Bir “yanıq Kərəm” hekayəsi var, bir də “satqin Kərəm” hekayəsi

Mafiya filmlərindəki kimi…

Azərbaycanda baş verənlər dəhşətli mafiya filmlərinin ssenarisini xatırladır. Bu cinayətlərə adı qarışan hər bir məmurun hekayəsi əsasında ayrıca film çəkmək olar. Onların sayı o qədər çoxdur ki, birinin cinayətləri ortaya çıxan kimi, o birisinin üstü canfəşanlıqla ört-basdır edilməyə çalışılır. Əslində, bütün bunlar unutdurulacaq cinayətlər deyil. Sadəcə, bəziləri qarışıqlıqdan yararlanıb bir müddət arxa plana keçə bilir. Xalq arasında deyildiyi kimi, hər Kərəmin bir hekayəsi var. Kiminin eşq hekayəsi, kiminin də xəyanət hekayəsi. Gün dolanar, zaman keçər, amma hekayələr unudulmaz.

Nə sevgilisi üçün yanmağı gözə alanların, nə də mənsəb, var-dövlət, imtiyaz naminə dostlarını arxadan vuranların hekayəsi. Amma tarixdə qara ləkə olaraq qalar xəyanət hekayələri. Çünki bir dəfə yaxın birinə xəyanət etdinmi, sonrakı pisliklər ard-arda gələr. Bütün dəyərləri ayaq altına qoya-qoya gedərsən. Onu yaxşı tanıyanlar arasında “İuda”(İsa Peyğəmbəri satan adam) ləqəbi ilə məşhurlaşan Kərəm Həsənov da indi dayandığı mərtəbəyə belə gəlib. Dostlarını, yaxınlarını arxadan vuraraq, 2005-ci ildə yeni yaranan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri olub.

Ondan əvvəl İqtisadi inkişaf naziri Fərhad Əliyevin müavini olmuş bu adamın ləkəli karyerası” da belə başlanıb. İlk fürsətdəcə Fərhad Əliyevə aid bütün müəssisələrlə bağlanmış müqavilələri ləğv etdirib, onların fəaliyyətinə nəzarəti öz üzərinə götürüb. Nazirin yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələrini əlindən alıb, bir hissəsini öz yaxınlarının adına keçirilib. Həsənovun böyük oliqarx kimi ulduzu belə parlamağa başlayıb. Şübhəsiz ki, sədr təyin olunduğu Komitə ona gələcək əlaqələrin, böyük varidatın, biznes şəbəkəsinin açarı olub. Sonra da hakimiyyətdə güclü bağları olan adamlarla qohum və ya dostluq əlaqələri qurub. O, Gəncə İH-nin keçmiş başçısı Elmar Vəliyevin qudasıdır, zamanında sabiq MTN şefi Eldar Mahmudovun adamı sayılırdı…

Yadınızdadırsa, hamı Eldar Mahmudovun “vurulmasından” sonra onun ulduzunun sönəcəyini gözləyirdi. Keçmiş nazirin işdən qovulduğu müddətdə Həsənovun sorğu-sual edildiyi xəbəri də yayılmışdı. Mediada onu Mahmudovun “işverəni” adlandırırdılar. O, dövlət əmlakını özəlləşdirən şəxslərin siyahısını MTN-ə ötürməklə, Eldar Mahmudova külli miqdarda pullar qazandırırmış. Deyilənə görə, onların münasibətləri o qədər yaxın olub ki, Kərəm Həsənov MTN şefinin qızının toyunda “Yallı”ya başçılıq edirmiş.

Korrupsiya piramidasının ən zəngin adamlarından biri

Unutmamışıq, Komitə sədri qısa vaxtda necə korrupsiya piramidasının ən zəngin adamlarından birinə çevrildi. Hələ də adı ən qaranlıq maxinasiyaların, ən çirkli işlərin, ən böyük iqtisadi cinayətlərin içində hallanır. Amma ona dəyib-toxunan yox! Üstəlik, qılıncının dalı-qabağı kəsən sədr 2010-cu ildə qardaşı, “AZİNKO Holdinq”in rəhbəri Malik Həsənovu Milli Məclisə deputat təyin etdirdi. O ərəfədə də hamıya mesaj verdi ki, onun əli çox yuxarılardadır. Bildirdi ki, “5 il ərzində “ümumi katyol”dan maliyyələşdirilən Çernoqoriyada, Monteneqroda, Bolqarıstanda, Dübayda, Almaniyada, Çexiyada reallaşdırılan, həmçinin respublikada “AZİNKO Holdinq”in həyata keçirdiyi bütün layihələrdə maliyyələşmə və xərclərə nəzarəti də ona tapşıracaqlar.” Dediyi düz çıxdı. Həmin ölkələrdə daşınmaz əmlak alınması ilə birbaşa o məşğul olmağa başladı. Onun sədrliyi müddətində oğurluq yolla topladığı əmlakın siyahısı dəfələrlə mətbuatda dərc olunub. Amma bu da onunla bağlı qanun çərçivəsində hər hansı ölçü götürülməsinə yetərli əsas sayılmadı. Əli çox yuxarılardadır axı…

 “Kupca biznesi”ndən zərər çəkənlər onu unudacaqmı?

Qeyd etdiyimiz kimi, mətbuatda dəfələrlə Kərəm Həsənovun sədrlik dövründə əldə etdiyi, dəyəri yüz milyonlarla ölçülən böyük obyektlərin, mülklərin, mənzillərin siyahısı dərc edilib. O, bu haram pulların böyük bir hissəsini də minlərlə insanın qanından-canından çıxan “kupca biznesi” sayəsində qazanıb. Amma hələ də yuxarılarda ona “dur” deyəcək adam tapılmır. Əlbəttə, oğruların hər zaman öz şəriklərini müdafiə etmək ehtiyacları olur. Bir halda ki, bu ölkədə quldurluq qanunları hökm sürür, xəyanətkarlar ən başa çıxır və cinayətkar cəzalanmırsa, o zaman mülkiyyət haqqı tapdalanan, əmlakı əlindən zorla alınan, “kupça” zülmünə uğrayanların hansı yolu qalır? Komitənin zülmünə uğrayan bütün narazıların xalq etirazlarına qoşulmasının və bu qansızlıqlara görə hesab sormağının zamanı çatmayıbmı? Hesab günü mütləq gələcək. O gün ölkənizi və həyatınızı cəhənnəmə çevirən cinayətkarları qanuna təslim etməyi unutmayın!

Əbil Həsənov