Azərbaycanlı məmurlar vaxtaşırı öz qanundankənar əməlləri ilə deyil, harın övladlarının hoqqaları ilə də gündəmi zəbt edirlər. İndiyə qədər hansı məmur övladının gözəl bir işi ilə gündəmə gəldiyini eşitmisiniz? Eşidə bilməzsiniz, onların işi-gücü atalarının xalqdan oğurladığı milyonları havaya sovurub, orda-burda oyun çıxarmaqdır. Biri xarici ölkələrdə aldığı bahalı mülklərlə gündəmə gəlir, biri lüks avtomobillərdə avtoşluq edib adam öldürür, biri istirahət zonasında ayı kəsdirib kabab bişirtdirir, biri restoranda dava salıb, adam bıçaqlayır, biri milyon funt sterlinqə aldığı saatı çimərlikdə oğurladıb dünya mediasına mövzu olur…
Ötən həftəni də o unikal saatı oğurlanan Rəşad Abdullayevin dünya mətbuatında sətir-sətir dolaşan xəbərlərini oxumaqla yola verdik. İspaniyanın İbiza şəhərində oğurlanan 1 milyon funt sterlinqlik saatın 22 yaşlı sahibi, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu. Saat qalmaqalı ilə bağlı detalları yazmağa ehtiyac duymuruq. Bir həftədir media və sosial şəbəkələr Rəşadı yetərincə “reklam edib”. Gələk, məsələnin dərin tərəfinə. Minlərlə sosial şəbəkə istifadəçisinin qəzəb dolu sualı gerçəkdən yerindədir. Bu gənc oğlan hansı işin-gücün sahibidir ki, o qədər pul qazanır və itirdiyi saatın dəyəri də 2,16 milyon manata çatır. Ölkədə on minlərlə yoxsul ailə gündəlik çörək dərdində ikən, hardan axır o dəyirmanın suyu? Onu bütün rəsmi təqdimatlarda biznesmen kimi təqdim edirlər, amma prezident oğlunun nə biznesi ilə məşğul olduğunu açıqlayan yoxdur. Tanıyanlar deyir ki, o, illərdir eləcə SOCAR-ın London ofisi ilə Türkiyə ofisi arasında səyahət edib durur. Bir faydalı işlə məşğul olduğu yox. Ortalıqda veyil-veyil dolandığına görə, SOCAR-ın işçiləri arasında komik personaja çevrilib. “Onu partilərdən başqa heç nə maraqlandırmır” deyir şirkət əməkdaşları. İşçilərin sözlərinə görə, o çevrələrində, bəlkə də, intellekt səviyyəsi ən aşağı olan azərbaycanlıdır. Amma özünü ofisin ağası kimi aparır, şirkətdən dədəsinin malı kimi istifadə edir. Bilirsiniz, London ofisinin rəhbəri də Bəylər Əyyubovun kürəkənidir, orda işçiləri vəzifələrə yüksək savad və intellektinə görə irəli çəkməzlər. Yüksək vəzifə təyinatında yalnız şəxsi maraqlar nəzərə alınır, savadlı kadrların əməyi isə, demək olar ki, istismar olunur.
Yeri gəlmişkən, saat oğurluğu Rəşad Abdullayevin gündəmə gəldiyi ilk qalmaqal deyil. Yadınızdasa, İstanbul polisi bir ara onu bahalı maşınlarla avtoşluq etdiyi üçün də saxlamışdı. Ümumiyyətlə, Türkiyədə onun çıxardığı hoqqalar haqqında çoxlu söhbətlər dolaşır. Ərköyün Abdullayevin qadın dostlarına hər ay milyonlarla pul xərclədiyi deyilir. Onun “Melisa” yaxtasındakı macəraları da İstanbulda dillərə dastandır.
Sosial şəbəkələrdə “bu milyonlar hardandır” sualının cavabı da bəlli. O milyonlar xalqın cibinə girən SOCAR prezidentinin oğurluq xəzinəsindəndir. Ölkədə haqqı çalınan milyonlarla gəncin payıdır. Bax, budur bizim ali qanunverici orqanı təmsil edən deputat balalarının harın həyatı! Bunun bir sonu olacaqmı? İllərdir yoxsulluq və ehtiyac girdabında boğulan xalq bu qudurğan əməllərin hesabını çəkməyəcəkmi? Bu qədər haqsızlıq və harınlığın bir hesabı olmalıdır, əlbət. Yüz minləri yumruq kimi bir araya gətirən o qəzəb selinin kükrədiyi zamana da az qalır.
Əbil Həsənov