1988-ci ilin əvvəllərində də belə idi. Bir yerə toplaşmağımıza, çayxanalarda belə yığışmağımıza müdaxilə edirdilər. İndi də rejim hansısa bir yeməkxanada oturub məclis təşkil etməyimizə, gənclərimizin toy etməsinə dövlətin bütün gücünü səfərbər edərək mane olur. Hətta bu gün geninə-boluna taladıqları Azərbaycanımızın müstəqilliyini bərpa edən bir təşkilatın, Azərbaycan Xalq Cəbhəsinin 30 illik yubileyini bütün ölkə boyu, o təşkilatın adına layiq qeyd etməyə imkan vermədilər.
Onda da bütün dövlət KİV-ləri vasitəsi ilə bizi başıpozuq, narkoman və sair epitetlərlə damğalayırdılar. İndi bu leksikonu ünsür, terrorist və bu kimi digər ifadələrlə zənginləşdiriblər. Daha narkoman deyə damğa da vurmurlar. Evimizə narkotik atıb narkobaron, çantamıza pul atıb kontrabandist adı ilə tutub damlayirlar.
Onda quş tüfənglərimizi yığıb erməniyə güllə atmağa imkan vermirdilər. İndi erməniyə güllə atana divan tuturlar. Şəhidlərimizin qan pulunu basıb yeyir, qazilərimizin güllə, qəlpə dəyən yerlərinin üstündə hoppanıb düşürlər.
88-ci ildə xalq qaynayıb-qaynayıb 17 noyabrda püskürdü və ölkədəki siyasi münasibətləri 180 dərəcə dəyişdi. İndi də xalq qaynayır. Onda da xalq hakimiyyətə qəzəbli idi, indi də, amma qəzəbin o zamankı və indiki obyektləri arasında fərqlər var.
Onda xalq ölkəmizə olan təhdidlər qarşısında zəifliyinə, dişsizliyinə, Kreml qarşısında ləbbeyk dayandığına görə bütövlükdə hakimiyyətə qəzəbli idi, onun ayrı-ayrı nümayəndələrinə yox. Çünki o hakimiyyət özünün qəbul etdiyi qanunlara, qoyduğu qaydalara əsasən riayət edirdi. Dövlət mexanizminin vintciyi hesab edilsə də insana hörmət var idi, onun şəxsiyyətini sındırmaq hədəf götürülməmişdi. Ona görə o hakimiyyətin nümayəndələrinin təhlükəsizliyinə heç bir problem yaranmadı.
İndi oğru, talançı, yalançı olduqlarına görə xalq bu hakimiyyətin hər bir nümayəndəsinə qəzəblidir. Millət, qudurğanlıqlarına, dövlət deyilən anlayışı məhv etdiklərinə görə, insanı insan saymadıqları üçün onlara ayrı-ayrılıqda və hamısına birlikdə nifrət edir.
Və mənim sözüm bu rejimin birincidən sonuncuya bütün nümayəndələrinədir: “Bu xalqı püskürməyə məcbur etməyin, püskürdüsə o sizi məhv edəcək”.