Paşinyan ƏIiyevə meydan oxudu

lham İsmayıl
Təhlükəsizlik üzrə ekspert, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü

“Bu gün küləyin saniyədə 40 metr sürətlə əsdiyi, tozanaq götürdüyü Bakıda tozu ciyərlərinə çəkən Qarabağ köçkünlərinin yadına düşdümü Şuşa, Xankəndi?”
Paşinyanın Qarabağa gəlişi adidən də adiləşib. Ona görə xəbər olaraq – “ Paşinyan Qarabağa gəldi”, artıq həyəcan simptomlarını itirib. Bu saat “Paşinyan Kürü keçdi” informasiyasını da Azərbaycan emosiyasız, sanki elə-belə də olmalıdır kimi qəbul etmək vəziyyətindədir. Mane olan yox, hədələyən yox, gəlişinə-gedişinə gərginlik yaradan yox, etiraz yox, niyə də keçməsin?
Paşinyan bayaqdan Stepanakertdədir (əgər rəsmilər unutmayıbsa, biz tərəfdə Xankəndi deyirdilər). Paşinyanın minlərlə insan qarşısında çıxışını canlı izləyirəm. Mən erməni dilini bilmirəm, amma əhalinin reaksiyasından və tək-tək sözlərdən nə dediyini anlamaq çətin deyildi (Sonra rusdilli KİV-lərini də oxudum). Ermənilər rəhbərlərinin çıxışından vəcdə gəlmişdilər, ruhlanırdılar, gələcəklərinə böyük ümid və inam yaradan rəhbəri alqışlayırdılar. Zatən o inama görə də rahat yaşayırlar, həm də bizim bivecliyimiz, yaramaz vətəndaş olmağımız, onlarda qəti olaraq bu inamı formalaşdırıb. Onlar bilirlər ki, bizi düşmən üzərinə apara biləcək heç kəs yoxdur. Kəsəsi, bizim illərdir yatdığımızı və oyanmayacağımızı yaxşı bildiklərindən rahat yaşayırlar. Paşinyanın çıxış etdiyi yer bu yay günündə ən sərin, ən gözəl yerdir. Bu gün küləyin saniyədə 40 metr sürətlə əsdiyi, tozanaq götürdüyü Bakıda tozu ciyərlərinə çəkən Qarabağ köçkünlərinin yadına düşdümü Şuşa, Xankəndi? Vaxtilə ən gözəl havanı udduğunuz yerdə indi Paşinyana minlərlə erməni əl çalırdı, o da ləzzət alıb bizə meydan oxuyurdu.

Paşinyan bilirsiniz nəyə gəlib? İdman yarışlarına – 7-ci Ümumerməni yay oyunlarının açılışına. Azərbaycanda indiyədək keçirilən bütün idman yarışlarının millətimizin mənəvi dünyasına necə təsir etdiyini, bir millət nümayəndəsi kimi yaxşı bilirəm. Bu yarışlar bizim problemimizə su səpmədi, səpəsi də deyildi. Stepanakertdəki bu yarışlar bütün ermənilərə böyük ruh verməklə bizim bütün keçirdiyimiz, keçirəcəyimiz yarışların kürəyini yerə vurdu. Erməni dedi ki, 90-cı illərdən sonra ilk Ermənistan dövlət başçısıdır ki, burda, kütlə qarşısında “Miatsum”dan – yəni birləşməkdən danışdı. Erməniyə idman yarışı lazım deyil, bu bir bəhanədi, ermənilər xırda, korporotiv, merkantil, yəni boş-boş işlərlə deyil, problemlərinə aid işlərlə məşğuldurlar, idman yarışları təşkil edəndə də məqsədləri yüyürmək, qaçmaq, hoppanmaq deyil, Qarabağdır, ona görə də qalib statusundadırlar. Paşinyan bu gün sözün həqiqi mənasında meydan oxudu.

Birinci meydanı Azərbaycan müdafiə nazirliyinə oxudu. Dedi: ”Ermənistan ordusu dünyada ən güclü 20 ordu cərgəsində yer alacaq və biz buna doğru gedirik”. Sonra, Azərbaycanın xüsusi xidmət orqanına meydan oxudu. Dedi: “Öz effektliyinə görə erməni təhlükəsizlik qüvvələri dünyanın 10 ən güclü xüsusi xidmət orqanı sırasına daxil olacaq”.
Biz, dünyanın 50 ən güclü ordularından biri olmağımızla lovğalandığımızı deyəndə, Paşinyan əməldə sübut etdi ki, bu elə deyil. Gəlişi-gedişi ilə onsuz da bunu çoxdan sübut etmiş Ermənistan baş naziri bir daha göstərdi ki, biz əslində nəyə qadirik. Bu gün, Paşinyan tərəfdən bu faktın konstatasiyası ortaya qoyuldu. Həmişəki kimi əvvəlcədən elan etdi ki, gəlirəm və hava limanında qarşılandı. Azərbaycan tərəfdən isə… Sfinks sükutu.

Xüsusi xidmət orqanının əvvəlcədən verdiyi informasiyalar və gördükləri təhlükəsizlik tədbirlərindən cuşa gələn Paşinyan Ermənistan MTN-nin 10 ən güclü xidmətdən biri olacağını dedi. Baxmayaraq ki, biz tərəfdən nəinki Paşinyanın, heç sıravi ermənin də indiyədək Qarabağa sərbəst gəliş-gedişinə mane ola biləcək əməliyyat tədbirləri, planı yoxdur və üfüqdə də görünmür.

Bunlar yalnız söz deyildi, təbliğat deyildi, bunlar Azərbaycana ünvanlanmış təhqir dolu bəyanatlar idi. Və Paşinyan son nöqtəni bütün Azərbaycan siyasətinə qoydu. Ermənistanın gələcəyindən, gücündən, əhalisini 5 milyona çatmasından, gedənlərin qaytarılmasından, iş yerlərinin açılmasından standart danışandan sonra, bizimkilər üçün də, bəzi ermənilər üçün də, hətta Putin üçün də gözlənilməyən bir bəyanat verdi. Paşinyan dedi: “Sizlərdən çoxunuz soruşursunuz ki, Artsax niyə bu planlarda yoxdur. Cavab çox sadədir: Artsax-Ermənistandır və tamam, iş bitdi”. Paşinyan bəyanat verdi ki, iş bitdi, Artsax dövləti deyilən bir şey yoxdu, olmayacaq, Artsax elə Ermənistandır. 2018-ci ilin mayında mənə irad tutan nökər xislətli yazarlar, bu dəfə Paşinyanın sözlərini həqiqi olaraq dırnaq içərisində yazdım. İnanmırsınızsa, açın, Stepanakertdən reportaj verən erməni mediasını oxuyun.
Bununla Paşinyan demək istədi ki, gedin nə qədər istəyirsiniz görüşlər keçirin, nazirlər, dövlət başçıları səviyyəsində keyfiniz nə qədər istəyir görüşün, “mən Heyvagülü oynayacam”- yəni işğal etdikləri torpaqları Ermənistana birləşdirəcək. Sonda da “ Miatsum”-Birləşmək- qışqırıb erməni millətini ruhlandırdı.

Bax, belə. Nə edək ay millət, nə edək, ay Qarabağ camaatı? Bu qədər şərəfsizliyi necə sinirirk? Paşinyanın bu hərəkətləri bizi də ruhlandırmaılıdır, axı. Düşmən adamın üzünə söyəndə, yalnız biveclər başını aşağı salır, həqiqi vətəndaş olanlar söyüşü qəbul etməyib, davaya qalxırlar. Belə şərəfsizliklə yaşamaq olmaz!

Artıq, fikrim yoxdur, düsünə də bilmirəm, utanıram… İçi özüm qarışıq, 10 milyon Azərbaycan vətəndaşının bu hadisəyə biganə qalmasına utanıram… Xankəndində 50 min ermənini gorüb utanıram… Biz necə bu gunə qaldıq?.. Necə olur ki, Paşinyan artıq Qarabagda yox, “mən Ermənistandayam” deyir?.. Gərəkən addımlar atılmadıqca istər xalq, istər dovlət olaraq, biz, deyəsən hələ cox utanmalı olacağıq.

lham İsmayıl
Təhlükəsizlik üzrə ekspert, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü