Qırıcı, yoxsa qırmayıcı təyyarə?

Müdafiə Nazirliyinin qırıcı təyyarənin qəzaya uğrama səbəbi barədə açıqlaması şübhə ilə qarşılandı. Çünki nazirliyin açıqlamasında bir xeyli qeyri-müəyyənlik var. Amma ictimai-siyasi fəalların irəli sürdüyü versiyalar da şübhə doğurur və ehtimaldan savayı bir şey deyil. Nazirliyin açıqlaması kimi qəzada Rusiya hərbi qüvvələrinin iştirakı da mübahisəlidir.
Əvvəla, quşlar və yad cisimlərlə toqquşma nəticəsində mülki və hərbi təyyarələrin qəzaya uğraması, bəzən təlafatın yaşanmasına dair xeyli xarici təcrübə var. Ancaq məsələ burasındadır ki, nazirliyin açıqlamasında prosedur pozuntusu var. Nazirlik maraqlı tərəfdir və bu qəza hazırda hərbi prokurorluğun istintaqı altında olan məsələ kimi ikinci qurumun açıqlamasına ehtiyac var. Bu qurum isə istintaqı yekunlaşdırmayıb.
Açıqlamaya gəldikdə, 1) “qara qutu” oxunubsa, yad cisimlər və quşlar məsələsi bir az dəqiqləşdirlməlidi; 2) pilotun zədələnməsi necə müəyyən edilib və sair suallara aydınlıq gətirilməlidi.
Nazirliyin bəyanatında həmçinin “qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulması” çağrışı var. Bu ifadə nazirliyin ictimaiyyətlə əlaqələr və idarəçilikdə şəffaflıq məsələsində acınacaqlı durumda olmasının göstəricisidi.
Birincisi, nazirlik ilk gündən bu məsələdə susqunluq göstərdi və ictimaiyyətə zəruri açıqlamalar vermədi. Məsələn, hərbi təlimlərin təşkili qaydaları, xərcləri və texniki avadanlıqların vəziyyəti barədə rəsmi açıqlama hələ də yoxdur. Az-şox məlumatlə şəxslər bilir ki, təlim uçuşlarına böyük miqdarda vəsait xərclənir. Bu vəsaitin məbləği və xərclərin istiqaməti barədə məlumat açılqanmalı, şəffaflıq təmin edilməlidi.
İkincisi, nazirlik qəzaya görə cavabdeh qurumdur. Nə qədər ki, istintaq prosesi başa çatmayıb, bu olayla bağlı istənilən açıqlama prosesə müdaxilədir. Əksinə nazirlik qəzanın səbəbi barədə hökm xarakteri açıqlama əvəzinə istintaqın sonunadək tərəfsizliyini qorumalı, qəzanın baş verdiyi təlimin planlanması və icrasına məsul olan şəxsləri müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırmalıdır.
Rusiyanın iştirakı barədə mülahizlərə gəldikdə bu hazırda tutarlı texniki əsası olmayan siyasi mülahizədir. Bir az məlumatı olan şəxslər bilir ki, Azərbaycan məhz Rusiya istehsalı olan təyyarələrdən asılı vəziyyətdədi, bu da həm hərbi hava hücumu, həm də havadan müdafiə sistemlərini böyük ölçüdə bu ölkədən asılı duruma salır. Bu sahədə yaxın illərdə ən mümkün islahat bəzi texniki avadanlıqların üçüncü ölkələrin məhsulları hesabına modernləşdirməkdi. Bu mövzu isə artıq hərbi ekspertlərin sahəsidi və yazacağımız istənilən fikir diletant görünəcək.

Anar Məmmədli