Nəhayət, deputat -politoloq Rasim Musabəyov da ölkə gündəminə gəldi. Nə qədər gülünc olsa da, hər hansı politoloji açıqlamaları ilə deyil, popkorn qalmaqalı ilə. Musabəyov birbaşa öz fəaliyyət sahəsinə aid olan Qarabağ problemini, erməni məsələsini unudub, “Azneft” meydanının yaxınlığındakı keçiddə popkorn satan usagı hədəf aldı. Demə, bu popkorn qoxusu deputatı möhkəm narahat edib. O dərəcədə narahat edib ki, adam səlahiyyətli orqanları popkorn haqqında ciddi ölçü götürməyə çağırıb. Səlahiyyətli orqanlar da sağ olsunlar, həmən hərəkətə keçib, keçiddə popkorn satışını qadağan etdilər. Bu haqda Musabəyov özü də ayrıca paylaşım edib. “Dünən axşam “Azneft” meydanı yaxınlığında yeraltı keçid popcorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək….”
Bravo! Bu deputatların hünəri ancaq ailəsinə gündəlik çörəkpulu aparmaq üçün gecə-gündüz keçiddə dayanan uşaqları zərərsizləşdirməyə çatar. Siz Musabəyovun parlamentin spikeri Oqtay Əsədovun həyat yoldaşına məxsus striptiz klubunu, “Triumph Palace”dakı dəbdəbəli penthauzu, kürəkəninə məxsus Londondaki milyonluq penthauzu haqqında bir kəlmə danışdığını eşitmisiniz? Xeyr. Eşidə bilməzsiniz də. Əksinə, Musabəyovun müxtəlif tədbirlərdə Zemfira Əsədova ilə bir masada quzu kimi büzüşüb oturduğuna fotoşəkillər şahidlik edir.
Əlbəttə, Oqtay Əsədovu spiker adını yerə soxan əməllərinə görə tənqid etmək, onun Moskvada ermənilərə xidmət göstərən striptiz-barı haqqında söz demək Musabəyovun hünəri deyil. Onların gücü ancaq xalqın içindən çıxmış kasıb-kusubun tikəsini boğazından çıxarmağa çatar. Çünki Oqtay Əsədovun sədrlik etdiyi, Musabəyovun da təmsil olunduğu Milli Kaprizdə milləti düşünən bircə adam belə tapa bilməzsiniz…
Samiraldo spiker ola bilər? Niyə də yox?
Deyəsən spikerin xanımı Zemfira Əsədovanın striptiz-bar qalmaqalından ilhamlanan şou-biznes “ulduzu” Samiraldo da deputat olmaq arzusuna düşüb. Günlərdir sosial şəbəkələrdə dolaşan bu xəbərə insanlar məsxərə ilə “niyə də olmasın, indiki deputatlardan nəyi əskikdir” şəklində reaksiya verir. Samiraldo özü də deyib ki, “xalq onun deputat olmasını istəyərsə, etiraz etməz və məhz xalqın deputatı olacaq”. Milli Kaprizi təmsil edən deputatlara baxanda, Samiraldonun açıqlaması daha ağıllı səslənir.
Siz nə zamansa, o parlamentdə xalqın mənafeyi naminə ortaya kəskin mövqe qoyan bir deputat görmüsünüz? Parlamenti bu kökə salanda ordakı kreslolara tamah salanların sosial məzmunu da becə lazımdır, deformasiyaya uğraya bilər. Necə deyərlər, “axsaq atın kor nalbəndi olar”…
İnsanlar #MilliKaprizaYox #ParlamentTelebEt #ParlamentBuraxilsin çağırışı ilə etiraz edir
Uzun zamandır sosial şəbəkələrdə etiraz çağırışları səslənməsinə baxmayaraq, Parlament spikerin və onun ailə üzvlərinin dünyanın müxtəlif yerlərində üzə çıxan əmlakına dair hər hansı bir hesabat verməyib. İnsanlar xalqa hörmətsiz yanaşan deputatların bu susqunluğuna qəzəblənərək, anti-xalq Parlamentində ciddi islahatlar aparmağa çağırır. Bu çağırışlar sosial şəbəkələrdə #MilliKaprizaYox #ParlamentTelebEt #ParlamentBuraxilsin #HebsEt haştağları altında aparılır.