Hacı Məmmədov Prezident Aparatında kimlərlə görüşürmüş?

Əliyevin mühafizəçilərindən növbəti şok açıqlama

Mühafizə xidmətinin zabitlərindən biri qanqsterin qarşısında əsgər kimi dayanırmış

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları baş leytenant Asif Lətifovla baş çavuş Seymur Əlicanov qəzetimizə daha bir şok fakt açıqlayıb. Növbəti fakt da DIN-in sabiq əməliyyat müvəkkili adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovla bağlıdır. Xatırladaq ki, bundan əvvəl Asif Lətifovla Seymur Əlicanov bildirmişdi ki, Hacı Məmmədova məxsus axtarışda olan “Mercedes 600” markalı avtomobil XDMX-nin zabitlərindən birində tapılıb. Lakin bu fakt hansısa səbəblər üzündən ört-basdır edilib.

SONY DSC

Asif Lətifovla Seymur Əlicanovun açıqladığı bu fakt hələ ki, nə MTN, nə də XDMX tərəfindən təkzib edilib. Baş leytenantla baş çavuş bu dəfə isə bildiriblər ki, Hacı Məmmədov mütəmadi olaraq Prezident Administrasiyasına gəlirmiş. “Biz dəfələrlə Hacı Məmmədovu orada görmüşük. Hacı Məmmədovu liftə qədər həmişə XDMX-nin zabiti Yusif Babayev ötürürdü. Biz deyə bilmərik o Prezident Administrasiyasında (o zaman Prezident Aparatı idi – red.) konkret kimin yanına gəlirdi. Amma fakt odur ki, gəlirdi, özü də tez-tez. Yeri gəlmişkən, Yusif Babayev Hacı Məmmədovun qarşısında elə dayanırdı ki, elə bil əsgərdir, komandirinin hüzurunda dayanıb”, – deyə XDMX-nin sabiq əməkdaşları bildirib.
Asif Lətifovla Seymur Əlicanov əlavə edib ki, Hacı Məmmədova məxsus “Mercedes 600” markalı avtomobil XDMX-nin zabitlərindən birində tapılanda qurumda hamı çaşqın vəziyyətdə olub. ”Keçən dəfə sizə deməyi unutmuşduq ki, həmin maşının dövlət nömrə nişanı dəyişdirilmişdi. Hacı Məmmədov maşını zabitlərdən birinə hədiyyə etmişdi. Nə üçün, bunu artıq müvafiq qurumlar araşdırmalıdır”, – deyə onlar bildirib.

linkhttps://www.azadliq.info/11679.html?fbclid=IwAR0ZuFMAtF6pInxL-0VoGdBklFXixd-foT4jXmJd0ZsG9zABKh3jPLBxHCU