Anamı istəyirəm

Əbil Həsənov

Hekayə


Əli uşaqları yatırdıb mətbəxə keçdi. Bulaşıq qabları yudu. Dünəndən yuduğu paltarları ipdən götürdü , ütüləyib yerbəyer etdi. Özünə çay süzüb pəncərənin qabağında oturdu. Saata baxıb onu gözləməyə başladı. Artıq neçə vaxt idi ki, belə edirdi. O gəldi.

– Salam. Gəldin? Bilirdim ki, gələcəksən bayaqdan səni gözləyirəm. 

O başı ilə salamlaşıb uşaqlara tərəf baxdı. 

Əli sözünə davam etdi: 

– Yedirdib yatırmışam, paltarları yuyub ütüləmişəm. Bütün günü səndən danışmışıq. Axı, bu gun sənin öldüyün gündür. 

O başı ilə minnətdarlığını bildirərək ütülü paltarlara və yuyulmuş qablara baxdı. 

Əli dərindən köks ötürərək dedi: 

– Hə, səndən sonra çox şey öyrənmişəm. Ev yığışdırmağı, paltar yumağı, xörək bişirməyi …

O sual dolu nəzərlərlə Əliyə baxdı. 

Əli: 
– Səni itirməkdən qorxuram, tez-tez yuxularıma gəlirsən. Heç yuxudan ayrılmaq istəmirəm, elə hey yatmaq istəyirəm. Ayılanda çox peşman oluram, çünki söhbətimiz yarımçıq qalır. Bu evə başqa bir qadın gəlsəydi səni bir daha görməzdim. Axı sənin əmanətlərini başqasına necə etibar edə bilərəm?! 

Bu anda uşaqlardan biri ağladı:
-Ana haradasan? Ana. Anamı istəyirəm… 

Qeyri-ixtiyari olaraq onların baxışları toqquşdu. 

Əlinin gözləri yaşla dolmuşdu. Kövrələrək:
– Hər gecə yuxudan oyanıb səni axtarır. Səni çağırır..

O, sanki günahkarcasına Əlinin gözlərinə baxaraq başı ilə uşaqları göstərdi. Əli uşaqların yanına getdi. Qayıdanda onu görmədi. O getmişdi …