olur ki, quş zərbəsindən darmadağın olur və pilot o qədər ağır zərbə alır ki, huşunu itirib nə katapultu işə sala bilir, nə dispetçerə xəbər göndərməyə macal tapır?!

Qırıcı təyyarələrin effektivliyinin və funksionallığının əsas göstəricilərindən biri aerodinamikadır. Quş versiyasını ortaya atanlar belə qəliz mətləblərdən anlamasalar da, yəqin indi söyləyəcəyim daha bəsit gerçəkləri bilməmiş deyillər. Mənə 18 km hündürlükdə uçan quş göstərə bilərsinizmi? Dünyada elə bir quş növü varmı ki, onun ağciyərləri 18 demirəm, 15 də demirəm, 12 km hündürlüyə dözə bilsin?! Hətta 10 km hündürlük belə quşların həyat funksionallığını tam istisna edir. Normalda quşlar 1500 metrdən yüksəyə qalxmırlar. 5000 metr nadir istisna sayılır və quş uçuşlarının hündürlük tavanıdır. Himalayda 8000 metrdə nadir hallarda qeydə alınan quşlar o hündürlüyə fasilələrlə çıxa bilirlər, Xəzərin üstündə uçan quşların fasilə vermək, dincəlib yenə hündürlük yığmaq imkanı yoxdur. O zaman 1000-1500 metr hündürlükdə uçan quş 18 km hündürlükdə uçan qırıcı təyyarə ilə necə toqquşa bilər?!

MİG 29 havaya qalxan kimi saniyədə 300 metr sürət yığır. O, hərbi aerodromdan Xəzərə çatanadək artıq 8-10 km hündürlüyü yığmış olmalıdır. Saatda 1500-2400 km məsafə qət edən qırıcı təyyarə alçaqdan uça bilməz, onun motorunun səsindən şəhər oyanar, binalarda pəncərələrin şüşəsi titrəyər. Mən hələ orta məktəbin I və II siniflərində öyrəndiyimiz ” köçəri quşlar qışda isti ölkələrə uçurlar” gerçəyindən danışmıram. Avqustun cırhacır istisində quşlar Azərbaycanı qoyub isti ölkələrə niyə uçsunlar ki? Quşların miqrasiya marşrutları və vaxtını da bizim Müdafiə Nazirliyi tənzimləyir?… Belə yalanlar danışıb milləti aşağılamaqdansa, susmaq yaxşıdır. Susun və… orduya ayrılan büdcə vəsaitlərini talan etməkdə, otkat almaqda davam edin… onsuz da biz də susuruq…

Gültəkin Hacıbəyli