“2018- ci ilin Gəncə hadisələri: terror, təxribat, yoxsa ictimai etiraz

Hadisəni törətdikdən sonra bildirib ki, onu bu addımı atmağa vadar edən səbəb Elmar Vəliyevin özbaşınalığına son qoymaq cəhdi olub

Repressiya və İşgəncələr Əleyhinə Komitə

2018- ci ilin Gəncə hadisələri: terror, təxribat, yoxsa ictimai etiraz.

Reallıqlar və uydurmalar” mövzusunda

H E S A B A T

1-ci hissə)

Ümumi məlumat. 2018- ci ilin iyul ayında Azərbaycanda ölkənin ikinci böyük şəhəri Gəncədə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə şəhər sakini Yunus Səfərov tərəfindən “Makarov” markalı tapança ilə atəş açılaraq yaralanması ilə nəticələnən hadisə baş verir. Hadisənin ilk günlərində hakimiyyət yetkililəri bu hadisəni şəxsi zəmində baş vermiş hadisə adlandırsalar da sonradan bunu “terror”, “hakimiyyəti zorla ələ keçirmə”, “konstitusiya qurluşunu zorla dəyişdirməyə və dini dövlət qurmağa cəhd” və s. kimi qiymətləndirdilər. Polisdə olduğu müddətdə Yunus Səfərovun ağır işgəncələrə məruz qalaraq ölümcül şəkildə şəkili çəkilib sosial şəbəkələrdə paylaşılır. Naməlum qüvvələr tərəfindən facebook üzərindən 10 iyula Gəncədə İcra Hakimiyyəti binasının qarşısına saat 20.00-a şübhəli mitinq təyin olunur. Rəsmi məlumata görə meydanda 150- 200 nəfər iştirak edir. Hadisə zamanı Rəşad Böyükkişiyev adlı əvəllər məhkum olunmuş və axtarışda olan şəhər sakini DİN Nizami və Kəpəz rayon Polis İdarələrinin rəis müavinləri İlqar Balakişiyev və Səməd Abbasovu xəncərlə qətlə yetirərək çoxsaylı polislərin və insanların arasından rahatca çıxıb ərazini tərk edir. Hadisə günü və sonrakı günlərdə 200- dən çox (müxtəlif mənbələr bu rəqəmin 500- ə yaxın olduğunu qeyd edir-red.) yaxın insan həbs olunur, bəzi şəxslər müəmmalı şəkildə qətlə yetirilir. Sonrakı günlərdə Respublika baş prokurorluğunun rəsmi məlumatına görə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə hadisələri ilə bağlı ümumilikdə 77 nəfərin haqqında cinayət işi açılaraq məhkəmə qərarı ilə həbs- qəti imkan tədbiri seçilir. 11 nəfər haqqında axtarış elan olunur… Eyni zamanda 2- si polis olmaqla ən azından 10 nəfər qətlə yetirilir.

Hesabatın hazırlanmasında məqsəd. Məqsəd 2018- ci ilin iyul ayında Gəncədə çoxlu sayda insanların həbs olunması, ağır işgəncələrə məruz qalması və qətlə yetirilməsi ilə bağlı hadisənin baş vermə səbəblərini, təfərrüatını, nəticələrini araşdırmaqdır. Yaxın tariximizə növbəti qanlı olay kimi düşmüş bu hadisəni obyektiv dəyərləndirməkdir.

Hesabatın hazırlanmasında istifadə olunan metodologiya. Hesabat hazırlanarkən maraqlı tərəflərlə, həbs edilən və qətlə yetirilən şəxslərin valideynləri, ailə üzvləri ilə görüş keçirilib. Onların iştirakı ilə müzakirələr aparılıb. Eyni zamanda hadisələrlə bağlı ittihamçı mövqedən çıxış edən Daxili İşlər Nazirliyi və Respublika baş prokurorluğunun məsul şəxsləri ilə görüşülüb, onlarla müzakirələr aparılıb. Təqsirləndirilən şəxslərlə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsi və Gəncə Apellyasiya məhkəməsində məhkəmə proseslərində iştirak olunub və məhkəmə proseslərinin monitorinqi aparılıb. Təqsirləndirilən şəxslərin, şahidlərin, zərərçəkənlərin, ittiham tərəfinin və s. fikirləri dinlənilib. Təqsirləndirilən şəxslərlə bağlı İttiham Aktları, məhkəmə hökmləri, Məhkəmə tibbi ekspertiza rəyləri, aidiyyatı qurumların məktubları və s. araşdırılıb. Hadisə zamanı çəkilmiş və lentə alınmış video görüntülərə baxış keçirilib.

Gəncə hadisələrinin baş verməsi. 2018- ci il iyun ayının sonu, iyul ayının əvvəllərində ölkədə enerji böhranı yaranmışdı. Mingəçevir Elektrik Stansiyasında partlayış baş verdiyinə görə ölkənin bir sıra bölgələrində elektrik enerjisinin ötürülməsində ciddi fasilələr olurdu. Bu isə ölkədə həm əhali arasında gərginliyin artmasına, həm də ümumilikdə ictimai- siyasi vəziyyətə təsir göstərirdi. Belə bir şəraitdə iyul ayının 3- də axşam saatlarında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsinə dair xəbər yayıldı. Məlumat sosial şəbəkələrin və informasiya resurslarının aparıcı baş xəbərinə və müzakirəsinə çevrildi. Məlum oldu ki, Gəncə şəhər sakini (bəzi mənbələr onun həm də Rusiya Federasiyasının vətəndaşı olduğunu bildirir- red.) Yunis Səfərov adlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə odlu silahdan atəş açmış, nəticədə Elmar Vəliyev və onun mühafizəçisi, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazov ağır yaralanıb. Yunis Səfərov hadisə yerində dərhal tutulub və polis idarəsinə aparılıb. Hadisənin ilk günlərində hakimiyyət yetkililəri bu hadisəni şəxsi zəmində baş vermiş hadisə adlandırsalar da (prezidentin köməkçisi Əli Həsənov və digərləri- red.) sonradan bu hadisəni “terror” kimi qiymətləndirmiş, Yunus Səfərovun xarici ölkələrdə “terror qruplaşmalarına bağlı olduğunu” iddia etmişlər. Lakin ilkin məlumatlara görə Yunis Səfərov bu sui-qəsdi şəxsi zəmində törətib və qabaqcadan planlaşdırıb. Belə ki, o hadisəni törətdikdən sonra özü bildirib ki, onu bu addımı atmağa vadar edən səbəb Elmar Vəliyevin özbaşınalığına son qoymaq cəhdi olub. O, keçmiş icra başçısının yerli sakinləri incitdiyini, bəzən onları təhqir etdiyini, mülklərini sökdürdüyünü və əlindən aldığını, məscidə ayyaqabı ilə girdiyini, Aşura ərəfəsində şəhərdə şərab festivalı keçirdiyini və s. hərəkətlərinin qəbul olunmaz olduğunu bildirib. Yeri gəlmişkən qeyd edək ki, Yunus Səfərov məqsədini həyata keçirmək üçün hadisədən 9 ay qabaq Kapital bankın Gəncə filialında mühafizəçisi vəzifəsində işləyən polis əməkdaşına hücum etmiş, ona fiziki zor tətbiq edərək “Makaraov” tipli silahını əlindən almışdır. Bu hadisəyə görə o axtarışda olub. Amma ictimaiyyətə bəlli olmayan səbəblərə görə o ötən 9 ay ərzində istintaqa cəlb olunmamış və bunun üçün yerli hüququ- mühafizə orqanları lazımi zəruri addımlar atmamışdır.

Qeyd. Təsdiqlənməmiş qeyri- rəsmi məlumatlara görə Yunus Səfərov 2 dəfə polis tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilsə də o naməlum səbəblərdən sərbəst buraxılıb.

Yerli sakinlərin verdiyi məlumata görə hadisədən 1-2 gün keçəndən sonra əhali arasında belə bir xəbər gəzirdi ki, Elmar Vəliyevin oğlu və onun yaxınları Yunis Səfərovu cəzalandırmaq məqsədilə poliş idarəsinə getmiş və orada ona işgəncə verib döymüşlər. Sosial şəbəkələrdə bu barədə Yunisin ölümcül vəziyyətini əks etdirən müvafiq şəkillər paylaşılıb. Sual yaranır, Yunis Səfərovun şəklini polis idarəsindən polisin özündən başqa kim çəkib paylaşa bilər ki? Bütün bunlar Elmar Vəliyevə qəzəbli olan yerli sakinlər arasında narazılıqlara və etirazlara səbəb olub, camaat arasında “bu nə özbaşınalıqdır polis idarəsində baş verir”, “Yunis cinayət törədib, qoy qanun çərçivəsində mühakimə etsinlər, day adamı öldürmək nə deməkdir?”, “Yunis bir zalımın zülmünə son qoyub, elə belə baxanda düz edib” və s. bu kimi fikirlər səslənirdi. Aidiyyəti qurumlar əhalinin getdikçə artan narazılığını görüb qabağlayıcı hərəkətlər etmiş və televiziya kanallarından birində Yunisin sağ olmasını, ona qarşı heç bir zor tətbiq edilməməsinə dair görüntülər nümayiş etdiriblər, Yunisin özünü danışdırıblar. Əhali nisbətən sakitləşib. Hadisədən dərhal sonra Gəncədə məlumat yayılıb ki, Elmar Vəliyevin oğlu və yaxınları doğurdan da Yunisi cəzalandırmaq istəyiblər, lakin Yunisə nəzarət edən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov buna imkan verməyib, Yunisin təhlükəsizliyinə görə məsuliyyət daşıdıqlarını bildiriblər. Yerli sakinlərin verdiyi məlumata görə İlqar Balakişiyev və Səməd Abbasov bundan öncə də bir çox ədalətli hərəkətləri ilə şəhər sakinlərinin rəğbətini qazanıb. Onların Yunislə bağlı son hərəkətləri də hər iki şəxsin hörmətini artırıb.

Bu məlumatlar Gəncədə surətlə yayılır, məlum hadisə və ondan sonrakı şayiələr də çox böyük səs- küyə səbəb olur, şəhərdə böyükdən kiçiyə kimi hamı bu hadisə haqqında danışır, söhbət aparırdı. Əhali arasında fikir ayrılığı yaranır, kimisi Yunisin sağ olmasına inanır, kimisi onun öldürüldüyünü düşünürdü.

İyul ayının 5-6- da sosial şəbəkə istifadəçisi olan bir çox yerli şəhər sakinlərinin mobil telefonlarına “Yunis Səfərova azadlıq”, “Elmar Vəliyevin ailəsi Gəncədən çıxsın”, “Yunus Səfərova işgəncə verilməsi dayandırılsın” kimi şüar altında 10 iyul saat 20:00-da Gəncə şəhər İçra Hakimiyyətinin inzibati binası qarşısında mitinq olacağı haqqında çağırış xarakterli məlumatlar daxil olub. Bu məlumatların hansı mənbələrdən yayılması bilinmir. Eyni zamanda bəzi sosial şəbəkə istifadəçiləri bu mitinqin hakimiyyət tərəfindən təşkil edildiyini, təxribat xarakterli olduğunu bildirir və Gəncə əhalisinə bu çağırışlara uymamağa, mitinqə çıxmamağa çağırır. Təbii ki, bütün olanlardan sonra bu mitinqə bir çox şəxslərin maraq göstərməsi gözlənilirdi. Cəmiyyət içində fikir qarışıqlığı yaranır. Kimisi ehtiyyat edib həmin mitinqə getməyib, kimisi sadəlöv olub maraq göstərib gedib mitinqi müşahidə edib. Hadisə günü 10 iyulda bir çox insanlar- təsadüf nəticəsində meydanın kənarından keçənlər, mitinqi müşahidə edənlər, heç ümumiyyətlə meydanda olmayaraq hadisədən xeyli əvvəl və ya sonra həbs edilib.

10 iyulda Gəncədə nə baş verdi? Yerli sakinlərin, şahidlərin verdiyi məlumata görə hadisə günü 10 iyulda axşam saatlarında insanlar 2- 3 nəfər bir yerdə Gəncə şəhər İçra Hakimiyyətinin inzibati binası qarşısındaki meydana toplaşmağa başlayıblar. Orada qadın və uşaq, cavan və qoca insanlar olub. İlkin olaraq insanlar heç bir təlaş və ya təşviş yaşamayıb. Saat 20:00 tamam olur, amma mitinq deyilən bir tədbirin keçirilməsi əlamətləri övcud olmur (nə tribuna, nə plakat, nə çıxış edən bir qrup şəxslər və s.), bir çox insanlar düşünür ki, yalandan bu camaatı bura nəyə yığıblar, dağılışaq evimizə, işimizə- gücümüzə. Anidən fit səsi gəlir, “Allahu əkbər”, “Ya Hüseyn” kimi dini süarlar səslənir və Rəşad Böyükkişiyev adlı şəxs sanki qəsdən olaraq, yanaşı duran 2 nəfər yüksək rütbəli polis polkovnikləri İlqar Balakişiyevlə Səməd Abbasova hücum edir və əlində tutduğu qılınca bənzər alətlə onlara xəsarətlər yetirir, sonra digər polis əməkdaşı Samir Bayramova hücum edərək ayağının bud nahiyəsindən yaralayır. Sonra Asif Dəmirova hücum etmək istədikdə bir nəfər polis əməkdaşı tərəfindən gözyaşardıcı qazdan istifadə edilərək qarşısı alınır…

Hadisənin baş verməsi ilə bitməsi arası heç 5 dəqiqə çəkmir. Maraqlısı odur ki, hadisəni törədən, əlində soyuq silah olan tək bir nəfər- Rəşad Böyükkişiyev olur. O da çoxsaylı polislərin arasından rahat şəkildə meydanı tərk edib gedir.

Qeyd: Məhkəmə prosesində hadisə zamanı lentə alınmış video çəkilişlər və hadisə yerində quraşdırılmış şəhər müşahidə kameralarının görüntülərindən də aydın olur ki, Rəşad Böyükişiyev polislərə tək başına hücum edib. Ona heç kim yaxından, uzaqdan kömək etmir. Meydanda ondan savayı heç kimin əlində silah olmayıb. Təqsirləndirilən şəxslərdən heç kim polisə hücum etmir, daş atmır və heç kim polis hücum etdikdə polisə müqavimət göstərib Rəşadı mühafizə etmir.

Rəşad Balakişiyev əlində xəncəri yuxarı qaldırıb qışqıraraq meydanın o baş- bu başına gedir. Polislər onun bu hərəkətini ya görməməzliyə vurur, ya da ona mane olmur, bəziləri isə sadəcə ona tamaşa edir və ərazidən uzaqlaşır. Hətta Rəşad polisə hücum edir, digər polislər ona mane olmaq əvəzinə müşahidəçi mövqedə olur. Və Rəşad meydana əlində xəncər girdiyi kimi də çıxıb gedir. Kimsə onun qarşısını kəsib həbs etmir. Bundan sonra əraziyə 4 nömrəli şəhər avtobusu ilə Daxili qoşun hissələri gəlir və insanlar dağılır…

Maraqlıdır ki, Rəşadın cinayət törətməsinə şərait yaradan polis əməkdaşları (video görüntüdə onlar açıq şəkildə görünür- red.) bu gün də vəzifədədirlər. Öz vəzifəsini lazım olan məqamda və məkanda icra etməyən polis əməkdaşları vəzifə başındadır, amma hadisələri polislərlə bərabər müşahidə etdiyinə görə onlarla günahsız şəxs həbsdədir.

Hadisədən sonra isə meydanda təlaş və təşviş yaranır, orada olan, yoldan təsadüfən keçən, ətrafdakı yaşayış və qeyri-yaşayış obyektlərin yanında duran bütün şəxsləri polis əməkdaşları, xüsusi təyinatlı qoşunlar tərəfindən tutulub Gəncə və Nizami rayon polis idarələrinə gətirilir. Tutulan şəxslərin sayı çox olduğuna görə onları bölüb digər rayon polis şöbələrinə- Şəmkir, Tovuz, Yevlax, Samux, Göygöl və s. rayon şöbələrinə aparırlar. Tutulan şəxslərin sonrakı aqibəti olduqca ağır və gözlənilməz olur. Onlara tutulduqları ilk gündən etibarən bir neçə gün davamlı şəkildə ağır işgəncələr verilir, tutulan şəxslərdən bir qismi inzibati qaydada həbs olunub, bir qismi isə saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir. Şəhər sakinlərinin və təqsirləndirilən şəxslərin verdikləri məlumata görə həbs edilənlərin bir hissəsindən pul alınaraq sərbəst buraxılır.

Qeyd: Elmar Vəliyevin Gəncə şəhər icra hakimiyyətinin başçısı kimi fəaliyyəti. Yerli sakinlərin verdiyi məlumata, eləcə də müstəqil yönlü mətbuat orqanlarında aparılan araşdırmalara görə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin fəaliyyəti şəhər sakinlərini o qədər də qane etməyib. Əksinə, bir çox epizodlarda vətəndaşlar icra başçısından narazılıq ediblər. Bəzi yerli sakinlər bildirir ki, icra başçısı bir çox insanlarla qeyri-etik davranır, ifadələrində söyüş və təhqir işlədirdi. Bir çox yaşayış və qeyri-yaşayış obyektlərini sahiblərinin əlindən alıb qeyri-qanuni zəbt edərək, onları sökdürüb yerində yeni obyektlər tikdirib satdırırmış. Şəhərdə bütün xırda bazarları yerlə- yeksan etmiş, əvəzində böyük bazar tikdirmiş və bununla da bir çox alıcıların və kənd məhsullarını bazara çıxaran satıcıların işini əziyyətə salıb. Dini etiqad göstərən insanlara hörmətsizlik edir, məscidlərə ayaqqabı ilə girir, təhqiramiz sözlər işlədir, hətta aşura günündə şəhərdə şərab festivalı keçirib – bir sözlə əhalinin rəğbətini yox, daha çox nifrətini qazanıb. Bu üzdən də Elmar Vəliyevə qarşı sui-qəsd cinayət olmuş olsa da, bu hadisəyə bir çoxları sevinmiş və sanki zalımdan canlarını qurtarmış kimi özlərini hiss etmişlər və buna görə də Yunis Səfərov cinayət hərəkəti etsə də əhalinin ona simpatiyası yaranıb. Sosial şəbəkələrdə qəhrəman elan edilib və s.

İşgəncə halları. Gəncə hadisələri ilə bağlı məhkəmə proseslərində ifadə verən təqsirləndirilən şəxslərin əksəriyyəti bir mənalı şəkildə bildiriblər ki, onlar həbs olunduğu ilk və sonrakı günlərdə polis bölmələrində ağır işgəncələrə məruz qalıblar. İşgəncələrin miqyası və amansızlığı o qədər ağır olub ki, zorakalığa və qeyri- insani rəftara dözməyən bir çox şəxslər huşunu itirib, bayılıb. Bəziləri isə özünə qəsd etməyə cəhd göstərib. İşgəncə halları ilə bağlı təqsirləndirilən şəxslərin özlərinin və ailə üzvlərinin fikirlərinə nəzər salaq;

Bəkrəm Əliyevin işgəncə dolu məktubu… Həbs olunarkən və sonrakı günlərdə ağır işgəncələrə məruz qaldığını bildirən təqsirləndirilən şəxs Bəkrəm Əliyev saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasından məktub göndərərək başına gələnləri belə izah edir; “Bakıya gedərkən Nəvai postunda mülkü formada, tanımadığım şəxslər məni saxlayıb, öz maşınlarına mindirib Gəncəyə MTN-ə (DTX-nin Gəncə idarəsi- red.) gətirdilər. 4-5 saat orda qaldım, sonra məni Nizami rayon Polis İdarəsinə təhvil verdilər.

Nizami Rayon Polis İdarəsində məni rəisin otağına qaldırdılar. Rəisin otağında mənə videogörüntü göstərdilər. Soruşdular ki, videogörüntüdəki sənsən? Dedim bəli, mənəm. O, polis məni vurdu, mən də özümü müdafiə etdim, onu itələdim.

Məni başqa otağa apardılar. 3 nəfər mülki geyimli adam vardı otaqda. Başladılar məni döyməyə Məni vura-vura yerə yıxdılar. Yerdə başladılar məni təpikləməyə. Əlimi arxadan qandallamışdılar, tərpənə bilmirdim. 3 nəfər dayanmadan mənim başıma, belimə, böyrəklərimə təpiklə vururdu.

Sonra otağa başqa adamlar da gəlirdi, girən soruşurdu bu kimdi, deyirdilər ki, “Samiri vurub yıxan budu”. Otağa kim girirdi, məni vururdu, döyürdü.

Samir Nizami rayonunun polisi idi. Məni Samirin (Gəncə baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini Samir Bayramov- red.) iş yoldaşları döyürdü. Ona görə də məni çox döydülər, zülm verdilər. Qalın kitablarla başıma vururdular. Otaqdakı 18-20 polis var idi. Hamısı bir-bir gəlib məni döyürdülər, hamısı məndən acıqlı idilər.

Otağa girənləri -baş leytnantı, kapitanı, mülki formada olanları görsəm indi hamısını tanıyaram.

Mülkü formada olanlardan biri mənim ciblərimi yoxladı. 115 manat pulum var idi. Pulumu götürdü, dedi “100-ü mənim, 15-i sənin”. Mən dedim ki, qaytar pulumu, başladı məni vurmağa. Sonra çıxıb getdi. Sonra başqa adam gəldi, ona dedim ki, bayaq gedən adam hanı, mənim pulumu gütürüb, görsən ona de ki, pulumu gətirsin versin. 1 saat keçdi, pulumu götürən adam gəldi və başladı məni döyməyə ki, bütün şöbəyə yayıbsan ki, Ramin mənim pulumu götürüb. Sonra mənə dedi ki, bu pulu sənə vermiyəcəm. Bu pulu sənə verənə söyüş qoymuşam. Özünü söyüb pulumu da aparıb, çıxıb getdi.

Sonra məni sürüyə-sürüyə başqa otağa apardılar. Otaqda müstəntiq var idi. Dedi adım Caviddi. Soruşdu ki, necə oldu ora getdin? Məndə başladım başıma gələnləri danışmağa? Biraz keçdi qapı açıldı. 6-7 nəfər polis girdi içəri. Dedilər bu idi? O, da dedi ki, bu idi. O, adamın əlində çəlik var idi. Bildim ki, bu Samirdi. İki polis , biri Samirin sağ qoluna, biri də sol qoluna girdi. Samir də çəliyini götürdü əlinə, başladı məni çəliklə döyməyə. Müstəntiq otaqda idi, amma heç nə demirdi. Zərbənin çoxusu başıma və sağ qoluma dəyirdi. Sağ qolum çiynimdən əlimə qədər qapqara olmuşdu, başım da şişmişdi. Onların içində bir mayor var idi. Gəldi üstümə tüpürdü, getdilər. Otaqda iki nəfər qalmışdı.

Məni yerdən qaldırıb stulda otuzdurdular. Müstəntiq Cavid dedi ki, bu sənədlərə qol çək, sənə 315-ci maddə düşür, 1-2 il yatıb çıxarsan. Yoxsa, bunlar sənin içni-içalatını tökəcəklər burda, yazıqsan. O, bunu deyib, otaqdan çıxdı. Müstəntiq çıxandan sonra otaqdakılar yenə başladı məni döyməyə.

Sonra məni 1-ci mərtəbəyə düşürdülər. Növbətçi hissənin arxa tərəfində koridor var idi. 23-30 adam diziüstə üzü divara, əlləri boyunlarında saxlamışdılar o koridorda. 7-8 nəfər polis də arxalarında dayanmışdı. Onların kürəklərinə-başlarına təpikləyirdilər. O polislər “speznazın” polisləri idi.

Məni o polislərə təhvil verdilər. Polislər soruşdu ki, bu kimdi. Məni təhvil verənlər dedilər ki, “Samiri yıxan adam budur”.

Polislər məni təpiklə-yumruqla vurmağa başladılar. Məni yerə yıxıb belimə çıxdılar. İkisi başladı belimdə hoppanmağa. Onlar hoppandıqca qabırğalarım əzilirdi. İki ay nə öskürə, nə də asqıra bildim. Çətin nəfəs alırdım. Sonra məni də divara düzdükləri adamların yanına qoydular, başladılar arxadan təpik-yumruq vurmağa.

Orada iki nəfər özündən getdi. Vedrə ilə su töküb ayıltdılar. Sonra məni şöbənin həyətinə çıxartdılar. Həyətdə “speznazın” polisi var idi. Əlində avtomatla gəzirdi. Məni onun yanında saxlayıb başqalarını gətirməyə getdilər. Çox pis vəziyyətdə idim. Paltarımı cırmışdılar. Başım şişib nə boyda olmuşdu. Həyətdə dayanan polis mənə dedi ki, canını qurtarmaq istəyirsən? Heç nə demədim. Polis mənə dedi ki, sən, qaç, güllələyim səni. Onsuz da sizdən 3-nü öldürmüşük.

Sonra başqa adamlar gətirdilər həyətə. Bizi “dustaq maşınına” mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Şöbəyə girəndə sağ tərəfdə bir otaq var idi. Məni o otağa saldılar. Otaqda mayor var idi, adı da Nizami idi. Başladı məni şillələməyə, təpik vurmağa.

O otaqdan məni çıxardılar uzun bir koridora. Polis mənə dedi ki, uzan yerə sürün. Mən də uzanmadım. Polis başladı məni döyməyə. 2-3 nəfər polis də qoşuldu buna məni o qədər döydülər, gözüm qaraldı, özümdən getdim. Bir də ayıldım ki, məni sürüyə-sürüyə kameraya salırlar. Özümə gəldim, uşaqlar mənə su verdilər.

2-3 saat keçdi. Polislər gəlib məni kameradan çıxartdılar, saldılar bir otağa. Orda polis kapitanı vardı. Polis kapitanı şalvarının qabağını açıb, dedi ki, səni murdarlayacam, işiyəcəm başına. Mən də başımı yerə-divara vurdum başım yarıldı. O polisi otaqdan çıxartdılar. O birilər yenə başladı məni vurmağa. Sonra məni aparıb kameraya saldılar. 3-4 saat keçdi aradan. Saat 2-3 olardı. Axşam bizi döyə-döyə kameradan çıxarıb “dustaq maşınına” mindirdilər.10-12 nəfər idik. Bizi Nizami rayon Məhkəməsinə apardılar.

Maşından düşürdəndə də döyürdülər. Bizi məhkəmə zalına qaldırdılar. Hakim 4 ay sanksiya verdi. Sonra yenə döyə-döyə “dustaq maşınına” mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Bizi döyə-döyə kameraya saldılar.

Səhər açıldı. Saat 1-2 olardı. Təkcə məni maşına mindirib apardılar. Axşam “banditizmə” çatdıq, məni kameraya saldılar.

Səhər açıldı, məni kameradan çıxartdılar, qaldırdılar ikinci mərtəbəyə. Bir otağa saldılar. Orada iki nəfər mülki geyimli içəri girən kimi məni əllərindəki dubinka ilə döyməyə başladı. Əllərim qandallı idi. Yerdə halsız vəziyyətdə qalmışdım. Məni otağın baş tərəfinə sürüdülər. Hiss elədim ki, çeçelə barmağıma məftil bağlayırlar. Başımı qaldırdım, gördüm stolun üstündə nəsə qara aparat var. Başladılar “tok” verməyə. 3-4 dəfə özümdən getdim. Naşatır qoxladıb ayıldırdılar, bir də “tok” verirdilər. Sonra bir nəfər girdi içəri soruşdu ki, bu kimdi? Dedilər polisi yıxan budur. Dedi özüm məşğul olacam. Orda bununla biri var id, dedi ki, “toku” Mingəçevirə qoy”. Çox güclü volta qoymuşdu. Qışqırmaqdan səsim batmışdı. Çeçelə barmağımın ikisinin də əti parçalanmışdı. Bir o yadıma gəlir ki, iki polis məni sürüyə-sürüyə kameraya aparıb “koykaya” uzatdılar.

İki gün yerimdən qalxa bilmədim. İkinci gün qalxdım, yavaş-yavaş özümə gəlirdim. Bir də məni çıxartdılar ikinci mərtəbəyə. Yenə döydülər. Sonra biri varıydı başladı saçımı yolub qabağıma tökməyə. Zülm verirdilər. Üstündən 10 ay keçməsinə baxmayaraq başımda kəskin ağrılar var. Hətta elə olur ki, 10-15 dəqiqə özümdə olmuram, huşumu itirirəm.

Ayağımın altına dubinka ilə vururdular ki, ciyərim, böyrəyim dağılsın. Ağrıdan nəfəsim kəsilirdi. Yerdən qalxa bilmirdim, ayaqlarımın altı şişib göyərmişdi.

Sonra 2 nəfər gədli məni kameraya apardılar. 2 gün karsda ac-sussuz saxladılar. Bir -iki gün keçdi bədənimi yoxladılar. Krem, dərman verdilər ki, bədənimə sürtüm. Bütün bədənim gömgöy idi. Bütün bədənim ağrıyırdı, dəhşətli ağrılardan yata bilmirdim.

7 gün Nizami Rayon Polis İdarəsində, 15 gün “banditizmdə” edilən vəhşilik və işgəncələrdən sonra məni Kürdəxanı təcridxanasına gətirdilər.

Televizorda görürdüm, internetdə oxuyurdum ki, Xocalıda ermənilər bizim millətə nə zülümlər veriblər. Çox pis olurdum. O zülmləri mən də çəkdim. Amma öz ölkəmdə. Özümü ermənilərə əsir düşmüş kimi hiss elədim.

Banditizmdən” Kürdəxanıya gətirəndə başıma qara meşok keçirmişdilər. Bilmirdim məni hara aparırlar. Yolboyu mən nələr çəkdim, nələr fikirləşdim bir Allah bilir. Çox qəddarlıq etdilər. Hələ özümə gələ bilməmişəm.

İşgəncədən 10 ay sonra prokurorluqdan işgəncə faktını yoxlamaq üçün ekspert gəlmişdi. Artıq aradan 10 ay keçmişdi. 10 aydan sonra bədənimdə izlər qalmasa da bir onu bilirəm ki, bu vəhşiliklər, bu işgəncələr həyatımda silinməz izlər qoydu. İndi sağlamlığım da yerində deyil”.

İşgəncə halları valideynlərin gözü ilə… Gəncə hadisələri zamanı həbs olunmuş təqsirləndirilən şəxslərin 98 nəfər ailə üzvü respublika baş prokurorluğuna və aidiyyatı qurumlara müraciət edərək övladlarına verilən ağır işgəncələri qeyd ediblər.

Müraciəti ixtisarla təqdim edirik:

“Bizim övladlarımız Gəncə hadisəsinin qurbanlarıdır. Onlar haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində ədalətsiz qərarlar qəbul edilmişdir. Övlarımız həbs edilən andan etibarən bir neçə gün davamlı şəkildə ağlasığmaz işgəncələrə, əzablara, söyüşlərə, təhqirlərə və digər zorakılıqlara məruz qalmışlar, bunun nəticəsində bütün uşaqlar müxtəlif dərəcəli xəsarətlər almışlar, bu günədək almış olduğu xəsarətlərdən hələ də əziyyət çəkənlər var, lakin bu barədə susulur və ya eşitməməzliyə vurulur. Niyə?! Həmin işgəncələr altında övladlarımızdan izahatlar alınıb, verilən ifadələrdə olmayan şeylər qeyd edilib, izahatlar dindirilən şəxslərə və onların müdafiəçilərinə zor işlədərək imzalandırılıb…”

” …İşgəncələrə dözməyib intihar həddinə çatanlar və buna cəhd edənlər olmuşdur. Təqsirləndirilən şəxs Asif Cavadovun işgəncələrdən bezərək “özümü öldürmək istəyirəm” sözünə qüvvət verərək onu dindirən polis əməkdaşı masasının süyürməsindən silahı çıxararaq Asifə uzatmış və “özünü öldürmək istəyirsən, al öldür” demişdir və Asif silahı özünə tuşlayaraq tətiyi çəkmişdir (əlbəttə silah boş idi, lakin Asif bunu bilmirdi və ölümə hazır idi). Bu hadisəyə digər təqsirləndirilən şəxs Şahin Verdiyev şahid olmuşdur. Bir çox uşaqlar işgəncələrə dözməyib Gəncə şəhər Nizami rayon polis idarəsinin 3-cü mərtəbəsinin pəncərəsindən özünü atmağa cəhd etmişlər və hətta bir nəfər özünü atmışdır, həmin şəxs haqqında məlumatlar açıqlanmır, gizlədilir. Nizami rayon polis idarəsində quraşdırılmış kameralara nəzər salsanız 10-11 iyulda və digər günlərdə orada qanın su yerinə axdığının şahidi olacaqsınız, orada arvad-uşaq, cavan-qoca fərq qoyulmadan tutulan şəxslərin hər biri amansızcasına döyülüb, söyülüb, təhqir olunub və digər zorakılıqlara məruz qalmışdır. Tutulan şəxslər onlara işgəncə verən şəxlərin adlarını xatırlayırlar, bunlar Orxan Babayev, Ədalət Sadıxov, Rafiq Şabanov, Ceyhun Nuriyev, Rasim Qurbanov, Vüqar Qarayev, Mehdiyev Elşən, İsmayılov Əfqan, Knyaz, Zöhrab, Yusif, Xanlar, Cavanşir və digərləri olmuşdur. Bu kimi işgəncələr Gəncə şəhər Kəpəz rayon polis idarəsində, Gəncə 2 saylı İstintaq Təcridxanasında, Bakıda “bandotdel” adlanan yerdə və digər polis şöbələrində də baş vermişdir. “

“… Təqsirləndirilən şəxslər onlara verilən işgəncələr haqqında və bu işgəncələrin başında müstəntiqlər qrupun rəhbəri Orxan Babayevin durduğu haqqında danışarkən hakimlər tərəfindən sözləri dərhal kəsilir və sanki heç nə olmamış kimi dindirilməni başqa səmtə yönəldərək davam etdirirlər, işgəncə mövzusunu ört-basdır edirlər. Orxan Babayevin adının çəkilməsinə isə dövlət ittihamçısı icazə vermir. Nə üçün?! Budurmu məhkəmələrimizin işə obyektiv baxması?! Məgər bizim övladlarımız bu ölkənin vətəndaşları deyilmi? Nə üçün onlara qarşı istintaq dövründən öncə və istintaq dövrü aparılarkən müxtəlif ağlasığmaz qeyri-insani işgəncələr verilib?”

“… Siz təsəvvür edirsinizmi 4-5 yaşlı uşağın gözü önündə onun anasını vəhşicəsinə döysünlər, bir qadına təpiklə elə vursunlar ki, qadın bir neçə metr kənara yıxılıb, huşunu itirib və qeyri ixtiyari sidik ifraz etmiş olsun? Bunlar hamısı həqiqətən baş vermişdir (!) Budurmu hüquq-mühafizə orqanların Azərbaycan qadınına, Azərbaycan anasına hörməti? Budurmu insan hüquqlarının qorunması? Düşünə bilərsinizmi, bir atanın qollarını qandalla istilik radiatoruna bağlasınlar və özünü amansızcasına döyməkləri bir tərəfə, 21 yaşlı övladını onun gözü önündə çılpaq soyundurub əl-ayağını skoçla bağlayıb vəhşicəsinə döysünlər, bədəninin müxtəlif yerlərinə cərəyan versinlər, alışqanla ayağının altını, belini yandırsınlar, atanın barmaqlarını məngənə arasına salıb sıxsınlar, yalançı və qurama izahata imza atmadığına görə əllərini kəsik-kəsik etsinlər… Tutulan uşaqlar ilkin olaraq Gəncə şəhər Nizami rayon polis idarəsində gətirilmişlər, orada onların ləyaqəti alçalması bir tərəfə, onlarla amansız qəddarlıqla davranaraq “…onlara Mingəçevir tokunu verin”, “..siz bizim rəisimizi öldürdünüz, biz də sizi ayağımızın altında asfalt edəcəyik” deyilirmiş və bütün koridor boyu uşaqlar ayaq altında əzirmişlər, polis idarəsində elə bir işçi qalmamışdır ki, həmin uşaqları təpikləməsin, döyməsin və alçaltmasın. Bir çox tutulan şəxslər söyləyirlər ki, onların saxlandıqları yerlərə “bandotdel”in maskalı cəlladları sərbəst daxil olub istədikləri kimi hərəkət edə bilirdilər, sanki xüsusi təlim keçmiş həmin maskalı cəlladlar amansızcasına, soyuqqanlıqla və ölümünə onları döyürdülər, müxtəlif işgəncələr verirdilər. Bir çox şəxsləri Bakıya “bandotdel”ə göndərmişlər, orada onlar qaldıqları müddət ərzində davamlı şəkildə olmazın işgəncələrə məruz qalmışlar, elektrik cərəyanı müxtəlif yerlərinə, hətta cinsi orqanlarına verilmişdir. İsgəncələr uşaqların bədənlərinin müxtəlif yerlərində iz qoymuşdur, bunu xüsusi zamazka ilə ört-basdır edərək tutulan şəxsləri Bakı İstintaq təcridxanasına təhvil verirdilər. Bir çox uşaqlar öz kamera yoldaşlarının qulluğuna möhtac qalmış, onların köməyi ilə qaşıq-qaşıq yemək yedizdirilmiş, təbii ehtiyaclarını ödəmək üçün qollarından tutaraq aparıb-gətizdirilmişlər…

Hadisədən 9 ay keçməsinə baxmayaraq, almış olduqları xəsarətlərin izləri bir çox uşaqların bədənlərində hələdə qalıbdır: Məmmədov Urfanın əlinin baş barmaqları işləmir, Quliyev Kamalın qulağının pərdəsi zədəlidir, Məhərrəmov Kamalın belində yırtıq əmələ gəlib, Cavadov Asifin qollarında siqaret kötüklərinin yanıq izləri qalıb və sair və ilaxır, övladlarımız fiziki sağlamlığını itirib, keçirtdikləri mənəvi və psixoloji sarsıntılar onların həyatında sağalmaz izlər buraxıb. Övladlarının haqsız tutulmasına və işgəncəyə məruz qalmasına dözməyib bir çox valideynlər sağalmaz xəstəliyə düçar olub, bir ana dünyasını dəyişib digər bir ana intihar etməyə cəhd etmişdir və hazırda doğmalarının daimi nəzarəti altındadır.

Adı çəkilən qurumlar və ayrı-ayrı vəzifəli şəxslər, öz səlahiyyətlərindən sui-istifadə edərək, bizim övladlarımızı istintaqsız və məhkəməsiz mühakimə etmiş, bildikləri və istədikləri kimi cəzalandırmışlar.”

Valideynlər müraciətin sonunda övladlarına işgəncə verən Orxan Babayev, Ədalət Sadıxov və qeyriləri barəsində ölçü götürməsini, onların cinayət məsuliyyətinə cəlb edilməsini ,ən ağır cəzanın verilməsini tələb edirlər…

Gəncə məhbusu Vaqif Əşrəfovun (Rusiya vətəndaşı) dedikləri: “Kəpəz rayon prokurorunun Nihat adlı köməkçisi məni otağa saldı. Otaqda xeyli stul ayaqları vardı. Sən demə, bu işgəncə üçün saxlanılırmış. Mənim qollarımı, ayaqlarımı qandalla bağlayıb yerə yıxdılar. O stul ayaqları ilə o qədər döydülər ki, bütün içalatım dağıldı. Sonra Nihat ayaqqabısını ağzıma soxdu. Qulağıma ayaqqabısının dabanı ilə o qədər vurdu qulağım qırıldı. Hələ də qulağımda çapıq yerləri qalır. Döyəndə qışqırdım ki, trombum var, ürəyim xəstədi. Ədalət Sadıqov dedi ki, harası ağrıyırsa orasından daha çox vurun”.

Bakı Apellyasiya məhkəməsində ifadə verən Toğrul Verdiyev bildirdi ki, hadisədən 2 gün sonra Sabir küçəsi ilə gedirdim. İki polis yaxınlaşdı, məni apardı Ədalətin (Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov) qəbuluna. Orda məni sorğu -sual etdilər. Ədalət soruşdu ki, İranda olmusan, dedim bəli. Qumda olmusan, namaz qılırsan? Dedim, bəli. Ədalət yanındakılara dedi ki, bu İranda, Qumda olubsa, namaz qılırsa vətən xaindir (!?).

Orxan Yağnalıyev isə bildirir ki, o, nənəsinin yas mərasimində iştirak etmək üçün Gəncəyə gəlib və heç bir günahı olmadığı halda həbs edilib: “Bizi gətirdilər polis idarəsinə. İdarəyə girdik, gördüm adamdan tərənməyə yer yoxdu. Camaatı yığıblar bir yerə, elə koridorda döyürlər. Vüsal adlı polis bizi verdi Vüqar Qarayev adlı polisə. Verəndə dedi ki, bunların günahı yoxdu. Sonra bizə dedilər ki, polisə müqavimət ittihamı ilə sizə 20 sutka verəcəyik, çox incitməyəcəyik. İyulun 11-də mənə 15 sutka, dayımoğluna 20 sutka inzibati cəza verildi. Sonra Samuxa apardılar. Təzədən qaytarıb gətirdilər Nizami polis idarəsinə. Girdik içəri gördük Ədalət Sadıqov Orxan Babayev (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi) oturublar. Dedilər ki, 5 min manat gətir ver, səni buraxaq. Dedim günahım yoxdu, onsuzda sübut olunacaq ki, günahsızam buraxacaqlar. Ədalət Sadıqov dedi ki, bura Azərbaycandır. Burda qayda-qanun yoxdu. Səni Gəncə aksiyası ilə bağlı işin siyahısına salacam. Ədalət dedi ki, başına bir güllə vurub öldürərəm səni, heç kimdən qorxum yoxdu. Sonra Orxan Babayev dedi mən sənin kimiləri ağıllandırmağı bilirəm. Məni soyundurdular. Əllərimi, ayaqlarımı bağladılar. Sonra məni aparıb “atapleniyaya” bağladılar. O qədər döydülər ki, qulağımın biri tamamilə sıradan çıxdı. İndi eitmirəm. Burnum sındı. Başımı “atapleniyaya” elə vurdular ki, başım partladı.

Baş barmağımı qapının arasında o qədər sıxdılar ki, mən günlərlə ayağımın ağrısından yeriyə bilmədim. Ağıllarına gələn işgəncəni verdikdən sonra aparıb atdılar Gəncə həbsxanasında “karsa”. 3 gün bizə nə su verdilər, nə yemək.

Biz Gəncə həbsxanasında olanda orda bir erməni diversant var idi. Onu bizimkilər elə sevib əzizləyirdilər. Əllərinin içində sxalayırdılar. Amma bizə günlərlə adicə su da vermirdilər. Niyə? Biz erməni diversantadan da pisik?”

Kəpəz rayon cinayət axtarış şöbəsinə rəhbərlik edən Şahin Musayevin və Gəncə polis idarəsinin əməkdaşı Vüqar Qarayevin daha çox şəxsi şərləyərək həbs etməsindən danışan Orxan Yağnaliyev bunun səbəbini izah etdi: “Gəncədə hamı Şahin Musayevi it boğuşduran Şahin kimi tanıyır. O, it boğuşdurmağı ilə tanınıb. Tutduğu adamlardan pul istəyirdi, verənləri buraxırdı.. “

Orxan Yağnalıyev deyir ki, onun və Gəncə işi ilə bağlı həbs edilən bütün şəxslərin ciblərindəki pulları, bəzilərinin üst-başındakı üzük, qolbaq, qızıl zəncirlər və digər zinət əşyalarını polis idarələrində oğurlayıblar. Bəzilərinin hətta telefonu da özünə qaytarılmayıb.

O,Yeğnəliyev daha sonra bildirdi ki, o, iyulun 3-də həbsxanada olub. Lakin istintaq ifadəsində göstərilib ki, guya iyulun 3-də o, hansısa qruplaşmanın üzvləri ilə mesajlaşaraq aksiya haqqında danışıblar: “Mən iyulun 9-da gəldim evə, evdə bir köhnə “Algatel” telefon var idi onu götürdüm. İyulun 3-də isə mən həbsxanada idim. Həbsxanada telefon vermirlər. Necə olur ki, mən yazışıram telefonla? Şahin Musayev mənə dedi ki, Ədalət Sadıqov məni məcbur edir, yoxsa, mən belə etmərəm. Şahin Musayev deyirdi ki, guya məni etiraz aksiyası olan meydandan tutub. O qədər işgəncə verdilər, o qədər söyüb təhqir etdilər, az qalırdım özümü asıb öldürüm”.

Orxan Yağnalıyevin çıxışı zamanı atası isterik vəziyyətə düşüb. O, oğlunun başına gələnləri dinləməyə gücü çatmadığını deyib, çölə çıxıb.

1968-ci il təvəllüdlü, Samux Rayonu Ziyadlı kənd sakini Bayramov Rauf Fazil oğlu və oğlu Hüseyn Bayramovu iyulun 10-da Gəncə İcra Hakimiyyətinin qarşısında baş verən aksiyalarla bağlı həbs ediblər. Övladının verdiyi xəbərə görə, onu Gəncə şəhərindəki Nizami Rayon Polis İdarəsində saxlayıblar: “Atama çox ağır işgəncələr veriblər. Atam qan qusdurana qədər döyüblər. Əllərini, bədənini “toka” veriblər, barmaqlarını məngənənin arasında sıxıblar. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev atama etmədiyi işləri etiraf etdirmək, özlərinin yazdıqları ifadələrə imza atdırmaq üçün ağlasığmaz işgəncələr verdirib. Atama elə işgəncələr, elə təhdidlər, təhqirlər olub ki, hətta biləklərini kəsiblər. Atam qanlar içində imza atıb bütün ifadələrə. Atam 21 maddə ilə ittiham edilir.”

Qeyd edək ki, Rauf Bayrmovun oğlu 1997-ci il təvəllüdlü Hüseyn Bayramov da şərlənərək həbs edilib: “Qardaşım Hüseyn sentyabrın 1-də saxlanılıb. Qardaşıma atamdan daha betər işgəncələr verilib. Müstəntiq Orxan Babayev qardaşımı hədələyib deyib ki, “əgər ifadəyə qol çəkməsən səni pəncərədən atacam yerə, öldürəcəm, deyəcəm intihar etdi”. Qardaşımı dubinka ilə o qədər döyüblər ki, bütün bədənində dərin yaralar əmələ gəlib”.

Bayramovların yaxınları deyir ki, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqovun ata və oğula qarşı daha dəhşətli davranışı ilə yadda qalıb. Rauf Bayramovun yaxınları deyir ki, onu Gəncədən Bakıya, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) gətiriblər. Bu idarədə işgəncələr davam edib.

Məhkəmədə ifadə verən Cabir Əzizov bildirib ki, onları Gəncə Polis İdarəsinə aparıb hərəsinə 15 sutka cəza veriblər. Guya polisə əl-qol atıblarmış: “Bizi o qədər döyürdülər ki, bayılırdıq. Hər gün döyürdülər ki, izahata imza atın ki, sizi Gəncəyə Elman Quliyev çağırıb. O qədər döydülər, işgəncə verdilər, gördüm ağrıya dözə bilmirəm axırda lezva ilə damarlarımı doğradım. Başdan ayağa, qollarımı, boğazımı hamısını doğradım. Ölmək istəyirdim. Vallah ölmək istəyirdim. Adama elə işgəncə verirlər ki, zaldakı ana-bacılardan utanıram deməyə. Çıxarın qadınları çölə deyim necə işgəncə verdilər. Zaldakı qadınları çıxarın çölə deyim polis idarəsində şalvarımı əynimdən çıxarıb necə press edirdilər. Belə yaşamaq olar? Mən Elmana niyə böhtan atmalıaym”. O, polis idarəsində təkcə onunla deyil, bütün saxlanılanlarla erməni əsirliyindəki kimi davrandıqlarını və bütün hüquqlarının pozlulduğunu bildirdi.

Cabirin zalda oturan anası yanındakı analara pıçıldadı ki, oğlunun ayaqlarının arasına təpiklə o qədər vurublar ki, xayaları partlayıb, qrija olub. Bir aya yaxın yeriyə bilmirmiş. Oğlunun hələ də bu zədədən əziyyət çəkdiyini ana göz yaşları ilə deyirdi.

Gəncə məhbuslarına işgəncə verənlərin siyahısı:

Apardığımız araşdırmalara, təqsirləndirilən şəxslərin və onların ailə üzvlərinin verdiyi məlumata görə Gəncə hadisələri ilə bağlı həbs edilənlərə aşağıda adları qeyd olunan vəzifəli şəxslər ağır işgəncələr veriblər:

1. Orxan Babayev– Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi

2. Ədalət Sadıqov– Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin keçmiş rəisi

3.Bayramov Samir Dövlət oğlu- Gəncə baş polis idarəsinin post-patrul xidməti taborunun rəis müavini, polis baş leytnantı

4. Şahin Musayev- Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin rəisi

5. Vüqar Qarayev– Gəncə şəhər polis idarəsinin rəis müavini

6. İsmayılov Əfqan Teymur oğlu– Nizami rayonu Cinayət Axtarış Şöbəsinin (CAŞ) baş əməliyyat müvəkkili

7. Rüstəmov Şirxan Salman oğlu- Gəncə şəhəri Baş polis idarəsi müvəqqəti saxlama yerinin nəzarətçisi

8. Tağıyev Ələsgər İsrəfil oğlu- Gəncə şəhəri Nizami RPi-nin İTB-nin sahə rəisi, polis mayoru

9. Abbasov Bəxtiyar Fizuli oğlu- Gəncə şəhəri Nizami RPi-nin təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı,

10. Mehdiyev Elşən Əvəz oğlu- Gəncə şəhəri Kəpəz RPi-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytnantı

11. Əsgərov Nizami Kərəm oğlu– Gəncə şəhəri Kəpəz RPi-nin İTB-nin polis sahə rəisi, polis mayoru 12.Məhərrəmov Pərviz Rəmiyyədin oğlu- Gəncə şəhəri Nizami RPi-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytnantı

13. Verdiyev Sənan Dunay oğlu- Gəncə şəhəri Nizami RPi-nin İTB-nin YYÇ-la proflaktik işin təşkili qrupu inspektoru, polis kapitanı

14. Qurbanov Vüsal Rəcəf oğlu- Gəncə şəhəri Kəpəz RPi-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytnantı

15. Məhəmmədov İlqar Əsgər oğlu- Gəncə şəhəri Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinin polis nəfəri işləyən

16. Hüseynzadə Hüseyn Ceyhun oğlu- Gəncə şəhəri Kəpəz RPi-nin PPXT-nin polis nəfəri, polis serjantı

17. Məmmədov Tacəddin Rasim oğlu- Gəncə şəhəri Baş Pİ-nin müvəqqəti saxlama yerində nəzarətçi

Eyni zamanda məhbusların ancaq adlarını eşitdikləri, hansı vəzifəni daşıdıqlarından xəbərləri olmayan aşağıdakı şəxslər istintaq zamanı saxlanılanlara işgəncə verib: Ramin, Sumqayıtdan olan Elmar adlı müstəntiq, Rafiq Şabanov, Ceyhun Nuriyev, Rasim Qurbanov, Knyaz, Zöhrab, Yusif, Xanlar, Cavanşir və digərləri. İşgəncələr Gəncə şəhər Nizami rayon polis idarəsində, Kəpəz rayon polis İdarəsində, Gəncə 2 saylı İstintaq Təcridxanasında, Bakıda – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) və digər polis şöbələrində də baş verib.

Elmir Hüseynzadənin və digər təqsirləndirilən şəxslərin məhkəmə prosesində ictimai təpki və vəkillərin israrından sonra hakim həbs olunan şəxslərə verilən işgəncələrin araşdırılması ilə bağlı vəsatəti qəbul edib. Amma respublika baş prokurorluğu araşdırma apararaq işgəncə hallarının öz təsdiqini tapmadığını bildirib. Təqsirləndirilən şəxslər və müdafiəçilər prokurorluğun qərarı ilə razılaşmayaraq araşdırmanın ədalətli və əhatəli aparılmadığını bildiriblər.

İbtidai istintaqın araşdırmadığı zəruri hallar…

10 iyul 2018-ci il Gəncə hadisəsinin törənmə səbəblərinin araşdırılması və bu hadisə ilə bağlı aparılan araşdırmalar və məhkəmə proseslərinin monitorinqi göstərir ki, ibtidai istintaq araşdırılması zəruri olan xüsusi əhəmiyyətli bir çox halları araşdırmayıb və ya araşdırmaq istəməyib:

  1. Ibtidai istintaq insanlarin aqressiyasına səbəb olan mühitin yaranmasına və 10 iyul hadisəsinin törənməsinə səbəb olan təhrikedici faktı araşdırmayıb və bu faktın araşdırılması hansısa səbəbdən “diqqətdən kənarda qalıb”. Yunis Səfərova işgəncə verilməsini əks etdirən təhrikedici foto yayılması insanlarda qıcıq yaranması və “Yunis Səfərova dəstək” aksiyasının keçirilməsi ideyasının gündəmə gəlməsində həlledici rol oynayıb.

  2. Yunis Səfərovun ölümcül vəziyyətdə və qan içində olan fotosunda həm də ona işgəncə vermiş və fotosunu çəkib paylaşan şəxsin parıldayan ayaqqabısı da görünür. İstintaq bu adamın kimliyini araşdırmayıb və məsuliyyətə cəlb etməyib. Bu şəxs 10.07.2018-ci il Gəncə hadisəsinin törənməsində əsas təhrikedici şəxslərdən biridir.

  3. İddialara görə Yunis Səfərovun Gəncə şəhər Nizami RPİ-dən işgəncə verilməsinə hansısa yüksək rütbəli dövlət məmurunun yardımı olub. İstintaq bu iddianı araşdırmayıb və bu fakta hüquqi qiymət verməyib.

  4. Öldürülənlər niyə məhz Gəncə şəhər Baş Polis İdarəsində İctimai Təhlükəsizlik üzrə rəis müavini İlqar Balakişiyev və Nizami RPİ-də İctimai Təhlükəsizlik üzrə rəis müavini Səməd Abbasov olub? Məsələn, yerli sakinlər bilir ki, icra başçısı Elmar Vəliyevlə Gəncə imamzadəsinin imamı – öldürülən polkovnik Səməd Abbasovun qardaşı Hacı Tahir arasında intriqa səviyyəsində ziddiyət olub. Həmçinin hadisə ilə əlaqədar həbs edilmiş şəxslərin yaxın qohumları bildirirlər ki, öldürülmüş İlqar Balakişiyev və Səməd Abbasovla Yunis Səfərovu onlardan alıb işgəncə vermək istəyənlər arasında ciddi münaqişə baş verib və adamlar ehtimal edir ki, İlqar Balakişiyev və Səməd Abbasovun qətli məhz bu münaqişə ilə əlaqəli sifariş ola bilər. İstintaq bu iddia və ehtimalların araşdırılmasını təmin etməyib (!?).

  5. Məlumdur ki, Azərbaycan reallığında mitinq keçirilən ərazi hüquq-mühafizə orqanları tərəfindən əvvəlcədən yoxlanır və oraya giriş hər kəsin fərdi yoxlanışından sonra mümkün olur. Lakin nədənsə adamların aksiyadan 8-10 saat əvvəldən küçələrdən şübhəli qismində tutulmalarına baxmayaraq aksiyanın keçirilməsi nəzərdə tutulan meydan boşaldılmayıb və oraya giriş məhdudlaşdırılmayıb. Ona görə də dinc vətəndaşlarla bərabər təxribatçılar, o cümlədən iki nəfər yüksək rütbəli polis əməkdaşını qətlə yetirən Rəşad Böyükkişiyev də əlində xəncər meydana rahat şəkildə daxil ola bilib. İğtişaşın və qətl hadisəsinin törənməsinə niyə belə münbit şərait yaradılması faktı da istintaq orqanları tərəfindən araşdırılmayıb və fakta hüquqi qiymət verilməyib.

  6. Məhkəmə proseslərində polis əməkdaşlarının və digər məhkəmə iştirakçılarının ifadələrindən aydın olur ki, iğtişaşı yatırmaq üçün səfərbər edilmiş polislərdən yalnız bir neçəsində bibər qazı və ya rezin dəyənək olub, qalan böyük əksəriyyət isə ən adi müdafiə vasitələri ilə də təmin edilməyiblər: o cümlədən, qətlə yetirilmiş İ.Balakişiyev və S.Abbasovda da heç bir müdafiə vasitəsi olmayıb. Niyə? Müdafiə vasitələri ilə təmin etmədən polis qüvvələrinə iğtişaşı yatırmaq əmrini kim vermişdi və məqsəd nə olub?

İstintaq bu faktı da araşdırmayıb və ona görə də bu şübhəli məqam da qaranlıq olaraq qalır.

  1. İttiham aktlarından, məhkəmə hökmlərindən, məhkəmə proseslərində verilmiş ifadələrdən və məhkum valideynlərinin iddialarından məlum olur ki, aksiya zamanı bir qrup çadralı qadınlar meydanda “Allahu-əkbər” qışqıraraq, aranı qızışdırmış, polislərə daş, qazan, qazan qapağı və s. atmışlar. Lakin nədən həmin qadınlardan bir nəfər olsun belə məsuliyyətə cəlb edilməyib.

Müttəhimlərin valideynləri iddia edirlər ki, həmin qadınlar, əslində, dindar yox, xüsusi xidmət orqanları tərəfindən geyindirilmiş və öyrədilmiş şəxslər olub.

İbtidai istintaq bu faktı da araşdırmayıb və məsələ qaranlıq olaraq qalır…

  1. Sosial şəbəkələrdə 10.07.2018-ci il mitinqinə həm ölkə daxilində, həm də ölkə xaricindən təxribat xarakterli qızışdırıcı çağırışlar edilib. Həmin mitinqə WhatsApp sosial şəbəkəsi üzərindən də (kimliyinin müəyyən edilməsi mümkün olan şəxslər tərəfindən) geniş masştablı çağırışlar edilib.

Məhkəmə proseslərinin monitorinqi nəticəsində məlum olur ki, həmin təxribat xarakterli çağırışçıların, demək olar ki, heç biri müttəhimlər arasında yoxdur. Lakin həbs edilənlərin əksəriyyəti, konkret şəxslərə aid sübutedici faktlar olmamasına baxmayaraq, həmin ittihamla mühakimə olunur.

İbtidai istintaq bu istiqamətdə də yanlış yol tutub və əsl günahkarlar cəzadan kənarda qalıb.

  1. İki polis əməkdaşını qətlə yetirən Rəşad Böyükkişiyevi meydanda həbs etmək mümkün olduğu halda, həbs edilməyib, oradan sərbəst şəkildə uzaqlaşmasına şərait yaradılıb və sonrakı günlərdə güllələnərək öldürülüb. İstintaq onun niyə məhz meydanda həbs edilməməsinə, sonra isə sağ-salamat həbs edilməsi əvəzinə məhz güllələnərək öldürülməsi faktını araşdırmayıb, bu istiqamətdə heç kim istintaqa cəlb edilməyib. Həbs edilməsi mümkün olduğu halda, niyə məhz öldürülməsinə qərar verilib və məqsəd nə olub və s. Ona görə Rəşad Böyükkişiyevin öldürülməsi faktı da ciddi suallar yaradır və qaranlıq olaraq qalır.

  2. İstintaq qrupları və istintaqa nəzarət edən orqanlar işgəncələr barədə təqsirləndirilən şəxslərin və vəkillərinin şikayətlərinin araşdırılmasını və məhkəmə tibbi-ekspertizası keçirilməsini təmin etməyib.

  3. İttiham olunan şəxslər 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülərkən xəsarət yerləri qrimlənərək təhvil veriliblər. İşgəncə verilmiş müttəhimlərin bəziləri hətta günlərlə yerindən qalxa və öz bioloji tələbatlarını belə müstəqil icra edə bilməyib və məhbus yoldaşlarının yardımına möhtac olub.

  4. Yuxarıda qeyd edilən faktların bilərəkdən, məqsədli şəkildə araşdırılmaması barədə ciddi şübhə və iddialar var. Aparılan araşdırmalar göstərir ki, 10 iyul 2018-ci il Gəncə hadisələrinin baş tutmasında müəyyən hakimiyyət dairələri bilavasitə maraqlı olub və daha çox məsuliyyət daşımalıdırlar. Görünür ki, istintaq orqanları məhz bu səbəbdən yuxarıda qeyd edilən hal və xüsusatları araşdırmaq istəməyib…

Gəncə hadisələri ilə bağlı cavabsız suallar və şübhəli məqamlar. 2018- ci ilin iyul ayının 10- da Gəncədə baş vermiş hadisələrlə bağlı bu günə qədər maraqlı və əhmiyyətli bir sıra suallara hələ də aydınlıq gətirilməyib. Məsələn, məhkəmədə sərbəst ifadə verən Kəpəz rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları və digər polislər öz ifadələrindən qeyd ediblər ki, 10 iyul 2018- ci ildə Gəncədə İcra hakimiyyətinin inzibati binasının qarşısında qanunsuz mitinq və işğişaşların ola biləcəyinə dair rəhbərlik tərəfindən onlara öncədən məlumat verilib, lazımi təlimatlandırma işləri aparılıb. Polis şöbələrində gücləndirilmiş iş rejimi elan olunub, polis heyəti hazır vəziyyətə gətirilib. Amma həmin gün səhər saatlarından başlayaraq bütün silahlar, hətta xidməti tabel silahlar da polislərdən alınıb (!?). Polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilərkən polislər bildirdi ki, onlardan 70- 100 metr kənarda olublar və faktiki olaraq onları meydana tək, silahsız buraxıb köməksiz qoyublar. Çox maraqlıdır ki, 2 polis əməkdaşının öldürüldüyü, birinin yaralandığı hadisə zamanı qətlin törədicisi Rəşad Böyükişiyev əlində xəncər çox saylı polislərin yanından sərbəst şəkildə hadisə yerindən çıxıb gedir. Polislər onu və digər hadisə iştirakçılarını- hansı ki, onlar indi həbsdədir- niyə onları hadisə yerində həbs etməyiblər və ya buna cəhd göstərməyiblər?

Digər tərəfdən necə ola bilir ki, həmin gün meydanda 50- dən çox şəxs iğtişaş törətməkdə, polisə daş- kəsək, dəyənək atmaqda ittiham olunur, amma heç bir polis əməkdaşı həmin gün xəsarət almayıb? Niyə polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov meydana tək və köməksiz vəziyyətdə buraxılır? Niyə mitinq və iğtişaşların olacağını öncədən bilən Gəncə Polis İdarəsinin 100- lərlə əməkdaşı polis polkovniki İlqar Balakşiyevi və Səməd Abbasovu əlində bıçaq olan bir nəfərdən qoruya bilmir və ya qorumağa lazımi səviyyədə cəhd etmir? Verilən ifadələr və hadisənin hazırlanan ssenarisi daha çox o təəssüratı yaradır ki, ölən polis əməkdaşları bu hadisələr zamanı sanki bilərəkdən və ya bilməyərəkdən qurban verilib…

Məhkəmədə verilən sərbəst ifadələrə görə hadisənin qızışma səhnələrindən biri qarşıdurmadan öncə bəzi çarşablı qadınların meydanda polislərə qab- qacaq və çaynik atması olub. Maraqlıdır, hadisə yerində olmayanlar həbs olunub Cinayət Məcəlləsinin 23 maddəsi ilə ittiham olunduğu halda hadisə yerində təxribat yaradan, xuliqanlıq edən həmin qadınlar və ya qadın paltarı geyinmiş şəxslər niyə məsuliyyətə cəlb olunmayıb? Onları ora kim göndərib?

Maraqlıdır, məhkəmədə ifadə verən polislərin əksəriyyəti İlqar Balakişiyevin və Səməd Abbasovun bıçaqlandığı səhnəsini görmədiklərini bildirir, zalda əyləşən təqsirləndirilən şəxsləri hadisə yerində görmədiklərini və tanımadıqlarını bildirirdilər. Belə olan halda sual yaranır; hadisə yerində görmədiyin və tanımadığın adamlara qarşı necə ifadə verib şikayətçi ola bilərsən? Bu sualı vəkillər məhkəmədə versə də hakimlər sualı protokoldan çıxartdılar (!?).

Məhkəmədə verilən sərbəst ifadələr, çəkişmələr və müzakirələr onu göstərir ki, həqiqətən 10 iyul Gəncə hadisəsinin özü və bu hadisələrlə bağlı açılan cinayət işi, tərtib olunan İttiham Aktı çox ziddiyyətli və şübhəlidir…

Gəncə işi” ilə bağlı ziddiyyətli məqamlar. Gəncə hadisələri ilə bağlı xeyli ziddiyyətli məqamlar və suallar var. Ən böyük ziddiyyətlərdən biri 10 iyul hadisəsinin kimlər tərəfindən təşkili, orda iştirak edib polislərə boşqab atan hicablı qadınlar (və ya hicab paltarı geyinənlər), onların şəxsiyyətini müəyyən edərək bu günə qədər məsuliyyətə cəlb edilməməsi, qətlə yetirilən vəzifəli polislərin digər polis qüvvələri tərəfindən hadisə yerində lazımınca müdafiə olunmamaları, insanların çox rahat şəkildə razılaşdırılmamış mitinq zamanı meydana buraxılması və s. məqamlardır. Son illərin təcrübəsi göstərir ki, polis qüvvləri Bakıda və regionlarda razılaşdırılmamış aksiyalar zamanı gücləndirilmiş iş rejiminə keçir. Aksiyaların təyin olunduğu ərazi ciddi şəkildə nəzarətə götürülür, insanların həmin əraziyə girişinə imkan verilmir. Bunun üçün polis müxtəlif qabaqlayıcı tədbirlər görür.

Hadisələrdən əvvəl və sonra çoxlu sayda günahsız insanlar həbs edilib və onlara ağır işgəncələr verilib. Hadisələr zamanı Gəncədə olmayan bir çox insanlar “polisə müqavimət” adı ilə müəmmalı şəkildə qətlə yetirilib və ya həbs ediliblər. Həbs olunanlara ifrat ittihamlar irəli sürülüb və ağır cəzalar verilib. Elə şəxslər var ki, cinayət məcəlləsinin 20, 23, hətta 27 maddəsi ilə ittiham olunurlar.

Dövlət ittiham aktında qeyd olunub ki, hadisə yerindən 9 ədəd daş parçası və 14 ədəd saxsı qırıqları tapılıb. Sual yaranır; necə olur ki, 70 nəfərdən çox təqsirləndirilən şəxslər haqqında “zərərçəkmiş” polislər bildirir ki, onlar polisə daş, saxsı qırıqları atıb, axı bunlar sayca adam başına uyğun gəlmir? Bundan əlavə onu da nəzərə almaq lazımdır ki, saxsı qırıqları bir qabın atılması zamanı parçalanmasından da yarana bilər, həmçinin zərərçəkmiş polislər və şahidlər məhkəmə zalında dindirilərək hamısı qeyd ediblər ki, boşqab və qab-qacaq meydanda olan çarşab geyimli qadınlar tərəfindən atılıb. Bəs hanı o qadınlar? Bəlkə o çarşab altında qadınlar deyil, kişilər qizlənib və onlar da aranı qızışdırıb təxribatın təşkilatçılarından olub? Bəs Rəşad Böyükkişiyev nə üçün sağ tutulmayıb, öldürülübdür? Kim və nəyin ört- basdır olunmasına çalışıb?! Nə üçün 8 nəfər istintaq və məhkəmə önünə çıxaırlmadan qətlə yetirildi? Doğurdanmı onları sağ ələ keçirmk mümkün olmayıb?

Qeyd: Baş prokurorluq, DİN və DTX- nın Gəncə hadisələri ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, “2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər”. Maraqlıdır ki, 10 iyul saat 20.00- da Gəncədə İcra Hakimiyyətinin qarşısında iğtişaşlar olacağına, müxtəli kəsici, deşici alətlərlə silahlanmış bir qrup şəxsin həmin əraziyə toplaşıb asayişi pozacağı və digər şəxslərə zərər vuracağı Daxili İşlər Nazirliyi və DTX- nın aidiyyatı qurumlarına öncədən bəlli idisə niyə bu hərəkətlərin qarşısı hadisədən qabaq alınmırdı. Göstərilən ərazidə hansısa xoşa gəlməz olay və iğtişaşlar ola biləcəyi ehtimal olunurdusa niyə sakinlərin, eləcə də şübhəli bilinən şəxslərin həmin əraziyə sərbəst daxil olmasına imkan verilirdi? Axı hamıya məlumdur ki, Azərbaycan polisi üzərində heç bir silahı olmayan dinc insanların Şəhidlər Xiyababnını və ya M. Ə. Rəsulzadənin abidəsini ziyarət edərkən necə təzyiqlərə, fiziki zorakalıqlara məruz qaldığını dəfələrlə şahid olublar. Eləcə də hətta Milli Şuranın Bakıda “Məhsul” meydanında razılaşdırılmış mitinq keçirərəkən insanların necə yoxlanıldığı hamıya bəllidir. Dinc, sərbəst insanların öncədən xəbərdarlıq edilməklə razılaşdırılmış mitinqini polis xüsusi nəzarət altında saxlayıb insanları yoxlayıb əraziyə buraxırsa niyə 03 iyul Gəncə İH başçısı və onun mühafizəçisinin güllələnməsi kimi ağır sui- qəsd hadisəsindən 1 həftə sonra şəxsiyyəti, sosial, ictimai, siyasi mənsubiyyəti bəlli olmayan “silahlı” şəxslər çox rahat şəkildə dövlət binasının önünə- insanların sıx toplaşdığı əraziyə buraxılır? Onların qarşısını almaq, yoxlamaq və nəzarətdə saxlamaq üçün heç bir tədbir görülmür? Hətta bilə- bilə ki, həmin vaxt müxtəlif xoşa gəlməz hadisələr törədilə bilər.

Məhkəmələrin monitorinqi.

Məhkəmə proseslərində müşahidə edilən hüquq pozuntuları

2018- ci ilin iyul ayında Gəncə şəhərində baş vermiş məluma hadisələrlə bağlı 2019- cu ilin yanvar ayından təqsirləndirilən şəxslərin məhkəmə prosesi başlayıb. Məhkəmə prosesləri Bakıda- Sabunçu rayon məhkəməsində və Bakı Apelliyasiya məhkəməsində keçirilir. Hər iki məhkəmə prosesində Gəncə Ağır Cinayətlər Məhkəməsinin və Gəncə Apelliyasiya məhkəməsinin hakimləri iştirak edir. Bir sıra ekspertlər Gəncə hadisələri ilə bağlı məhkəmə proseslərinin Gəncədə deyil, Bakıda keçirilməsini hakimiyyətin daha çox narazı insanların Gəncədə bir yerə toplaşa və etiraz edə biləcəyin narahatlığı ilə əlaqələndirib.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvləri “Gəncə” işi ilə bağlı 70- dən yuxarı məhkəmə prosesində iştirak etmiş və monitorinq aparıblar. Məhkəmə proseslərində çoxsaylı qanun pozuntuları qeydə alınıb.

Təqsirləndirilən şəxslərin müdafiəçilərinin əksəriyyəti istintaq orqanları tərəfindən prosesə cəlb olunublar. İyun ayından Elmir Hüseynzadənin və digərlərinin təmsil olunduğu qrupa 2 tanınmış, müstəqil vəkil- Şəhla Hümbətova və Zibeydə Sadıqova qoşulub.

İlkin ibtidai istintaq dövründə müdafiə işi qeyri- peşəkar quruldğundan məhkəmə prosesində müdafiə tərəfindən demək olar ki şahidlər iştirak etməyib. Şahid və zərərçəkən kimi prosesdə iştirak edənlər Gəncə şəhər Polis İdarəsinin əməkdaşları olub.

Artıq 6 qrup haqqında məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxslərə 5 ildən 9 ilə qədər cəza verilib. Hazırda daha 2 qrupun məhkəmə prosesi keçirilir. Ümumilikdə söhbət təxminən 50 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesindən gedir.

Cinayət məsuliyyətinə cəlb edilmiş məhbuslar ümumilikdə 9 qrupa bölünüb. Onlardan Yunis Səfərovun daxil olduğu 17 nəfərlik qrupun ibtidai istintaqı gedir və istintaqın avqust ayının əvvəllərində başa çatacağı gözlənilir.

Əliyev Bəkrəm Xəqani oğlunun daxil olduğu 8 nəfərlik qrupun (hakim Dadaş İmanov) və Hüseynzadə Oktay Nazim oğlunun daxil olduğu 7 nəfərlik qrupun (hakim Xəqani Səmədov) Bakı şəhəri Sabunçu rayon məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən aparılan məhkəmə prosesləri başa çatmaq üzrədir.

Lənkəran şəhərində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən keçirilən və Musayev Pərviz Əlmusa oğlunun və digərlərinin daxil olduğu 8 nəfərlik qrupun məhkəmə prosesi başa çatıb.

Hazırda Əzizov Cabir Mərdan oğlunun və digərlərinin daxil olduğu 8 nəfərlik qrupun, Quliyev Kamal Qüdrət oğlunun və digərlərinin daxil olduğu 11 nəfərlik qrupun, Hacıyev Maarif Cəmşid oğlunun və digərlərinin daxil olduğu 11 nəfərlik qrupun, Allahveddiyev Elvin Nəriman oğlunun və digərlərinin daxil olduğu 6 nəfərlik qrupun və İsmayılzadə Yavər Azər oğlunun və digərlərinin daxil olduğu 7 nəfərlik qrupun apellyasiya şikayətləri üzrə məhkəmələri davam edir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən aparılan “Gəncə işi” ilə bağlı məhkəmə proseslərində qeydə alınan pozuntular;

  1. Hazırda hakimlər Dadaş İmanov və Xəqani Səmədovun sədrlikləri ilə keçirilən iki qrupun məhkəmə prosesləri istisna olmaqla, digər qruplar üzrə keçirilmiş 1-ci instansiya məhkəmələrinin heç birində əsas sübut materialı kimi istinad edilməli olan video-görüntü materiallarından yox, əsasən, polislərdən ibarət şahidlərin ifadələrindən istifadə edilib və məhz bu şahid ifadələri və müstəntiqin ittiham aktındakı qənaətləri əsas götürülərək, müttəhimlər 6-10 il müddətində azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər.

  2. İttiham tərəfi təqsirləndirilən şəxslərə qarşı irəli sürdüyü ittihamların törədilmiş əmələ adekvat olduğunu sübut edə bilməyib.

  3. Monitorinqi aparılan bütün məhkəmə proseslərində məhkəmə heyətinin arbitr kimi yox, daha çox ittihamçı tərəf kimi mövqe sərgilədiyi qeydə alınıb. Hətta hakim Xəqani Səmədovun sədrlikləri ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Oqtay Hüseynzadənin “video-görüntüləri nümayiş etdirin və mənim cinayət əməlimi sübut edin” kimi təkidli tələbinə qarşı məhkəmənin sədri Xəqani Səmədovun acıqlı tərzdə “video-görüntüləri göstərəcəm və sənin cinayətini də sübut edəcəm” cavabının şahidi olduq. Sonrakı proseslərdə video-görüntülərə baxış keçirilsə də, nə Oktay Hüseynzadənin nə də digər məhbusların cinayət əməli sübuta yetmədi. Lakin buna baxmayaraq, hakim nə Oktay Hüseynzadənin və digərlərinin əleyhinə yalan ifadə vermiş polis-şahidlərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmədi, nə də onların yalan ifadələrini sübutlar siyahısından çıxarmadı.

Qeyd: 10.07.2018-ci il mitinqində həmin 07 nəfərlik qrupdan cəmi bir neçə nəfər iştirak edib ki, onların da cinayət əməli video-görüntüdə təsdiqini tapmır, orada yalnız iştirakçı kimi görünür. Digərləri isə mitinqdə iştirak etməyib. Lakin bu adamların hamısı CM-nin 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını özündə ehtiva edən 120-ci maddəsinin bütün bəndləri ilə, həmçinin digər əlavə 20-22 maddə ilə ittiham olunurlar.

  1. Bütün qruplar üzrə məhkəmə baxışlarında müşahidə edildi ki, məhkəmə heyətlərinin hamısı müttəhimlərin ədalətli və keyfiyyətli müdafiə hüququnu təmin etmək istəmir. Xüsusilə, Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə proseslərində bu hal daha açıq görünürdü.

  2. Məhkəmə proseslərinin müşahidəsi əsasında monitorinq qrupu bu qənaətə gəlir ki, ağır işgəncələr verilmiş olmasına baxmayaraq, müttəhimlərin yarıya qədəri müstəntiqin hazırladığı etirafedici ifadələrə imza atmayıblar, digərləri isə işgəncələrə dözməyərək, müstəntiqin hazırladığı hazır ifadəyə (orada nə yazıldığından xəbəri olmadan) imza ediblər.

  3. Məhkəmə proseslərində aşkar edildi ki, şahidlərin və zərərçəkənlərin, təxminən, 90 faizi həbs edilənlərdən heç kimi tanımır və hadisə zamanı onları görməyiblər

  4. Video-görüntülərdə sonradan qətlə yetirilmiş Rəşad Böyükkişiyevin cinayət əməli törətdiyi təsdiq olunur və ona qarşı irəli sürülmüş ittiham ədalətlidir. Bəkrəm Əliyevin əməlində polisə müqavimət halı olsa da, ona qarşı irəli sürülmüş CM-nin 120-ci, 224- cü, 220.1- ci və digər maddələri törədilmiş əmələ adekvat deyil. Video-görüntülərdə digər 56 nəfərin heş birinin əməli verilmiş ittihama adekvat deyil.

  5. Məhkəmə proseslərində açıq-aydın görünür ki, ittiham tərəfi və hakimlər, əsasən, ittiham edilənlərin dini ibadətlə məşğul olub-olmamasını araşdırmağa çalışır və hadisəni dini radikal qruplaşmaya bağlamağa cəhd edirlər. Lakin araşdırma zamanı məlum olur ki, təqsirləndirilənlərin böyük əksəriyyəti alkoqol qəbul edən şəxslərdir və dini ibadətlə məşğul olmur.

  6. Dadaş İmanovun sədrlik etdiyi məhkəmə prosesində təqsirləndirilən şəxs azyaşlı Emil Məmmədov şahid və zərərçəkən qismində ifadə verən polislərdən birini tanıdı və hakimə bildirdi ki, həmin polis ona işgəncə verən şəxsdir və bildirdi ki, məni o günə qoymuşdu ki, dayım və qardaşım məni Nizami RPİ-dən mənim meyidimi apardılar. Məni Buraxdılar, sonra yenə tutdular. Lakin hakim bu faktın araşdırılmasını təmin etmədi.

  7. Monitorinq zamanı aşkar edildi ki, həbs edilənlərin hamısı günlərlə ağır işgəncəyə məruz qoyulub. Onların içərisində bir çoxu hətta cinsiyyət orqanından dəfələrlə elektrikə qoşulub, nəsil törətmək qabiliyyətindən məhrum edilib, cinsiyyət orqanlarında yanıq və yara yerləri, bir il keçməsinə baxmayaraq hələ də qaldığı bildirilir.

Həmçinin məhkəmə prosesində bir çoxu qollarına basılmış siqaret yanıqlarını nümayiş etdirdi.

Bir nəfərin barmağı, bir nəfərin burnu sındırılıb. Bir nəfərin (Rzayev Şahlar Eldar oğlu) zərbələrdən ağ ciyəri dağılıb və hazırda “tubzon” adlandırılan 3 saylı CÇM-dir.

Aydın Qurbanov işgəncələrin təsirindən uzun müddət yataqdan qalxa bilməyib. Təbii ehtiyaclarını ödəmək üçün məhbus yoldaşlarının köməyinə möhtac olub. Hazırda ağır durumdadır – qarın boşluğuna və ciyərinə maye yığılır, hazırda Penitensiar Xidmətin Mülaicə Müəssisəsindədir.

Verdiyev Şahin işgəncələr nətigəsində ağır travmalar alıb, sarsıntı və insult keçirib – sifəti, ağzı əyilib və hərəkət məhdudiyyəti yaranıb.

İşgəncə zamanı aldığı zərbə nəticəsində Quliyev Kamal Qüdrət oğlunun sol qulağından qan açılıb və hazirda həmin qulağı eşitmir.

Cavadov Asif ağır işgəncələrdən sarsıntı keçirib və onda tez-tez bayılma halları baş verməkdədir.

Cavadov Asif Əli oğlu şiddətli işgəncələrdən qurtarmaq üçün istintaq zamanı müstəntiqə özünü öldürəcəyini bildirib, həmin an müstəntiq silahını verib ki, al özünü öldür. Məhbus silahı başına dayayıb və tətiyi çəkib. Lakin silah boş olub və məhbus özünü öldürə bilməyib – bu, digər məhbusun gözü qarşısında olub. Həmin məhbus məhkəmədə bu faktı təsdiqlədi. Bir il keçməsinə baxmayaraq, onun qollarında söndürülmüş siqaret yanıqlarının izi hələ də qalmaqdadır.

Bir nəfər Ələkbərov soyadlı mülki şahid məhkəmədə bildirdi ki, hansısa məhbusa qarşı ifadə verməsi tələbilə ona ağır işgəncələr verilib, ifadəyə halsız halda məcburi imza etdirilib.

Bir məhbus bildirdi ki, vəkili hansısa sənədə imza etmək istəmədiyi üçün müstəntiq həmin vəkili onun yanında yaxasından tutub divara çırpıb, söyüb və sənədə məcburi imza etdirib.

  1. Monitorinq zamanı məlum oldu ki, həbs edilənlərin əksəriyyəti əvvəlcə inzibati həbsə məhkum edilib, cəzasını çəkib qurtarandan sonra azad edilib. Lakin sonradan yenidən həbs edilərək haqlarında cinayət təqibi başladılıb.

  2. Monitorinq zamanı hakim Xəqani Səmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, müdafiə işini vicdanla və keyfiyyətli quran vəkillərə qarşı aqressiya nümayiş etdirməsinin, xüsusilə, vəkil Xaliq Hüseynova qarşı qərəzli mövqe nümayiş etdirib. Hakimin hər məhkəmə iclasında vəkilin araşdırmaq istədiyi halların araşdırılmasına yersiz maneə yaratmasını, vəkilin mahiyyət üzrə verdiyi sualların suallar siyahısından çıxarmasını, hər məhkəmə iclasında vəkilə 4-5 dəfə xəbərdarlıq elan etməsini, işgəncə faktları barədə ifadələr verilməsinə hər vəchlə maneə yaratmasını, prokurordan daha çox ittihamçı olduğunu nümayiş etdirib.

  3. Oqtqy Hüseynzadə və digərlərinin daxil olduğu qrup üzrə məhkəmədə polis şahidlərin əksəriyyətinin ibtidai istintaq zamanı verdiyi ifadələrdə nə yazıldığından xəbərləri olmadığı aşkar olundu. Açıq-aşkar görünürdü ki, həmin ifadələri müstəntiq öz mülahizələri əsasında yazıb və polislərə də orada nə yazıldığını oxumadan imzalatdırıb. Belə bir şəraitdə məhkəmənin sədri Xəqani Səmədovun və prokuror Fuad Musayevin prosessual tələbləri pozaraq, mütəmadi şəkildə, şahidlərə müttəhimlərin ziyanına istiqamət verib, həmçinin vəkil Xaliq Hüseynovun təkidli etirazlarına görə ona “hakimlə mübahisə etdiyinə görə” xəbərdarlıq edilib.

  4. Bütün məhkəmə proseslərində, xüsusilə, işgəncə faktları ilə əlaqədar polislərin ifadələrinin alınması, bu fakt üzrə həbs edilənlərin həm də şahid qismində dindirilməsi, dəlil kimi götürülmüş silah və narkotiklərin, daş və saxsı qabların üzərindən əl izlərinin götürülməsi, həmçinin əlavə şahidlərin cəlb edilməsi kimi məsələlərə aid vəkil və təqsirləndirilənlərin vəsatətləri təmin olunmayıb.

  5. İbtidai istintaq zamanı təqsirliliyini imzası ilə təsdiq etmiş məhbusların bir çoxu bildirdi ki, ifadələrə imza etməsinin səbəbi işgəncə və onların ailə üzvləri, xüsusilə qadın ailə üzvləri ilə təhdid edilmələri olub.

  6. Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə proseslərindən belə bir təəssürat yaranır ki, bir neçə şəxs (Eşqin Quliyev, Elşən Məmmədov və s.) Gəncə hadisəsi ilə heç bir əlaqəsi olmasa da, məhz nə vaxtsa Rəşad Böyükkişiyevlə birlikdə həbsxanada olmaları səbəbindən istintaqa cəlb edilib və haqlarında əsassız ittihamlarla cinayət işi açılıb.

  7. Təqsirləndirilən şəxslərdən bir neçəsi (məsələn, Urfan Məmmədov, Eşqin Quliyev, Hüseyn Bayramov, Rauf Bayramov, Elşən Məmmədov və s.) mitinq zamanı, ümumiyyətlə, Gəncədə olmayıb. Urfan Məmmədov Daşkəsəndə, Hüseyn Bayramov və Rauf Bayramov Samuxda, Elşən Məmmədov Balakəndə olub və s.

  8. Bütün məhkəmə proseslərində məhbuslar əsasən istintaq qrupunun rəhbəri Orxan Babayevin adını çəkir və işgəncələrə məhz onun başçılıq etdiyini bildiriblər.

  9. Xəqani Səmədovun sədrlik etdiyi məhkəmədə, baxmayaraq bunun üçün fasilə verilmiş və vaxt ayrılmışdı, sonradan vəkillərlə təqsirləndirilən şəxslərin konfidensial görüşünə icazə verilməyib.

  10. Proseslərin müşahidəsi zamanı belə təəssürat yarandı ki, təqsirləndirilənlərə qarşı qaldırılmış narkotik və silah ittihamlarının əsası yoxdur, qondarma ittihamdır və təqsirləndirilənlərin evlərinə polis tərəfindən aparılıb və oradan tapılmış kimi protokollaşdırılıb.

  11. Bütün məhkəmə proseslərində şahidlərin əksəriyyəti həbs edilənlərdən heç kimi mitinqdə görmədiyini və heç birini tanımadığını bildirib.

  12. Bütün məhkəmə proseslərində cəmi 3 nəfər (Oqtay Hüseynzadə, Rauf Bayramov, Bəkrəm Əliyev) özünü qismən təqsirli bildi, lakin verilən ittihamın onların əməllərinə adekvat olmadığını qeyd ediblər. Digər təqsirləndirilən şəxslər tam günahsız və ittihamların tam əsassız olduğunu iddia edirlər.

  13. Həbs edilənlərin yarıdan çoxu mitinqin keçirildiyi yer və vaxta aidiyyatı olmadığı yer və vaxtda evində və ya küçələrdə həbs edilib.

  14. Bayramov Tural məhz saqqallı olduğu üçün saxlanılıb, babasıgilə gedərkən tutulub 20 sutka inzibati cəza verilib, sonra haqqında cinayət işi açılıb. Cinayəti etiraf etməsi üçün işgəncə verilib, lakin ifadəyə imza etməyib. Ona birinci instansiya məhkəməsində özünü müdafiə üçün söz verilməyib.

  15. Məhərrəmov Kamal Nasir oğlu mitinqdə olmayıb, anasını yola salarkən saxlanılıb, internetdən istifadə etmir. İttihamda bildirilir ki, güya o, mitinqdə tutulub. Lakin o, heç bir video-görüntüdə yoxdur.

  16. Həsənov Araz Füzuli oğlu minik avtomobilinin kameraya düşməsi ilə əlaqədar Nizami RPİ-nə çağırıblar. Orada bilinib ki, Araz dini ibadətlə məşğuldur, ona mitinqlə əlaqədar cinayət işi qaldırıblar. Lakin o, heç bir video-görüntüdə görünmür.

  17. Video-görüntülərdə mitinq meydanında yox, tamam kənar yerdə – yol kənarında durub mitinqə tamaşa edən Həsənov Ülvi Saləddin oğlu, Süleymanov Rauf Fazil oğlu, İbrahimov Samir Ramiz oğlu və Qafarov Xəyal Xaliq oğlu həbs edilib və məhkəmə hökmü ilə Ülvi 8 il, Rauf 8 il, Samir 8 il, Xəyal isə 10 il həbs cəzalarına məhkum ediliblər. Polis şahidlərdən biri Ülvini mitinqdə tutduğunu, digər isə tamam fərqli yerdə tutduğunu iddia edir. Hər iki polisin ifadəsi işdə sübut materialı kimi saxlanılıb.

  18. Apellyasiya məhkəməsində video-görüntülərə baxış zamanı dəqiqləşdi ki, Heydərli Nemət Hikmət oğlu video-görüntüdə ona oxşadılan bir nəfərə görə tutulub. Ona 8 il həbs cəzası verilib.

  19. Bəkrəm Əliyevin və digər müttəhimlərin daxil olduğu qrup üzrə elan edilən iş materiallarından görünür ki, həbslərlə əlaqədar təqdim edilmiş raportlarda yalnız adam və yer adları fərqlidir, digər hallarda bir-birinin (kopirovkası) eynidir.
  20. Bir çox şahidlər (polis əməkdaşları- red.) hadisə zamanı bilavasitə gördüklərini deyil, sonradan video-görüntülərdən müəyyən etdiklərini, əməliyyatçıların onlara dediklərini söyləyirdilər;

  21. Məhkəmə prosesində bir şahid dindirilərkən digər şahidlər yanaşı otaqla həmin ifadəni eşidirdilər, bu barədə vəkillər tərəfindən hakimə bir neçə dəfə irad bildirilsə də tədbir görülməyib. Bu isə şahidlərin məhkəmədə sərbəst ifadə vermək prinsiplərinə zidd olub;

  22. Məhkəmənin gedişində təqsirləndirilən şəxslərin təqsirsizlik prezumiyası pozulur, zərərçəkmiş və şahid qismində çıxış edən polis əməkdaşlarının onlara qarşı qərəzli olması açıq-aşkar nümayiş olunurdu, bir neçə polis işçiləri təqsirləndirilən şəxsləri “cinayətkar” adlandırır, “…bunlar dövlər əleyhinə çıxanlardır…” deyirdilər.

  23. Şahid qismində çıxış edən polis əməkdaşlarına dövlət ittihamçısı və hakimlər yönəldici suallar verir, müdafiəçilərin xeyli sualları protokoldan əsassız olaraq “yönləndirici sual”, “əsassız sual” adı ilə çıxarılırdı.

  24. İfadə verən polis əməkdaşları məhkəmə prosesində də təqsirləndirilən şəxslərə təzyiq göstərərək onları təhdid edib. Mehdiyev Elşən Əvəz oğlu ifadə verəndə, təqsirləndirilən şəxs Hüseynov Mirzə onu tanımış və bildirmişdir ki, o tutulan günü ilkin olaraq Gəncə şəhər Kəpəz RPİ-nə gətirilib və orada həmin şəxs onu amansızcasına yumruq, təpik, şapalaqla döymüşdür, döyərək deyirmiş ki, “boynuna al sən Rəşadı tanıyırsan?” Mirzə hər nə cavab versə də buna məhəl qoymayaraq döyməkdə davam edirdi. Məhkəmə zalında fasilə vaxtı Mehdiyev Elşən şəhadət barmağı ilə Mirzəyə təhdidedici işarə etdi və dedi ki, “darıxma, çıxanda görərsən…”. Hakimlər olayla bağlı hər hansı addım atmadılar.

  25. Məhkəmədə təqsirləndirilən şəxslər öz ifadələrində işgəncə halları barədə danışarkən hakim onların sözünü kəsir, işgəncə mövzusundan uzaqlaşdırır, mövzu ört-basdır edilirdi. Həmçinin təqsirləndirilən şəxslər işgəncələrin başında duran müstəntiq Orxan Babayevin adını çəkmək istədikdə dövlət ittihamçısı tərəfindən müdaxilə edilir və adın çəkilməsinə yol verilmirdi.

  26. Təqsirləndirilən şəxs Verdiyev Şahin Səməndər oğlu xəstə vəziyyətdə, bir tərəfi iflic, çənə və ağız hissəsi əyilməklə sifəti deformasiya olunmuş, hərəkətində qeyri-adekvat, ətrafında baş verənləri anlamaya qadir olmayan vəziyyətdə məhkəmə zalına gətirilib, digər təqsirləndirilən şəxslərin köməyi ilə yıxılmasın deyə oturduğu yerdə saxlanılıb. Həmin mənzərədən sarsılan digər təqsirləndirilən şəxs Cavadov Asif məhkəmə salonunda qıc oldu və huşunu itirib. Hər iki şəxsə təcili tibbi yardım çağırıldı, sonra onlar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərildilər. Məhkəmə təxirə salındı. Lakin sabahkı gün adı çəkilən şəxslər həmin vəziyyətdə yenə məhkəməyə gətirildilər və yenə oxşar mənzərə baş verdi, yenə məhkəmə təxirə salındı.

  27. Vəkillər polislərə atılmış və maddi sübut kimi saxlanılan daş- kəsək, saxsı qabların üzərindən əl izlərinin götürülməsi ilə bağlı vəsatət versə də vəsatət qəbul olunmayıb və s.

Hüquqi arayış. Aparılan araşdırmalar göstərir ki, Gəncə hadisələri ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı çoxsaylı prosessual pozuntulara yol verilib. Müdafiə hüququ kobud şəkildə pozulub. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərdən təzyiqlər, işgəncələr, aldadılmalara məruz qoymaqla ifadələri alınib. Bunu məhkəmə istintaqı zamanı hətta şahidlər də təsdiq edib. Müdafiə tərəfinin verdiyi əsaslı vəsatətlərin heç biri təmin edilməyib. Hətta müdafiə tərəfinin həqiqəti üzə çıxartmaq məqsədilə şahidlərə verdiyi sualların (əsasən işgəncə faktları ilə bağlı olan sualların) məhkəmə tərəfindən çıxarılması, ittiham tərəfinin isə şahidə verdiyi işə aidiyyəti olmayan sualların məhkəmə tərəfindən çıxarılmaması ittiham və müdafiə tərəfinin hüquq bərabərliyinin məhkəmə tərəfindən ciddi şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Cinayət Məcəlləsinin 29-cu maddəsində cinayət etməyə cəhdin tam anlayışı verilib. Həmin normada qeyd edilir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İş üzrə təqsirləndirilən şəxslərin çoxuna Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə ittiham irəli sürülüb. Lakin hadisənin video görüntülərindən də aydın olur ki, əksər təqsirləndirilən şəxslər ümumiyyətlə hadisənin qaynar nöqtəsindən çox uzaq məsafədə olmuş, yaxın məsafədə olan şəxslər isə yalnız müşahidə edib.

Azərbaycan respublikası Konistitusiyasının 64- cü maddəsi, eləcə də İnsan Hüquq və Azadlıqları haqqında Konvensiyanın 6- cı maddəsinin tələblərinə görə heç kəsin eyni cinayətə görə təkrarən məsuliyyətə cəlb olunması yol verilməzdir. Amma “Gəncə işi” ilə bağlı həbs edilən şəxslərin bir çoxu öncə 15-30 sutkalıq inzibatı həbsə məhkum edilib, sonrakı günlərdə isə onlara oxşar əməllərə görə cinayət işi açılıb həbsdə saxlanılıblar.

Respublika prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən tərtib edilən İttiham Aktında “Gəncə işi” ilə bağlı həbs olunan şəxslər öncədən mütəşəkkil dəstə yaradaraq iğtişaşların təşkili, terror, dini dövlət qurmaq, dövlət çevrilişi və s.- də ittiham edilir. Amma təqdim olunan sübutlar və məhkəmənin gedişində məlum olur ki, həbs olunan, təqsirləndirilən şəxslərin əksəriyyəti bir- birilərini öncədən tanımayıblar. Onlar məhkəmədə tanış olublar. Əməlləri ittihama adekvat deyil.

Təqsirləndiriln şəxslərin bəziləri Cinayət Məcəlləsinin 20, 23, hətta 27 maddəsi ilə ittiham olunur. Həmin şəxslər Cinayət Məcəlləsinin 120- ci maddəsi (adam öldürmə), 220.1 (iğtişaşların təşkili), terror, dövlət çevrilişinə cəhd və s. maddələrlə ittiham olunsalar da məlum olur ki, həmin insanlar 03 və 10 iyul Gəncə hadisələri zamanı ümumiyyətlə hadisə yerində, bəziləri Gəncədə, bəziləri isə ümumiyyətlə Azərbaycanda olmayıb. Məsələn, Gəncə hadisələri baş verməmişdən 1 il 5 ay öncə Azərbaycanı tərk edib dolanışıq dalınca ailəsi ilə bir yerdə Rusiyaya gedən Müşfiq Qurbanov Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə ittiham olunaraq həbs edilib. Hazırda Moskvada İstintaq Təcridxanasında saxlanılır. Halbu ki, o hadisələr başlamamışdan xeyli öncə ölkni tərk edib və hadisələr zamanı ümumiyyətlə Azərbaycanda olmayıb. Həbs edilən təqsirləndirilən şəxslərlə hansısa əlaqəsi, ünsiyyəti yoxdur. Eləcə də Gəncə hadisələri zamanı artıq 9 ay idi ki, həbsdə olan siyasi məhbus Firudin Zeynalov da məsuliyyətə cəlb edilərək onun haqqında da yuxarıdakı absurd ittihamlar irəli sürülüb. Nə qədər təəccüblü və absurd olsa da həbsxanada, dörd divar arasında olan F. Zeynalov Gəncədə iğtişaşların təşkilində, terror, dini dövlət qurmaq, adam öldürmək və s. maddələrlə ittiham olunub (!?). Məhkəmə vasitəsi ilə bu ittihamlar ona qarşı rəsmən irəli sürülüb və hazırda Yunis Səfərovla birgə onunla da bağlı istintaq işi aparılır.

İnsan Hüquqları üzrə Konvensiyanın 3- cü maddəsində deyilir ki, “Heç kəs işgəncəyə və ya qeyri- insani, yaxud da alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”. Amma Gəncə hadisələri ilə bağlı məlum olur ki, həbs edilən şəxslərin əksəriyyəti işgəncəyə və alçaldıcı münasibətə məruz qalıb. Lakin məhkəmə bu faktın araşdırılması və tədbir görülməsi üçün gərəkən addımları atmayıb. Eyni zamanda qanunda birmənalı şəkildə qeyd olunur ki, işgəncə yolu il alınmış ifadələr sübut kimi qəbul edilə bilməz. Amma təəssüf ki, təqsirləndirilən şəxslər məhkəmədə sərbəst ifadə verərkən onlardan ilkin ifadənin işgəncə altında alındığını bildirsələr də məhkəmə heyəti bununla bağlı lazımi tədbirlər görməyib və eyni zamanda həmin ifadələri əsas kimi qəbul edib.

Gəncə hadisələri ilə bağlı yazılara və çıxışlara görə təzyiqlər. Hakimiyyət orqanları tərəfindən Gəncədə baş vermiş məlum hadisələrə görə bır sıra jurnalistlər və hüquq müdafiəçiləri təzyiqlərə məruz qalıb. Bastainfo.az saytının redaktoru Musatafa Hacıbəyli və criminal.az saytının redaktoru Anar Məmmədov ”Gəncədə baş verən hadisə Elmar Vəliyevin kobudluğunun nəticəsidir” məzmunlu yazıya görə (https://criminal.az/gencede-bas-veren-hadise-elmar-veliyevin-kobudluunun-neticesidir/?fbclid=IwAR2B0Y_q9xgQ7OtGsJ3t1dbJ4kd8GuK-5sLL4vM5AGExBZJtHAJ-5wvZkYg) onlar haqqında Cinayət Məcəlləsinin 281.2, 309 və 313- cü maddələri ilə cinayət işi açılıb. Məhkəmə hər iki jurnalisti 5 il 6 ay müddətə şərti cəza verib. Halbuki adı çəkilən yazı Turan İnformasiya Agentliyinə məxsusdur və bu saytda dərc olunub. İttiham tərəfi jurnalistlərə qarşı irəli sürdüyü ittihamı sübut edə bilməyib. Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinə və Respublika Baş Prokurorluğuna çağırılaraq rəsmi xəbərdarlıq edilib. O. Gülalıyev bildirib;Hər iki qurumda mənim yazılarım və fəaliyyətim müzakirə mövzusu olub. Xüsusən, “Tərtər işi” və “Gəncə işi” mövzusunda işgəncələr, qanunsuz həbslər və müəmmalı qətllər barədə yazılarım və fikirlərim hər iki qurumun əsas narahat edən məsələ olub. Buna görə DİN yazılarımdan dolayı narahatlığını bildirib. Amma çox təəssüf ki, təqdim etdiyimiz işgəncə və qanunsuzluq hallarını araşdırmaq əvəzinə Baş prokurorluqda izahatım alınıb və mənə rəsmi xəbərdarlıq edilib. Xəbərdarlığı qəbul etmədiyimə görə həmin sənəddə və izahatımda prokurorluğa bu barədə rəsmi etirazımı bildirmişəm. Hesab edirəm mənim güc strukturlarıma çağrılmağım əsassız və qanunsuzdur. Mənə təzyqi etmək və susdurmaq cəhdidir. Amma biz fəaliyyətimizi qanunlar çərçivəsində qururuq və bundan sonra da bu çərçivədə davam etdirmək niyyətindəyik”.

Nəticə. Aparılan araşdırmalardan bu nəticəyə gəlmək mümkündür ki, 03 iyul və 10 iyul 2018-ci il tarixlərdə Gəncə şəhərində baş vermiş məlum hadisələrlə bağlı məlumatlar rəsmi və qeyri- rəsmi səviyyədə ictimaiyyət üçün açıqlansa da hələ də bəzi məqamlar ziddiyyətlidir, bir çox suallar açıqdır. Güc strukturlarının yaydığı rəsmi məlumatlarda şəhər sakini Yunis Səfərovun Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyevə atəş açaraq, ona sui- qəsd etməsi ölkədə “konistitusiya qurluşunu zorla dəyişdirmək, dini dövlət qurmaq cəhdi” deyil, yalnız qisasçılıq zəmində baş vermiş hadisədir. Məqsəd özünü və şahidlərin də dediyi kimi Elmar Vəliyevin törətdiyi qanunsuz, qeyri- etik, milli və dini adət- ənənələrə zidd hərəkətlərinə etiraz olub.

Çox maraqlı və təəccüblü idi ki, Yunis Səfərov adam öldürməyə təşəbbüs göstərib cinayət etsə də bir çox insanlar sosial şəbəkələrdə onu müdafiə edərək Elmar Vəliyevə nifrətini bildirmişdi. Əslində bu nifrət həm də dövlət başçısı tərəfindən ölkənin 2- ci böyük şəhərinə icra başçısı təyin olunan E. Vəliyevin timsalında müəyyən qədər hakimiyyətə də yönəlirdi. Təbii ki, hakimiyyət və hakimiyyətə yaxın qüvvələr bu vəziyyətlə barışa bilməzdi. Öncə polisdə saxlanılan, ağır işgəncələrə məruz qalan Yunis Səfərovun qan içində olan ölümcül vəziyyətdə fotosu yayılır. Bu foto insanlarda dərin etiraz yaradır. V belə bir vəziyyətdə təşkilatçısı və kimliyi bəlli olmayan dairələr tərəfindən 10 iyul saat 20.00- a Gəncədə İcra Hakimiyyətinin inzibati binasının qarşısına “Yunis Səfərova dəstək” mitinqi elan olunur. Bu elan yenə naməlum şəxslər tərəfindən bir çox Gəncə sakinlərinin vatçap nömrlərinə göndərilir, onları mitinqdə iştiraka çağırırlar.

Güc strukturları polis bölməsindən Yunis Səfərovun ölümcül vəziyyətdə olan fotosunu çəkib yayanları, eləcə də 10 iyul razılaşdırılmamış mitinqinin təşkilatçılarını müəyyənləşib məsuliyyətə cəlb etmək əvəzinə heç bir qabaqlayıcı tədbir görmür. Əksinə, 10 iyul günü səhər saatlarından başlayaraq polislərdən silahlar və qoruyucu mühafizə vasitələri alınır, mitinqin təyin olunduğu yer- icra hakimiyyətinin binası önünə keçmiş məhkum Rəşad Böyükkişiyev (sonradan 2 polis əməkdaşını öldürüb birini yaralayac şəxs- red.) və digər təxribatçı qüvvələr asanlıqla, müqavimətsiz şəkildə meydana daxil olub pozucu və cinayət əməllərini həyata keçirirlər. R. Böyükkişiyev polislərə hücum edib onları yaralayır və qətlə yetirir, çarşab geyinmiş naməlum şəxslər isə polisə qab- qacaq, saxsı qablar atır. Polis onların bu hərəkətlərinə qarşı heç bir cavab tədbiri görmür və məhkəmədə təqdim edilən video görüntülərdən də aydın olur ki, hansısa tədbir görməyə cəhd də etmir. Nəticədə hadisə günü və hadisədən sonra cinayətdə iştirakı olmayan 100- lərlər şəxs həbs olunur, ağır işgəncələrə məruz qalır. 2 nəfər polis olmaqla 10 nəfər müəmmalı şəkildə qətlə yetirilir və .

Aparılan araşdırmalar onu göstərir ki, 10 iyul Gəncədə baş vermiş məlum hadisələr hakimiyyətin özünün və ya ona yaxın qüvvələrin planı əsasında bilərəkdən və ya bilməyəkdən təşkil olunub. Məqsəd Yunis Səfərov vasitəsilə əslində təkcə Elmar Vəliyevə deyil, hakimiyyətin özünə vurulan zərbəni neytrallaşdırmaq, Gəncədə və ölkədə narazı insanları qorxudub onları susdurmaq, qorxu xofunu artırmaq olub. Hadisələrin sonrakı inkişafı- həbs edilən şəxslərdən istintaqa sərf edən ifadələrin alınması üçün onlara amansız işgəncələrin verilməsi, həmin şəxsləri ağır cinayətlərdə (həm də siyasi motivli maddələrlə- red.) ittiham edib uzun müddətli həbsə göndərmək yuxarıda deyilənləri bir daha sübut edir.

2018- ci ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələr son illər tariximizin ən qanlı, adam ölümü, işgəncə və uzun müddətli həbsləri ilə müşayət olunan hadisələrindədir. Bu hadisələr mahiyyətinə, miqyasına, itkilərinə, insanlara verdiyi dəhşətli əzablarına görə 2015- ci il Nardaran, 2017- ci il Tərtər hadisələri ilə müqayisə oluna bilər. Bu hadisələr kütləvi həbs, repressiya və işgəncələrlə reallaşdığına, həbs edilən şəxslər ağır, dəhşətli işgəncələrə məruz qalması ilə nəticələndiyinə görə Repressiya və İşgəncələr Əleyhinə Komitə Azərbaycanda “10 iyul- İşgəncələr günü” elan edib.

Tövsiyyələr. Gəncə hadisələri ilə bağlı aparılmış ətraflı araşdırmalardan sonra aşağıdakı tövsiyyələr irəli sürülür:

  1. Gəncə işi” ilə bağlı ədalətli istintaq və ədalətli məhkəmə araşdırması aparılsın;

  2. Təqsirləndirilən şəxslərə işgəncə verən, qeyri- insani münasibət göstərən bütün vəzifəli şəxslər məsuliyyətə cəlb olunsun;

  3. Hazırda məhkəməsi gedən, günahı sübuta yetirilməyən bütün şəxsər məhkəmə zalından azadlığa buraxılsın;

  4. Gəncə hadisələri ilə bağlı 10 iyula təyin olunmuş razılaşdırılmamış mitinq çağırışı yayanlar təşkilatçılar və həmin gün meydanda polisə qab- qacaq, saxsı qablar atan çarşablı şəxslər müəyyənləşib məsuliyyətə cəlb olunsun;

  5. Qanunsuz həbslər həyata keçirən, insanların pul və ziynət əşyalarını alıb qaytarmayan polis əməkdaşları məsuliyyətə cəlb olunsun;

İstifadə olunan ədəbiyyat və mənbələr:

  1. Azərbaycan respublikasının Konistitusiyası

  2. Azərbaycan respublikasının Cinayət Məcəlləsi və Cinayət Prosesual Məcəlləsi

  3. Təqsirləndirilən şəxslərlə bağlı İttiham Aktları

  4. Təqsirləndirilən şəxslərlə bağlı Gəncə Ağır Cinayət Məhkəməsinin hökmləri

  5. Baş prokurorluq, DİN və DTX- nın rəsmi məlumatları

  6. Təqsirləndirilən şəxslərin məhkəmə çıxışları

  7. Dövlət İttihamçısının və müdafiəçilərin çıxışları

  8. İnsan Hüquq və Azadlıqları haqqında Konvensiya

  9. Mətbuatın xülasəsi