СӨМIL HӨSӨNLI
Dostlar! Nəhayət, ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatı elan edildi. Ən önəmlisi odur ki, hesabatı Dövlət Katibi Mayk Pompeo təqdim edib edib və təqdimat mərasimində o, qeyd edib ki, ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını xüsusi şəkildə vurğulayıb.
Heç bilirsiniz Dövlət Katibinin təqdim etdiyi hesabatın neçə səhifəsi Azərbaycanda insan hüquqları ilə bağlı rüsvayçı duruma, ağır işgəncələrə, insanların istintaq altında öldürülməsinə, saxta cinayət işləri quraşdırmağa, ölkədə mətbuatın, azad sözün boğulmasına, sərbəst toplaşmaq azadlığının qadağan edilməsinə həsr edilib? Nə az, nə çox 40 səhifəsi! Siyasi baxımdan iflas etmiş, mənəvi baxımdan dünyasını dəyişmiş Əliyev rejiminin 40 mərasimindən də ağırdır bu 40 səhifə. Nələr yoxdur yoxdur orada? Hakimiyyətin öz vətəndaşlarına qarşı törətdiyi bütün cinayət əməlləri hesabatda öz əksini tapıb. Amma əslində ölkədə real vəziyyət bu hesabatda əks olunduğundan qat-qat ağırdır. Ona görə cənab Əliyev insan hüquqlarını pozan, namuslu adamlara qarşı saxta cinayət işləri quraşdıran, işgəncə ilə istintaq altında olan məhbusları döyüb öldürənlərin vəsifəsin və rütbəsin artırır, onlara orden-medallar verir, belələrin şirnikləşdirib irəli çəkir. Ona görə hesabatda yazılır ki, “Azərbaycan hökuməti insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır – cəzasızlıq problem olaraq qalır.”
Hesabatında Azərbaycanın istintaq orqanlarında, hüquq mühafizə orqanlarında ixtiyari (arbitrar) qətllərin və işgəncə hallarının geniş hal aldığının həyəcan siqnalı verilir. Orada qeyd edilir ki, 2018-ci ilin sentyabr ayında Teymur Axundov Qazax polis idarəsində sorğu-sual edildikdən sonra vəfat edib. Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin sıravi əsgəri Hüseyn Qurbanov naməlum şərtlər altında həyatını itirib. Azərbaycanda polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşdiyin qeyd edən hesabatda polis orqanlarının zordan istifadə edərək saxta ittihamlarla həbs edilənlərdən “etirafedici” ifadələr “aldığı” dəhşətli bir hal kimi qeyd edilir və belə halların Azərbaycanda adiləşdiyi vurğulanır. Hesabatda belə işgəncə faktlarına misal olaraq məhbusların, istintaq altında olanların ayaqlarının altına dəyənəklə vurulması və bədənlərinə elektrik cərəyanının verilməsi göstərilir. Hesabatda açıq şəkildə yazılır ki, bu işgəncələr həbs edilənlərin törətmədiyi əməlləri boyunlarına almaları və yaxud əlavə saxta cinayət maddələri tətbiq edilməsi məqsədi ilə verilir. Buna misal olaraq hesabatda video bloger Mehman Hüseynovun başına gətirilənlər, ona işgəncə verildiyi barədə açıqlamasından sonra Nəsimi rayon polis idarəsinin iddiası əsasında blogerin iki il həbsə məhkum olunması gətirilir. Bununla ürəkləri soyumayanlar, azğınlaşmış hüquq “qoruyucuları” hətta 2019-cu ilin yanvarında Mehmana guya xidmət işçisi Əli Abdalovu döyməsi ilə bağlı yeni saxta bir cinayət işi açmışdılar. Mehman mətbuat konfransında açıq şəkildə dedi ki, ümumiyyətlə onunla Əli Abdalov arasında hər hansı bir insident baş verməyib. Görün azğınlıq nə həddə gəlib çatıb ki, olmayan, baş verməyən bir hadisə ilə bağlı məhbusa 5-7 il həbs cəzasın özündə ehtiva edən ittiham elan edirlər. Eyni natəmiz əməli bunlar keçmiş səhiyyə naziri Əli İnsanov, Xalq Cəbhəsi sədrinin müşaviri Məmməd İbrahimə qarşı sınaqdan keçirmişdilər. İnsanlarla bu cür rəftar edənlər, ölkəndə belə rüsvayçı əməllərə yol verənlər, istintaq orqanlarında işgəncə labarattoriyası yaradanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
Hesabatın xeyli hissəsi Azərbaycan həbsxanalardakı qorxulu, acınacaqlı, insan əzabları üzərində qurulan vəziyyətin məhbusların həyatı üçün hansı dərəcədə təhlükəli xarakter alması barədədir. Orada qeyd edilir ki, cəzaçəkmə müəssisələrində kameralar həddindən artıq sıx, istilik və ventilyasi sistemi yararsız və ən elementar şərait mövcud deyil. Buna misal olaraq sənəddə saxta bir ittihamla 3 il həbs edilmiş, azadlığa çıxmasına iki gün qalmış yastığının altından kəsici-deşici alət “tapılan” AXCP sədrinin müşaviri Məhəmməd İbrahimin göz əməliyyatından məhrum edilməsi və onun başına gətirilənlər üzərində dayanılır.
Hesabatda deyilir ki, məhbuslar məhkəmə proseslərini gözləyənədək yerli məhkəmələrin qeyri-insani şəraitdəki zirzəmilərində saxlanılır, yeməklərin keyfiyyəsizliyindən şikayət edirlər. Qanuna əsasən siyasi məhbuslara məxsus hüquqların digər məhbuslara verilən hüquqlardan fərqlənmədiyini qeyd edən hesabatda siyasi məhbuslara qanunda nəzərdə tutulmayan müxtəlif növ məhdudiyyətlərin tətbiq edildiyi bildirilir.
Hesabatın mühüm bir hissəsi Gözəl Bayramlının qaçaqmalçı, Tbilisidən oğurlanmış Əfqan Muxtarlının həm qaçaqmalçı, həm də sərhəd pozuçusu kimi mühakimə edilməsinə həsr edilib. Orada göstərilir ki,yanvarın 12-də Balakən Rayon Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlını altı il müddətinə həbs cəzasına məhkum edib. Azərbaycan rəsmiləri Muxtarlını mayın 30-da Gürcüstandan oğurlayıb, Azərbaycana gətirərək onu sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq ittihamlarla həbs edib. Yanvarın 23-də Qazax Rayon Məhkəməsi müxalif Xalq Cəbhəsi partiyasının sədr muavini Gözəl Bayramlını sərhəddən qanunsuz pul keçirmək ittihamı ilə üç illik azadlıqdan məhrum edib. Hesabatda Gözəl xanımın bilavasitə siyasi mülahizələrlə həbs olduğu və bunun Bayramlının siyasi nümayişlərin təşkilində oynadığı rolla bağlı olduğu bildirib. Cəbhə sədrinin digər müavini Fuad Qəhrəmanlı barədə hakimiyyətin uydurduğu ittihamlar da hesabatda diqqəti çəkir. Müsavat partiyasının fəalı Əlikram Xurşudova qarşı haqsızlıq da hesabatda əks olunub. Dövlət Departamentinin illik hesabatında hakimiyyətin cəbhəçi ovuna çıxması da ifşa olunub. Saxta ittihamla həbs edilmiş Xalq Cəbhəsi partiyasının fəalları Vidadi Rüstəmov, Aqil Əli Məhərrəm, Ruslan Nəsirli, Qarabağ qazısı Babək Həsənov, partiya tərəfdarı Saleh Rüstəmli, cəbhə fəalları Fuad Əhmədli və Orxan Baxışlı, onlara verilən ağır işgəncə faktları, cəbhəçi Elnur Fərəcovun faciəli taleyi haqqında sənəddə geniş məlumat verilir. İşgəncə və pis rəftarla bağlı hesabatda Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, hərəkatın rəhbərliyinə daxil olan Abbas Hüseyn və NİDA fəalı İlkin Rüstəmzadənin şikayətlərinin araşdırılmaması acınacaqlı bir hadisə kimi qeyd edilir. Gəncədə polislərin öldürülməsindən sonra həbs edilmiş 60 nəfərdən artıq şəxsin vəkildən məhrum edilməsi, dünyəvi müxalifət partiyası olan AXCP-nin 3 sədr müavininin həbsdə olması, hətta Gültəkin xanım və Milli Şura sədri olaraq mənim fb səhifələimizin oğurlanması faktları belə Dövlət Departamentinin illik hesabatında ağ və qara xəttlə keçir.
Hesabatda hakimiyyətin müxalifətçilərə ailə üzvlərini həbs etməklə təzyiq göstәrməsindən geniş danışılır. Buna misal olaraq AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun 2012-ci ildən, AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Әdilovun qardaşı Murad Әdilovun 2014-cü ildən onlara təzyiq məqsədilə həbsdə saxlanmasından, mühasir siyasi fəal Orduxan Temirxanın qohumlarının inzibati qaydada həbs edilməsindən söz açılır. Sənəddə AXCP fəallarının mitinqlərdəki rollarına görə işdən çıxarılmasıç Mətbuatın tamamilə boğulması,Sərbəst toplaşma hüququnun pozulması, müxalifətin razılaşdırılmış mitinqləri ərəfəsində (mart, aprel 2018) 100-dən artıq AXCP funksionerinin polisə çağırılması, o cümlədən onlardan 18 nəfərin inzibati qaydada həbsi edilməsi, Azər Qasımlı başda olmaqla 4 nəfər ReAl partiyası funksinerinin də 28 may tədbirindən sonra inzibati qaydada həbs olunması öz əksini tapıb. Hesabatda qeyd edilir ki, hökumətin hətta mədəni cəhətdən vacib olan tədbirlərin də qarşısını almasından, o cümlədən 2018-ci ilin 17 noyabrında Şəhidlər Xiyabanını ziyarət etmək istəyən AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli başda olmaqla AXCP-nin 50 nəfər fəalının saxlanması kimi faktllarda əks olunub.
Hesabatda azı 20 nəfər müxalifətçinin, vətəndaş cəmiyyəti fəalının, jurnalistin ölkədən çıxışına qadağa qoyulmasından da bəhs edilir. Orada göstərilir ki, AXCP sədri Əli Kərimlinin (2006-cı ildən), ReAl partiyasının məclis sədri Azər Qasımlının, jurnalist Xədicə İsmayılın, hüquqşünaslar İntiqam Əliyev, Əsabəli Mustafayev, Emin Aslanın, meydan tv-nin azı 15 nəfər jurnalistinin, şərti azadlığa çıxmış ReAl partiyasının sədri İlqar Məmmədovun üzərində xaricə getməyə qadağa olduğu bildirilir.
Hesabatda qeyd edilir ki, Qanunlar ölkədə ifadə və mətbuat azadlığını təmin edib, mətbuatda senzuranı qadağan etsə də, hökümət bu qanunları mütamadi olaraq pozur və ifadə azadlığı, mətbuatın müstəqilliyini məhdudlaşdırıb. Tənqiddçi jurnalistlər hədələnib, bəzi hallarda isə döyülüb və ya həbs olunublar. Hökümət media orqanlarını, ölkədə və xaricdə olan jurnalistləri və onların qohumlarına təzyiq göstərməkdə davam edib. İl boyu hökumətə məxsus və hökumətyönlü mətbuat orqanları mediada dominant mövqeyə malikdir. Çox məhdud sayda müstəqil onlayn media orqanları hökumətin siyasəti ilə bağlı müxtəlif fikirlər irəli sürüb, lakin hökümət də buna görə onları müxtəlif yollarla cəzalandırıb. Hesabatda bildirir ki, müstəqlil media orqanlarının jurnalistləri il boyu fiziki və kiber hücumlara məruz qalıb. Bu hücumlar əsasən Azadlıq Radiosu, Azadlıq qəzeti və digər qəzetlər, Meydan TV və Obyektiv TV-nin jurnalistlərini hədəf alıb.
Hesabatda ölkə vəkillərinə qarşı hakimiyyətin total hücumları da yaddan çıxmayıb. Orada göstərilir ki, müstəqil vəkillər İradə Cavadova, Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Nemət Kərimlinin Vəkillər Kollegiyasından çıxarılmasından, tanınmış vəkil Aslan İsmayılova qarşı haqsızlıqlar baş vermiş, Aqil Layıcın 6 ay müddətinə vəkil fəaliyyətinin dondurulmasından, Fuad Ağayevə qarşı təzyiqlərdən, nəticədə ölkədə siyasi işlərə çıxacaq cəmi 4-5 nəfər müstəqil vəkilin ağır şəraitdə işlədiyi qeyd olunur. Sənəddə siyasi məhbusların sayının 128 – 156 nəfər arasında olduğu təsdiq edilir.
Görün hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyəti necə təqdim edilir: “Azərbaycanda yol verilmiş insan haqları pozuntularına qanunsuz qətllər, işgəncələr, sərt və bəzən insan həyatı üçün təhlükəli həbsxana şəraiti, siyasi məhbuslar, diffamasiyanın cinayət əməli sayılması, jurnalistlərin üzərinə cismani hücumlar, ifadə, sərbəst toplaşma azadlıqlarının hədə, həbs və sual doğuran ittihamlarla məhdudlaşdırılması daxildir”. Doğru sözə nə deyəsən? Ölkəni bu vəziyyətə salanlar utanmalıdırlar, əgər bu adamlarda utanan üz qalıbsa!
İnsan haqları, daha doğrusu insan faciəsi baxımından Azərbaycanı bu vəziyyətə bilavasitə İlham Əliyev salıb, ölkənin belə acınacaqlı, rüsvayçı, fəlakətli duruma düşməsinin məsuliyyəti bilavasitə İlham Əliyevin üzərindədir. Ona görə də ona və ölkənin bu vəziyyətə salınmasında rolu və iştirakı olan bütün vəzifəli şəxslərə qarşı ən sərt sanksyalar tətbiq edilməlidir. İlk növbədə bu vəziyyətin qurbanı olan Azərbaycan xalqı tərəfindən!
https://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/index.htm?fbclid=IwAR0KExQX6r46GmeXmP8a6DTSl15KF8zeOMPg-5RBpZbyDqLyYvxYvkS42wc#wrapper