PİVƏ ZAVODUNUN DİREKTORUNUN VƏ RÖVŞƏN ƏLİYEVİN ÖLÜM İŞİ 

HACI MƏMMƏDOVLA TANIŞLIĞIMIZ

DOSTLAR, dəstəyiniz üçün təşəkkür edərək davam edirəm. Söz vaxtına çəkər deyirlər. 1989-cu ilin sentyabr ayının 6-sı idi. Mən altı il idi ki,Azərbaycan Respublikasının Prokuroru yanında xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyirdim ( o vaxt vəzifə belə adlanırdı və cəmi 16 nəfər idik, bəzən bizə sadəcə vajnyak deyirdilər). Respublika Prokuroru İlyas İsmayılov məni kabinetinə çağırdı, dedi ki, Xırdalan pivə zavodunun direktoru Fazil Şirəliyev 5 sentyabrda Fatmayı yolunda odlu silahdan açılmış atəşlə qətlə yetirilib.Göstəriş verdi ki, Abşeron rayon prokurorluğuna gedib işi icraata götür və istintaqı davam etdir. Bu hadisəyə qədər mən bir neçə ölüm işi üzrə uğurlu istintaq apardığımdan bu sahədə ən yaxşı müstəntiqlərdən biri hesab edilirdim. Mən Xırdalana gəldim, işi prokurorluqdan götürüb tanış oldum. Məlum oldu ki, 5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində naməlum şəxslər “Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyevi işdən çıxıb evinə gedərkən təqib edib və “Naqan” tipli tapançadan dörd dəfə atəş açmaqla onu qətlə yetiriblər. Hadisənin yeganə şahidi Şirəliyevin sürücüsü olub. Hadisədən sonra onu 15 sutkalıq həbs edib polis şöbəsində saxlayırlar. Mən Xırdalana gələndə Daxili işlər Nazirliyinin və prokurorluğun rəhbər işçiləri orda idilər. İş xüsusi nəzarətə götürülmüşdü. Mərhum vaxtı ilə Mərkəzi Komitədə şöbə müdiri, Salyan rayon partiya komitəsinin 1-ci katibi vəzifələrində işləmişdi. Ölkə rəhbərliyi işin tez bir zamanda açılmasını tələb edirdi. Mən ilk növbədə sürücü ilə söhbət etdim, o bütün gördüklərini təfsilatı ilə danışdı. Maşını saxlayarkən arxadan “Jiquli” markalı maşının yaxınlaşdığını Fazil müəllim düşəndə, həmin maşından 3 nəfərin düşüb onun arxasınca getdiklərini, bir neçə atəş səsi eşitdiyini, qorxusundan maşını sürüb hadisə yerindən qaçdığını, Jiquli gedən kimi geri qayıtdığını və direktoru maşına qoyub xəstəxanaya apardığını göstərdi. Sürücü and-aman edirdi ki, atəş açan şəxsləri tanımır və onları təsvir edə bilməz, maşının nömrəsini də görməyib, daha doğrusu deyirdi ki, nömrənin üstü nə iləsə bağlı idi.(sonradan onun dedikləri təsdiqini tapdı) Həmin gün respublika prokurorunun və Daxili işlər nazirinin birgə əmri ilə istintaq – əməliyyat qrupu yaradıldı və mən qrupun rəhbəri təyin edildim. Qrupa prokurorluğun və DİN-in mərkəzi aparatının təcrübəli işçiləri, kriminalistlər, habelə Abşeron rayon prokurorluğu və polisinin bir neçə əməkdaşı daxil idi. Bu işin istintaqında kriminalist kimi Rövşən Əliyev yaxından iştirak edirdi. Qrupun üzvlərindən biri də Abşeron rayon polis idarəsinin yenicə təyin edilmiş əməliyyat üzrə müavini Hacı Məmmədov idi. Hacı ilə bizim tanışlığımız da orda oldu. Qərara alındı ki, istintaq-əməliyyat qrupunun üzvləri rayon polisinin təzəlikcə istifadəyə verilmiş binasında oturacaqlar. Şəxsən mənə isə Hacı Məmmədovun kabineti verildi. Beləliklə, təxminən bir il Hacı Məmmədovun kabinetində oturdum. Hacı çox ünsiyyətcil insan idi, onunla xoş münasibətlərim yarandı. Bu bir il ərzində Hacı ev sahibi kimi mənim və qrupun üzvlərinin qulluğunda durdu, hər sabah işə gələndə stolumun üstündə hər cürə meyvə, çərəz, bahalı konfetlər olurdu, arada zarafatla bizə görə pul qazana bilmədiyini, heç olmasa kabinetə görə ona icarə haqqı verməli olduğumu deyirdi. İşin açılmasına bir neçə gün vaxtımız getdi, sonrakı mərhələdə müqəssirlərin çoxlu sayda başqa cinayətlər törətdiyi müəyyən olunduğundan biz bir il müddətində işin istintaqını yekunlaşdırıb məhkəməyə göndərə bildik. Həmin işə görə ümumilikdə 30 nəfərə yaxın, əsas iş üzrə isə 13 nəfər məhkum olundu, onlardan 5 nəfərinə ölüm cəzası verildi. SSRİ dağıldıqdan sonra həmin hökmlər icra olunmadı, müstəqillik dövründə isə əvvəlcə ölüm cəzasının icrasına moratorium qoyuldu, daha sonra isə ömürlük həbslə əvəz olundu. 1989-1990-cı illərdə həbs edilən həmin şəxslərdən üçü həbcdə dünyasını dəyişib, bildiyimə görə ikisi hələ də Qobustan türməsində cəza çəkir. Dəstə üzvlərinin 1976-1989-cu illərdə 13 il ərzində Azərbaycan, Gürcüstan və Rusiyanın ərazisində 7 qətl, 40-a yaxın quldurluq cinayəti törətdiyi sübuta yetirildi. Yəqin nə vaxtsa bu iş barəsində də xatirələrimi yazacam. İndi isə təkcə onu deyim ki, bu SSRİ məkanında üstü açılmış ilk sifarişli ölüm işi idi. SSRİ Xalq deputatlarının 1989-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayında SSRİ-nin Baş Prokuroru Aleksandr Suxarev və SSRİ-nin Daxili İşlər Naziri Vadim Bakatin öz çıxışlarında bu iş barəsində xüsusi qeyd etmişdilər. 1990-cı ilin yanvarında bu iş üzrə əməliyyat qrupunun bütün üzvləri mükafatlandırıldı. Haçı Məmmədov bu işə görə “Za liçnoye mujestvo” ordeni ilə təltif edildi. Bu orden cəmi 529 nəfər SSRİ vətəndaşına verilib ki, onlardan biri Hacı Məmmədov olub. Yeri gəlmişkən, bu işə görə mükafatlandırılanlardan biri o vaxt DİN-in Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində işləyən Ramil Usubov olub. Ramil müəllimə bu işə görə polkovnik rütbəsi verildi. Həmin işə görə istintaq qrupunun üzvlərini mükafatlandırmaq üçün məhkəmənin başa çatmasını gözləyirdilər. Məhkəmə 12 noyabr 1991-ci ildə başa çatdı, onda mən artıq prokurorluqda işləmirdim. Hacı Məmmədovla yollarımız bu işdən sonra ayrıldı, onunla ikinci görüşümüz dostum, prokuror-kriminalist Rövşən Əliyevin hüzür mərasimlərində oldu. Səhv etmirəmsə, Hacı ilə Rövşən də bir-birini məhz pivə zavodunun direktorunun ölüm işindən tanımışdılar… 

RÖVŞƏN ƏLİYEVİN QƏTLİ
HACI MƏMMƏDOVLA İKİNCİ GÖRÜŞÜM

2002-ci ilin mart ayının 13-də Röşən Əliyev Respublika prokurorluğundan təxminən 150-200 metr məsafədə, Nizami küşəsi 12-də yerləşən binanın qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirildi. Biz Rövşənlə eyni dövrdə Universitetdə oxumuşduq, hər ikimiz təyinatla prokurorluğa gəlmişdik və yaxın dost idik. Mən onu prokurorluğun tarixində ən bacarıqlı prokuror-kriminalist kimi tanımışam. Rövşən Azərbaycanın ilk hərbi prokuroru kimi də tarixə düşüb. Hadisə barədə xəbər tutan kimi onun həyat yoldaşı İradə xanım mənə zəng etdi və dedi ki, Rövşəni öldürüblər və meyidini morqa aparıblar. Mən dərhal morqa getdim. Orda məhkəmə-tibb eksperti ilə görüşdüm və bəzi məlumatlar öyrəndim. Bir, ya iki gün sonra İradə xanımla zəngləşib evlərinə getdim Onunla bir xeyli söhbət etdik, şübhələndiyi birinin olub-olmadığını xəbər aldım, o konkret bir şey deyə bilmədi. Soruşdum ki, Rövşənin ölümündə Hacı Məmmədovdan şübhələnirmi, buna da mənfi cavab verdi. Məndə bu şübhənin haradan yaranması barədə ona izah etdim. Bilirdim ki, son zamanlar Rövşən adam oğurluqları ilə bağlı cinayət işlərini araşdırmaqla məşğuldur. Hətta Rövşənin xahişi ilə onu bu işlərdə zərərçəkmiş şəxslərdən biri Ulvan Bağırovla da görüşdürmüşdüm, mənim yanımda onunla söhbət etdilər. Bu işlərin arasında polis podpolkovniki Azər İsmayılovun 2000-ci ildə xəbərsiz itgin düşməsi işi də var idi. Mənimlə söhbətində Rövşən Azər İsmayılovun namus məsələsinə görə Hacı Məmmədov tərəfindən öldürülməsindən şübhələndiyini demişdi. Rövşənin ölümü barədə ilkin öyrəndiyim məlumatlardan biri də o idi ki, ölümündən bir gün əvvəl Hacı Məmmədovun sahibi olduğu Qarabulaq istirahət mərkəzində olub, ekspertin deməsinə görə Rövşənin bədənində odlu silahla yetirilmiş xəsarətlərdən başqa, sıyrıqlar da aşkar edilmişdi və bunların hadisədən əvvəlki günə aid olması fərz edilirdi. Məhz bunlara görə məndə Hacının Rövşənin ölümündə iştirak edə biləcəyi şübhəsi yaranmıışdı. Mən İradə xanımdan Rövşənin Hacı Məmmədovla birgə şəkillərinin olub-olmadığını soruşdum, o, mənə Rövşənin iki şəklini və bloknotunu verdi, həmin şəkillər indi də məndədir. Bu görüşdən sonra mən respublika prolurorluğuna getdim və Rövşən Əliyevin qətlə yetirilməsi ilə əlaqədar yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubovla görüşdüm. O vaxt Usubov idarə rəisi idi, hazırda Baş prokurorun birinci müavinidir. Mən Usubova Rövşən Əliyevin ölümündə Hacı Məmmədovun iştirak etməsi versiyasının olub-olmadığını soruşdum. Usubov dedi ki, onların da bəzi şübhələri var və bunu yoxlayacaqlar. Usubovla görüşümüzdən iki gün sonra mənim iş yerimə bir vəkil gəldi, o indi də kollegiyanın, həm də intizam komissiyasının üzvüdür. Vəkil mənə dedi ki,onu məndən incidiyi üçün Hacı göndərib, çünki mən prokurorluğa Rövşəni Hacının öldürməsini demişəm. Doğrusu, o vaxt mən buna xüsusi əhəmiyyət vermədim və prokurorluğa Hacının Rövşəni öldürməsini yox, bu işdə şübhəli ola biləcəyini dediyimi təsdiq etməklə kifayətləndim. Bir neşə gün sonra həkim dostumla Rövşənin cümə axşamı mərasiminə getdik, dostum Rövşəni mənə görə tanımışdı və hüzürə onu da aparmağımı xahiş etmişdi. Məclisdə Hacı Məmmədov gəlib stolda bizimlə üzbəüz oturdu, ordan burdan söz salıb, sonda dedi ki, Adil İsmayılov pivzavodun direktorunun ölüm işindən aldığı pulları ömrünün axırına kimi xərcləsə qurtarmaz. Onun danışığı dostuma xoş gəlmədi, çıxanda soruşdu ki, bu adam niyə belə danışır. Mən ona Hacı barədə prokurorluğa dediklərimi söylədim. 2005-ci ildə Hacı həbs edildikdən sonra onu televiziyada görən dostum, çox həyacanlanmış vəziyyətdə mənim yanıma gəlib soruşdu ki, bu Rövşənin yas məclisində bizim qabağımızda oturan Hacıdır, nə yaxşı səni qətlə yetirməyib.
Hacı Məmmədovla üçüncü görüşüm MTN-in istintaq idarəsində oldu…

HACI MƏMMƏDOVUN RÖVŞƏN ƏLİYEVİ ÖLDÜRMƏSİNİ
PROKURORLUĞUN RƏHBƏRLİYİ 2003-CÜ İLDƏ BİLİRDİ !

İş belə gətirdi ki, mən 2005-ci ildə Hacı Məmmədovun işi ilə əlaqədar həbs edilmiş DİN-in Baş cinayət Axtarış idarəsinin rəisi general Zakir Nəsirovun vəkili oldum. Yəqin bu barədə ətraflı növbəti yazılarımda oxuya biləcəksiniz. Hacını işi üzrə istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olarkən ilginc mənzərə ilə rastlaşdım. Məlum oldu ki, Rövşən Əliyevin Hacı Məmmədovun başçılıq etdiyi dəstə tərəfindən qətlə yetirilməsini respublika prokurorluğunun rəhbərliyi 2003-cü ildən bilirmiş.
Beləki, 2003-cü ilin avqust ayının 11-də Nəsibova Rəna Yusif qızı adlı bir qadın əvvəllər prokurorluqda işləmiş tanışı ilə Azərbaycan Respublikası Baş prokurorluğuna gələrək həmin tanışının vasitəsi ilə Rövşən Əliyevin ölüm işini aparan Rüstəm Usubovun və baş prokuror Zakir Qaralovun qəbuluna düşür. Rəna Nəsirova baş prokurora danışır ki, o,milliyyətcə çeçen olan Abdulvahabov Ruslan adlı bir şəxslə görüşür. Abdulvahabovun sözlərindən ona məlum olub ki, sonuncu daxil olduğu cinayətkar dəstənin tərkibində bir sıra ağır cinayətlər, o cümlədən, adam oğurluqları və qətllər törətmişdir. Nəsibova bu dəstənin başında Daxili İşlər Nazirliyinin polkovnik rütbəli əməkdaşı Hacı adlı şəxsin durmasını, prokuror-kriminalist Rövşən Əliyevi də həmin dəstənin üzvlərinin qətlə yetirməsini və hazırda bir nəfər milliyyətcə yəhudi olan şəxsi oğurlamağı və yaxınlarından külli miqdarda pul almağı planlaşdırdıqlarını da prokurorluqda danışır. Dediklərinin həqiqət olmasına inandırmaq üçün prokurorluğun əməkdaşlarına Hacının Malakan bağı deyilən ərazidə yerləşən evini də göstərir. Normal məntiqlə mərhum əməkdaşlarını qətlə yetirənlər barəsində bu cür ətraflı məlumat alan Baş prokuror dərhal bu qiymətli şahidi dindirməli, onun təhlükəsizliyini təmin etməli, danışdıqlarını rəsmiləşdirməli və istintaq yolu ilə yoxlamalı idi. Baş Prokuror nəinki bu ifadə ətrafında istintaq aparmamış, qanunları kobud şəkildə pozaraq Nəsibovanın baş vermiş və hazırlanan cinayətlər barəsində verdiyi məlumatları rəsmiləşdirməyə belə ehtiyac görməmişdi. Rəna Nəsibova prokurorluğa məlumat verdikdən bir müddət sonra 2004-cü ilin iyun ayının 17-də işlədiyi «Knauf» firmasının ofisində qətlə yetirilmişdi. Nəsibovanın ümumiyyətlə narkotik vasitələrdən istifadə etməməsi məlum olsa da, onun ölümünün guya yüksək dozada narkotik vasitələr qəbul etməsi səbəbindən baş verməsi barədə ekspertiza rəyi alınmış, onun ölümü faktı üzrə heç bir istintaq aparılmamış, bir aydan sonra 17 iyul 2004-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdi. 2005-ci ilin mart ayında Hacı Məmmədov həbs edildikdən sonra həmin qərar ləğv edilmiş, istintaq Rəna Nəsibovanın qəsdən öldürülməsini sübuta yetirərək bu iş üzrə Novruz Nuriyevi məsuliyyətə cəlb edib məhkəməyə vermişdi. Bakı Ağır cinayətlər məhkəməsi Novruz Nuriyevə 12 il azadlıqdan məhrumetmə cəzası verdi, Bakı Apellyasiya məhkəməsi isə məhkum olunmuş şəxslərdən yalnız onun cəzasını azaltdı. Yeri gəlmişkən, Ruslan Abdulvahabovun harada olması , sağ olub-olmaması bu günə kimi də məlum deyil…

Adil İsmayılov

hüquqşünas, vəkil