Paşinyan nə etməlidir ki, Azərbaycan hökuməti zəhmət çəkib ona cavab versin?! Xankəndində Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirdi, sıfır reaksiya. Şuşada, Cıdır düzündə Yallı getdi, kabab çəkdi, sıfır reaksiya. Qarabağı su yoluna döndərib hər həftə sonunu ailəsilə orada keçirir, sıfır reaksiya. İndi də Xankəndində ümumerməni mitinqində açıq şəkildə bəyan edir ki, Qarabağ Ermənistandır! Halbuki, bugünədək nə Köçəryan, nə Sarqsyan Qarabağın Ermənistana birləşdirilməsinə cəsarət etməmişdilər. Belə görünür ki, Paşinyan bunu edəcək və yuxarıda sadaladıqlarım buna hazırlıqdır. Azərbaycan hökumətinin Ermənistanın baş nazirinin bu təhdidçi və tərbiyəsiz davranışlarına susqunluğu isə razılıq əlamətidir. Bu müddət ərzində Xarici İşlər Nazirliyi açıqlama yayaraq Azərbaycan xalqını “sülhə hazırlamağın zəruriliyindən” danışmışdı. Yəni, Paşinyan Qarabağdan, bizimkilər də Bakıdan Azərbaycan xalqını təslimçi sülhə- Qarabağın də yure Ermənistana birləşdirilmısinə hazırlayırlar. Məhz buna görə də Paşinyan Xankəndində “Qarabağ Etmənistandır” deyib dünya ermənilərini “miatsum” yəni, birləşmə ideyası ətrafında səfərbərliyə çağıran gün YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov Azərbaycan xalqını Qarabağ müharibəsində beş min şəhid vermiş müxalifətə qarşı birləşməyə çağırdı. Unutmayaq ki, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan məhz Əli Əhmədovun sədri olduğu YAP-ın hakimiyyəti dövründə ermənilərə de fakto təslim edilmişdir. İndi isə görünür de fakto təslimiyyəti de jure rəsmiləşdirmək lazımdır.
Mən də üzümü Əli Əhmədovun müxalifətə qarşı səlib yürüşünə çağırdığı və işini itirmək qorxusu altında məcburən YAP-a üzv edilən yüz minlərlə həmvətənimə tuturam: siz Qarabağın Ermənistana birləşdirilməsinə və Azərbaycan hakimiyyətinin buna faktiki razılığına susacaqsınızmı?! Siz partiya rəhbərliyindən buna görə hesab tələb etməyəcəksinizmi?! Siz Paşinyanın bütün təhdid və hücumları qarşılığında təmkinini pozmayıb Azərbaycanın daxilində vətəndaş müharibəsinə çağırış edən, sizi öz soydaşlarınıza, öz həmvətənlərinizə qarşı, özü də Qarabağ savaşında sıralarından beş min şəhid vermiş qüvvələrə qarşı səlib yürüşünə dəvət edən YAP rəhbərliyinə qarşı öz sözünüzü deməyəcəksinizmi?! Axı bu Vətən, bu torpaq, Qarabağ təkcə müxalifətin deyil, həm də sizindir!
Gültəkin Hacıbəyli