Yamanlıq həmişə, yaxşılıq isə bir ayda?

Səadət Cahangir

Fəlsəfəsinə görə, Ramazan ayların ən gözəli, yardımlaşmaq və insanları sevindirmək üçün də bir fürsətdir. Amma yaxşılıq  etməyin, əl tutmağın ayı, ili, mövsümümü olmalı? Sübh tezdən ayağımızı evdən çölə qoyub iş arxasınca yollananda niyə bir yaxşılıq etmək haqqında düşünməyək ki? Niyə əli qazanc gətirən, evinə bol-bol ruzi axan, süfrəsinə qarnını yetərincə doyuracaq naz-nemət düzən bir insan qonşudakı yoxsulu düşünəcək qədər mərhəmətli olmasın axı? Niyə hər addımda yetərincə savab qazanmaq fürsəti var ikən, bu fürsətlərin yanından gözüyumulu keçib gedirik hər gün? Bu xəsislik, pul hərisliyi, yığıcılıq ehtirası hardan müsəlləh olub canımıza, görəsən? Ətrafda ağılalmaz haram işlər dönür. Mədəsini, qarnını, gözünü heç cür doyura bilməyən bir harın dəstənin girovuna çevrilmişik. Yaxşılıq etmək haqqımız belə əlimizdən alınıb. Gözəl əməl işləməyi bacarmayanlar onu etmək istəyənlərə əngəldir bu ölkədə. Çevrədə ürküdücü bir harınlıq və böyük bir yoxsulluq var. Nədən bu qədər yoxsuluq, fərqindəmisiniz? Yoxsulluq içimizdə, çünki. Içimizdəki boşluğun, yalnızlığın, dadsızlığın, ümidsizliyin açdığı aclıqda boğuluruq hamımız. Bəziləri toxluqdan, bəziləri aclıqdan çapalayır o yoxsulluğun içində…

Illər əvvəl Hindistanda Narayanan Krişnan adlı xeyriyyəçi bir gənc haqqında oxumuşdum. 21 yaşında “ilin aşbazı” mükafatını qazanan bu şəxs Isveçrənin beş ulduzlu  restoranından aldığı yüksək maaşlı işdən imtina edib, ölkəsindəki aclara yardım üçün öz işində qalmışdı. Məşhur aşbaz sonralar bu qərarı ilə bağlı belə açıqlama vermişdi: “Getməyə qərarlıydım, amma o gün küçədə aclıqdan palçıq yeyən birini gördüm. Adama yemək apardım, onu elə sürətli yedi ki, inana bilmədim. O gündən sonra yeməklərimizi yalnız yoxsul insanlar üçün pulsuz bişirməyə qərar verdim. Ardından da Isveçrəyə zəng vurub, daha onlar üçün çalışmayacağımı söylədim…” O vaxtdan bəri Krişnan hər gün Maduraidəki evindən avtomobilinə yüklədiyi yeməkləri götürüb evsizlər və yoxsullar olan məhəllələrə yollanmağa başladı. Bu məqsədlə olub-qalan bütün pulunu xərclədi. Sonra sponsorlardan təkliflər gəldi. Bu minvalla məşhur xeyriyyəçi 10 ildə 1,7 milyon qab yemək payladı. Əlində-ovcunda heç nəyi qalmayan Krişnan necə xoşbəxt olduğunu belə izah edirdi: “Ölkəmdəki insanlar aclıqdan palçıq yeyərkən mən bəzəkli yeməkləri yüksək qiymətlərlə insanlara təklif etməyi özümə sığışdırmazdım. Həyatınızda bircə dəfə ac bir insanı doyurun və onun üzündəki xoşbəxtlik ifadəsini görün. Inanın, dünyada bundan daha gözəl bir şey ola bilməz…”

Uzağa getməyək. Yaxın günlərdə Bakıya səfər edən Nobel Sülh Mükafatı laureatı Muhammad Yunusu xatırlayaq. Dünyada “yoxsulların bankiri” adını qazanan əfsanəvi şəxs. Onun bu adı nədən qazandığını bilirsiniz? Banqladeşdə rəhbəri olduğu “Grameen Bank” vasitəsi ilə yoxsulluğun aradan qaldırılması yolunda göstərdiyi misilsiz xidmətlərinə görə. On minlərlə yoxsulu mikro-kreditlərlə aclıqdan xilas etdiyinə, onlara iş yeri yaratdığına görə. Imkansız görünəni mümkün edib, insanlığa böyük impuls və ruh verdiyinə görə. Məgər bizdə bunları etmək arzusunda olan adamlar və imkanlar yoxdur? Var, şübhəsiz. Sadəcə, bütün gözəl şeyləri etməyin yolu halallıqdan keçir. Bu məmləkətdə yoxsulun haqqını yeyib bankir olmuş adamlardan mərhəmət gözləməyin. Onların verdiyi tikə belə acın boğazında qalar. Etmək istədiyimiz yaxşılıqlar üçün əvvəlcə ətrafımızı haramlardan təmizləməliyik. Gözəl şeylər sonra öz-özünə gələcək. Inanın ki, gələcək!