Kənd adamları bunu yaxşı bilir: yal yeyən itə yaxınlaşmaq çox qorxuludur, hətta, bu anda yiyəsi də ona yaxınlaşanda it öncə mırıldayır, sonra hürür, bu təsir etməyəndə isə qapır. Niyə belə olduğu da aydındır: çünki it yal yeyəndə, özünün heyvani instinkti ilə, ona yaxınlaşan istənilən canlıya, yalına şərik olmaq istəyən və ya onu ələ keçirməyə çalışan subyekt kimi yanaşır.
Azərbaycanda çoxu iqtidar tərəfindən, birazı da Azərbaycanda öz çirkin maraqlarını gerçəkləşdirmək üçün çalışan xarici dövlətlərin xüsusi orqanları tərəfindən yallandırılan “siyasilər” var və onların gerçək siyasətlə məşğul olan, ölkəni əliyevçilik fəlakətindən qurtarmağa çalışan real müxalifətə münasibəti də, eyni ilə yal yeyən itin aqressiyası kimidir. Ona görə də, AXCP-yə, Milli Şuraya, Müsavat partiyasına və ayrı-ayrı prinsipial siyasi fəallara qarşı sərgilənən bu iyrənc təxribatlar sizi təəcübləndirməsin.
Azərbaycan müxalifətinin tanınmış fiqurlarını “KQB agenti” damğası ilə gözdən salmaq ən çox iqtidara sərf edən bir rəzillikdir. Əslində, Heydər Əliyevin 1993-cü ildə hakimiyyəti qəsb etməsindən sonra, çox keçmədən, kimin kim olduğu bəlli oldu: ölkədə Elçibəyin var gücü ilə yaratmağa çalışdığı xalqın bütünlüyünə qarşı, Əliyevin yaratdığı kəskin qütbləşmə ilə sarsıdıcı zərbə vurulanda, cəbhənin bu və o tərəfində kimlərin dayandığı da bəlli oldu. İndi xalqın az-çox hörmət qoyduğu siyasi fiqurlara “KQB agenti” damğası vurulması həm də, real vəziyyətdə iqtidarın heç vaxt cavab verə bilməyəcəyi bir sualı unutdurmağa xidmət edir: necə olur ki, öncə ÇK, sonra NKVD, daha sonra KQB kimi tanınan, rus imperiyasının sovet dönəmində xalqımıza qarşı ən amansız represiya və soyqırım həyata keçirməsində ən güclü vasitə olan belə bir qurumda Heydər Əliyev general rütbəsinədək ucala bilmiş, hətta, sovet hakimiyyəti tarixində çox nadir olan bir hadisə ilə onu öz ölkəsində KQB-nin sədri təyin etmişdilər? Doğrudanmı, insanların psixologiyasını mikroskop altında dəyərləndirməyi bacaran KQB rəhbərliyi Heydər Əliyevi “tanıya bilməmiş”, onun Azərbaycanın milli maraqlarına xidmət üçün “partizanlıq” etdiyini duymamışdı? Tam tərsinə, KQB rəhbərliyi Azərbaycanın rus imperiyasının maraqlarına uyğun ən yaxşı idarə edilməsi və onun sərvətlərinin imperiya üçün maksimum talan edilməsinin bundan da yaxşı variantını tapa bilmədiyi üçün belə bir təyinata qərar vermişdi.
İnsani ləyaqətini satmaqla özünə karyera və dolanışıq quranlarla bağlı böyük mütəfəkkir, Siyasi İqtisad elminin banisi sayılan Adam Smitin çox tutarlı bir deyimi var və mən sözümün sonunda sizi bu aforizmlə baş-başa buraxıb düşünməyə çağırıram: “Əgər bir insanın dolanışığı nəyisə anlamamağı ilə təmin edilirsə, siz onu bu həqiqəti dərk etməyə məcbur edə bilməzsiniz”.
Araz Gündüz