Paytaxtın ən böyük problemlərindən biri sənədsiz evlərlə bağlı insanların üzləşdiyi çətinliklərdir. Təxmini hesablamalara görə Bakı şəhərində 500 minə yaxın sənədsiz tikili var. O halda özünüz həmin evlərdə qeydiyyatsız yaşayan insanların nə əzab-əziyyət çəkdiyini təsəvvürünüzə gətirin! Bir gün o narazı vətəndaşların mənzil hüququ üçün etiraza qalxmasını necə, təsəvvürünüzə gətirirsiniz? Bir gün o narazılıq dalğası mütləq mövcud hakimiyyəti vuracaq. Məlumdur ki, bizdə ölkə vətəndaşının qeydiyyat yeri olmadan şəxsiyyətini təsdiq edən sənəd almaq hüququ yoxdur. Məsələn, Bakıda belə bir hadisə baş vermişdi. Küçədə qalan qocanı qocalar evinə yerləşdirmək müşkülə çevrilmişdi. Çünki adamın şəxsiyyət vəsiqəsi yox idi. Sənədsiz, “kupça”sız evlərdə yaşayan insanların taleyi də buna bənzəyir. Bəzi ailələr on illər boyu belə evlərdə havadan asılı vəziyyətdə yaşamalı olurlar. Ölkədə isə şəxsiyyət vəsiqəsi olmadan cəmiyyətdən təcrid olunmuş bir adamsan, demək olar ki. Təhsil almaq, işə düzəlmək, müqavilə bağlamaq, kredit götürmək, nikaha daxil olmaq və s. üçün mütləq şəxsiyyət vəsiqəsi lazımdır. Nəzərə alsaq ki, ölkədə on minlərlə sənədsiz evlər var və o evlərdə rəsmi qeydiyyata düşmək mümkün deyil, nə qədər insanın od ayaqladığını özünüz düşünün.
Paytaxtda fərdi evlərin “kupça” – evin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd məsələsində durum daha bərbaddır. Əsasən, bu evlər bələdiyyə sənədi əsasında tikilir və tikinti bütün rəsmi qurumların gözləri qarşısında baş verir. Tikili qanunsuz sayılırsa, səlahiyyətli qurumlar vaxtında müdaxilə edib onu dayandırmalıdır. Paytaxtın bəzi sahələrində insanlar 40-50 ildən çoxdur yaşayırlar. “İnşaatçılar” və “28 May” metro stansiyalarının yaxınlığındakı “kupçasız” evlər kimi. İllərdir bu evləri qanunsuz tikinti kimi sökmək yada düşmür. O zaman insanı 50 il evində qeydiyyatsız saxlamaq nə deməkdir?
Sənədsiz evlərdən əldə edilən milyonlar
Bütün bu oyunların başında bilirsiniz nə dayanır? On minlərlə insandan milyonlarla pul qoparmaq. Hüquqşünasların fikrincə, əgər mənzildə yaşayan şəxsin müqaviləsi varsa, hüququ tanınır. Qanunvericiliyə görə daşınmaz əmlakın qeydiyyatında məcburiyyət yoxdur. Kim istəsə, evini qeydiyyata aldırar, kim istəyər, müqavilə ilə yaşayar. Amma qeydiyyat olmadıqda, başqa məsələ ortaya çıxır. Onlar əmlak vergisi vermirlər, dövlətə ziyan dəyir. Bu məsələ dəfələrlə yüksək səviyyədə qaldırılsa da, problemlərin həlli düyünə düşüb. Sayı yüz minlərlə hesablanan sənədsiz evlərin alqı-satqısından dövlət hər il milyonlarla manat vergi itirir, ancaq bir qrup milyonlarla qanunsuz gəlir əldə edir. Görünür ki, bütün bu qarışıq işlərin başında da dayanır Əmlak Məsələləri Dövlət Komitəsi. Onun sədri Kərəm Həsənovun bu vəzifədə necə böyük oliqarxa çevrildiyini düşünsə, məsələnin qaranlıq tərəfi qalmır.
Qeyd edək ki, İlham Əliyev 2016-cı ildə vətəndaşların sənədsiz evlərinin qeydiyyata alınması ilə bağlı fərman imzalayıb. Fərmana görə, əgər qeyri-qanuni yaşayış yerləri kommunikasiya xətlərinin üzərində, neft ərazisində deyilsə, bunların dərhal aradan qaldırılması üçün vətəndaş müraciət edə bilər və müraciətini əsaslandıraraq sənəd ala bilər. Amma fərman hələ də kağız üzərində qalır. Çünki bu sahədən qaz vurub, qazan dolduranlar məsələnin asan həllində maraqlı deyillər. Bir ev dəllalının dediyinə görə, indi ölkədə ən çox alınan mənzillər qanunsuz tikililərdir. Deyilənə görə, hazırda ən çox torpaq və ev satışı olan Saray qəsəbəsində, demək olar ki, satışa çıxarılan bütün evlər “kupça”sızdır. Qiymətlər də nisbətən ucuzdur – 30-35 min manat. Həmin dəllal deyir ki, “kupça” almaq mümkündür, amma çox adam əlavə 20-30 min manat xərc çəkib reyestrdən “çıxarış” almağa maraqlı deyil. Yəni hamı ucuza qaçır, torpaqlar bələdiyyədən alınır, tikilir, heç birinin də “kupça”sı yoxdur. Alqı-satqı zamanı müqavilə bağlayıb kiminsə adına keçirirlər, vəssalam. Bax, ölkədə “kupça”, qeydiyyat məsələsinin bu qədər baha başa gəlməsi insanların həmin qanunsuz tikililərə üstünlük verməsinə və bir qrupun qanunsuz milyonlar qazanmasına yol açır. Yaxınlarda mətbuatda Sabunçu İcra Hakimiyyətinin ərazidəki bələdiyyə torpaqlarında ev tikmək istəyən vətəndaşlardan 3-5 min manat arasında pul tələb etdiyi haqda yazılar da getmişdi.