Köpək (video)

Köpək filmi.

Filmin prodüsseri Hacı Hüseynağa Qasımov, ssenari müəllifi Loğman Kərimovdur. Quruluşçu rejissor Tofiq Tağızadə, quruluşçu operator Rafiq Quliyev, quruluşçu rəssam Mais Ağabəyovdur. Filmin direktoru Heydər Dadaşovdur. Baş rolda çəkiliblər: Məmməd Səfa, Fuad Poladov, Yaşar Nuri və Muxtar İbadov. Film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bazasında çəkilib. Filmin müəlliflik hüququ “Vahid” kinostudiyasına məxsusdur.

Film adi ritmində gedən həyatın qəfildən tar-mar olmasından bəhs edir. Növrağı pozulan zaman insanları işsiz-gücsüz qoyub. Adamlar “qul bazarları”nda özlərinə iş axtarırlar. Bir maşının başına 10-larla adam cormalaşır. Bu günlərin birində “qul bazarı”na bir “iş adamı” gəlir və orada aktiv olan qocalardan birinə bir avtobus adam lazım olduğunu və hamının səhər saat 10.00-da toplaşmalı olduğunu deyir. Səhər bir avtobus adam toplaşır. İçində də hər axşam uşağına dərs keçən, onu normal böyütmək istəyən bir gənc ata. Tərslikdən ata dünən axşam oğluna əlifbanın ilk hərflərini öyrətmiş, sonra üç hərfin birləşməsindən it şəkli cizmiş və nəhayət, balası üçün it olub oynamışdı. Təki oğlunun könlü şad olsun…

“İş adamı” üçün aparılan adamlar bir daş karxanasına gətirilir. Daş karxanası hər tərəfdən əhatə olunub, ciddi qorunur. Qoruyucu gözətçi qüllələri belə var. Burada adamlar it kimi it damlarında saxlanılır. Tabe olmayanlar dəhşətli işgəncələrə məruz qalırlar. Çox sədaqətli olanların boynundan “it xalta”ları taxırlar. Olmayanları it kimi hürənə və it kimi sədaqət göstərib sınana qədər sındırırlar.

“Daş karxanası” meşənin dərinliklərində yerləşir. Oradan qaçmaq mümkün deyil. Karxananı hər gün qumar oynayan qumarbaz bir dəstə idarə edir. Onlar insanları itə çevirmək üçün hətta bir-biriləri ilə mərc gəlirlər. Və… insanın faciəsi başlayır.