Vətəndaşam…

 

Arif Pənahoğlu

Vətənindən uzaqlara tullanılmış qara daşam.
Ruhum orda, cismim burda.
Yad ellərdən-
İnsanammı yoxsa ki, yox?!
Bilmək üçün haqlarımı arayıram.
Bu nə tale, bu nə qismət, bu nə yaşam ?!

Mənə ünvan olmaq üçün nə Vətəndə, nə qürbətdə  yer tapılmır.
Necə darmış, cansıxıcı bir məkanmış yer kürrəsi…
İndi mənim aləmimdə küləklərin səmalarda uçurduğu qum dənəsi.
Hey -özümü “sırımağa” can atsamda,
Ağ şalvarda yara yamaq məsələsi…

Burda sınır qürur adlı varım-yoxum.
Ehtiyaca baş əymərəm özüm olsam,
təpərim var, gücüm çatar.
İki körpə istəyinin qarşısında ikiqatam.
Qürbət ölkə, soyuq məkan, yad adamlar…

Küçələrdə ögey-ögey baxışlardan kin duyulur.
Rəzalətin əzabından çan qurtarmaq mümkün olmur.
Üzbə-üzdən keçib gedən ağ adamlar,
Salamımı biri alır, beşi almır…

Danışmağın xeyri nədi?!
Bir kəsin ki, duyulmaya həqiqəti deyən səsi.
Hansı dövrə düşdü ömrüm ?!
Quldarlığın ən birinci mərhələsi…

Sözdən başqa qazancı yox,
Dolandırmır var əvəzi söz, adamı…
Dəyərləri heçə dönüb, şairlərin,yazarların,
Kabab çəkir cızha-cıcla içindəki köz, adamı…

Mənim üçün bu həyatın maraqları çoxdan ölüb,
Öz dünyamda dəfn etmişəm, verib yasın…
Kaş görəydim-
qəlb qızdırıb, dost sandığım insanların,
İç dünyasın.

Bizi yamam günə qoyub, özgəsinin əhvalına laqeyidlik,
Bizi yaman günə qoyub  mənəm,mənəm !!!
Hamı sanır, Bağdadda şah- kor xəlifə –
birda mənəm.

Saat üçdü…
Hamı kimi şirin-şirin yatmaq keçir xəyalımdan.
Tora düşmüş balıq kimi çırpınıram yatağımda.
Sükunətin züy səsindən bezikmişəm,
Divardakı ağ saatın çıqqıldısı yetir dada otağımda…

İraq qalıb könüllərdən, qədirbilən doğması yox.
Sanki əsrə bərabərdi ötən hər an…
İnsan kimi haqqlarını ondan bundan soraqlayıb,
Qollarının arasında qızınmağa yer arayan,
Bir anaya möhtac insan…