ASAN mafiya: Fuad Ələsgərov İlham Əliyevə nələr və nə qədər atırmış? (video)

İlham Əliyevin daha bir köməkçisinin islahedilməz oğru olduğu bəlli oldu, həm də bu dəfə deyəsən, özləri bunu sübut etmək istəyirlər. Əslində, adını çəkməyə məcbur olduğumuz köməkçi, sabir spiker Murtuz Ələsgərovun böyük oğlu Fuad Ələsgərovun oğru və sıradan bir korrupsioner olduğunu biz Azərbaycan Saatı televiziya proqramında dəfələrlə vurğulamışıq, həm də faktlarla.

Amma bu əlahəzrət qırıqlarına bizim təqdim etdiyimiz fakt – fakt kimi görükmür, onlara gərək olan fakt budur ki, sözü gedən hər hansı şəxs İlham Əliyevə şəxsən atıb, ya yox. Əgər İlham Əliyevə çəxsən atmayıbsa, deməli, sadəcə dəcəl dövlət məmurudur, şəxsən atıbsa, deməli dözülməz və islahedilməz oğrudur. İndi belə vəziyyət yaranıb ki, Fuad Ələsgərovu yoxlayırlar, həm də təpədən dırnağa qədər silkələyərək yoxlayırlar. Üzə çıxarılan faktlar qorxuncdurmu? O qədər də deyil. Orda bütün dövlət məmurları aşağı- yuxarı bu qədər çırpışdırırlar, hətta bəlkə də artıq. Bəs, niyə Fuad Ələsgərov başqalarından artıq qəzəbə düçar olur? Ona görə ki, İlham Əliyevin yeri gəldi- gəlmədi, hətta hansısa danışan kuklaların da önündə döşünə döyüb qürrələndiyi, “bir dünya brendi” adlandırdığı ASAN xidmət üzərindən çırpışdırır. İlham Əliyev onu bu qədər söz- söhbətdən bezdiyi üçün yoxlatdırmır. Sadəcə, kimsə qulağına pıçıldayıb ki, zalım oğlu, sənin sülalənin kassasını xımır- xımır yeyir, sənin xəbərin yoxdur və üstəlik, ən çox etimad göstərdiyin adamdır. Nələr üzə çıxıb indiyə qədərki yoxlamalarda? Məlum olub ki, ASAN xidmətdən çırpışdırılan, sirrli şəkildə dövriyyəyə soxulan pullar hesabına Fuad Ələsgərov nəhəng paralel tikinti biznesi qurub, bu tikinti biznesini də həvalə edib kürəkəni Elnura və dayısı oğlu Samirə. Məlum olub ki, ASAN ABAD adlı təmtəraqlı layihədən Fuad Ələsgərov şəxsi həyatını abadlaşdırmaq üçün milyonlarla dollar qatdalayıb və ASAN ABAD sektoru üzrə oğurluq əməliyyatlarına xalası oğlu Rüfəti təhkim edib. Təkcə ASAN xidmət üçün avtobusların və başqa texniki vasitələrin alınması əməliyyatlarından Fuad Ələsgərov 6 milyon dollar silib öz hesablarına doldura bilib. ASAN latyihələrlə əməlli- başlı oliqarxa çevrilən Fuad Ələsgərov dövlət aparatı daxilində nüfuz və imtiyazlarını da investisiya kimi yatırmaqla Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevlə şərikli biznes də qurub, hərbi gəmilərin təmiri, əsaslı təmiri və detalların alınması proseslərində əlavə milyonlar çırpışdıra bilib. General Elçin Quliyev də prezidentin qəbul otağının önündə quraşdırılan bu ənənəvi qara biznesin növbəti qurbanlarından biri ola bilər…

Daha orasını qeyd etməyə dəyməz ki, Fuad Ələsgərova qarşı irəli sürülən ittihamların arasında hətta başqalarına gülməli görünəcək bir- iki əhəmiyyətsiz faktlar da yer alır. Məsələn, iki qızını ASAN xidmətdə məsul vəzifəyə işə qoyması. Ki, bu cür faktları adətən, buketin tamamlanması məqsədilə əlavə edirlər, yoxsa, Azərbaycanda dövlət məmurlarının hamısı belə nepotist şəbəkənin bilavasitə qurucuları və iştirakçılarıdır. Əlavə olaraq, buketin ipini də onunla bağlayırlar ki, Fuad Ələsgərovun Dubayda və Türkiyədə geniş restoranlar- otellər şəbəkəsi üzə çıxıb.