Avropaya qaçışın sirli hekayətləri

Başlarına göydən bomba yağan din qardaşları- suriyalılara münasibətdə hətta ifrat dindar Türkiyə cəmiyyəti belə "öz ölkələrinə faydası olmayanların bizə nə faydası olacaq?!" deyərək etiraz edirsə, avropalıların bizim haqqımızda nə düşündüyünü təsəvvür etmək çətin olmamalıdır.

İnsan, adətən, hər şeyin asanına qaçır. Bizim insanımız xüsusilə. Hamı daha yaxşı yaşamaq istəyir, ancaq bunun üçün nəsə etməyi düşünmür. Əksəriyyət də “bunun üçün müxalifət var, mübarizə aparsınlar” deyib öz biganəliyinə, hərəkətsizliyinə bəraət qazandırır. Sanki həbs olunmaq, təqib edilmək, məhrumiyyət yaşamaq, normal insan həyatından məhrum edilmək elə müxalifətin borcudur və müxaliflər buna görə yüksək maaş alırmış. Müxaliflərin on illərdir nə qədər repressiyalardan, təqiblərdən, məhrumiyyətlərdən keçdiyini görənlərin əksəriyyəti hətta onlara yuxarıdan aşağı baxaraq özlərini daha üstün sanırdılar, çünki “çirkaba” bulaşmırlar, “beloruçka”dırlar. Sonra ölkədə vəziyyət ağırlaşdı, dolanışıq imkanları qapandı və siyasətə və Allah eləməmiş, müxalifətə qoşulmağı, etiraz etməyi özünə əskiklik hesab edən həmin insanlar başqa bir asan yol tapdılar- Avropaya mühacirət. Sanki almanlar, fransızlar, hollandlar yüz illərdir min bir əziyyət və mübarizə hesabına, canları, qanları, həyatları bahasına azad və firavan ölkələrini ona görə qurmuşdular ki, öz ölkələrində əlini bir daşın altına qoymaq istəməyənlər gəlib onların 300 illik əziyyətlərinə şərik çıxsınlar. Belə olmur, qardaşım, belə olmur, bacım! Sən nədən Almaniyanın qaçqın kamplarında illərlə alçalmağı özünə yaraşdırırsan, ancaq iki saat vaxtından kəsib bir mitinqə çıxıb etiraz etməyi özünə əskiklik bilirsən?! Sən nədən evini, maşınını satıb on minlərlə pulunu guya sənə oturum alacaq dəllallara, dələduzlara yedirirsən, ancaq sənin elə öz Vətənində ləyaqətlə yaşamağın üçün həyatını qurban verənlərin cərimələrinə 10 manat yardım etməyə əlin gəlmir?! Sən nədən öz Vətənində müxalifətçi olacağın üçün hansısa bir korrupsioner, quldur qohumunun kinayəsindən, müdirinin təzyiqindən, uzağı bir polis şöbəsinə çağırılıb “dövlətçilik əleyhinə fəaliyyətinizə son qoyun” xəbərdarlığından qorxursan, ancaq Avropadan Azərbaycana deportasiya olunmamaq üçün intihar edib cavan canına qıymaqdan, balalarını yetim qoymaqdan qorxmursan?! Avropa qaçqın düşərgələrinə sığınan azərbaycanlıların böyük əksəriyyəti (siyasi fəallar xaric) geri qaytarılacaq. İşsizlik, bərbad təhsil və səhiyyə miqrasiya üçün ciddi səbəb deyil. Sən öz ölkəndə mübarizənlə və həyatın üçün təhlükə olmadan da daha yaxşı həyata nail ola bilərsənsə, lakin bunu etmirsənsə, almanlar, fransızlar, hollandlar, isveçrəlilər buna görə sənə sığınacaq verməyəcəklər. Başlarına göydən bomba yağan din qardaşları- suriyalılara münasibətdə hətta ifrat dindar Türkiyə cəmiyyəti belə “öz ölkələrinə faydası olmayanların bizə nə faydası olacaq?!” deyərək etiraz edirsə, avropalıların bizim haqqımızda nə düşündüyünü təsəvvür etmək çətin olmamalıdır. Və mən Türkiyəli soydaşlarımıza haqq verməyə bilmərəm: təkcə qardaş ölkəyə sığınan 3 milyon 500 min suriyalı Bəşər Əsədi devirmək gücündə idi, əgər işin daha asanına- mühacirətə qaçmasaydılar. Ancaq son zamanlar belə görünür ki, asan hesab edilən bu yol heç də asan deyilmiş və uzun məşəqqətlərdən sonra səni yenə də bir gerçəkliklə üz-üzə qoyur: azadlıq, firavanlıq, xoşbəxt həyat heç kimə hədiyyə qutusunda mükafat kimi təqdim olunmur. Bu dəyərlər uğrunda uzun və çətin mübarizə aparıb onları öz ölkəndə yaratmalısan. Vaxtı ilə almanların, fransızların, hollandların etdiyi kimi.