Gecə yarısı qətl “Nağıllar Evi”nin məhsuludur

Ramin Nağıyev: «Hakimiyyət qruplaşmaları arasında savaşı Mehdiyev udmuşdu»

Zakir Qaralovun kabinetində 37 dəqiqəlik telefon söhbətində nə danışılmışdı?

MTN-in sabiq müstəntiqi, polkovnik Ramin Nağıyev “Azadlıq”ın oxucularının suallarına cavab verir. Bu bölmədə iri cinayət işlərinə hakimiyyət dəhlizlərindəki münasibət barədə söhbət gedir.

– Cənab polkovnik, Məhərrəm Əliyevlə Ramil Usubovun münasibətləri haqda nə deyə bilərsiz, onlar arasında intriqa nədən yaranmışdı?
– 90-cı illərdə Azərbaycanda iki mühüm qruplaşma vardı. Bunlardan biri milli təhlükəsizlik naziri Namiq Abbasovun, baş prokuror Eldar Həsənovun və daxili işlər naziri Ramil Usubovun da daxil olduğu və Ramiz Mehdiyevin rəhbərlik etdiyi qruplaşma idi. Bu qrupa qarşı səhiyyə naziri Əli Insanovun başçılıq etdiyi Ermənistandan olanların qruplaşması dayanırdı. Məhərrəm Əliyev də bu qruplaşmanın tərkibində idi. Məhərrəm Əliyev şəhər polisinin rəisi təyin ediləndən dərhal sonra onun Ramil Usubovla qovğası başladı. Heydər Əliyevə birbaşa çıxışı olan M.Əliyev Daxili Işlər Naziri olmaq iddiasını heç gizlətmirdi də. Hər şey də buna doğru gedirdi. Xüsusilə Hacı Məmmədov olayından sonra Usubovun kreslosu laxlamağa başladı və həmin ərəfədə Əli Insanov həbs edilməsəydi, o, bu kürsünü itirəcəkdi. Qohumu Əli Insanov həbs ediləndən sonra Usubovun təzyiqləri altında Məhərrəm Əliyev istefa verməli oldu. Bu raundu Ramiz Mehdiyev qruplaşması uddu.

“Hizbullah pulu”ndan mənə də vermişdilər”

– Rövşən Əliyevə hansı vəzifə vəd olunmuşdu, Sizcə, o, cinayət işini niyə “Hizbullah”a istiqamətləndirdi?
– Mən Rövşən Əliyevi, o, hələ hərbi prokuror olduğu zamanlardan tanıyırdım. Bir dəfə onun qəbulunda oldum və o, mənə təklif etdi ki, MTN-dən çıxıb hərbi prokurorluğa gəlim. Mən Bakı şəhər prokuroru Şükür Rzayevin vasitəsilə bir raport da yazdım, amma bu raport baxılmamış qaldı. Rövşən Əliyevi bu vəzifədən götürdülər və baş prokurorluğa kriminalist işinə apardılar. Orada ona ağır cinayətlərin, o cümlədən Ziya Bünyadovun qətlinin istintaqını həvalə etdilər. Bu iş üzrə istintaqın əvvəlindən məhkəməyə qədər bu iş MTN-dən verilən əməliyyat məlumatları əsasında təhqiq edildi və bu məlumatlarda da bu qətlin “Hizbullah”ın işi olduğuna dair versiyalar vardı. Istintaqa bilavasitə rəhbərliyi Namiq Abbasov və Eldar Həsənov edirdilər.
“Hizbullah” təsadüfi olaraq seçilməmişdi. ABŞ-a göstərmək lazım idi ki, dünyəvi dövlət olan Azərbaycan radikal islamçıların təzyiqi altındadır. Bunun nəticəsində ABŞ-dan Azərbaycana Iranın simasında Islam terroruna qarşı mübarizəni təşkil etmək üçün pul və texniki yardım trafiki axmağa başladı.
Maraqlıdır ki, bu dövlət yardımından mənə də nəsib olub: o zamanlar Namiq Abbasov imzamı alaraq mənə də 100 dollar mükafat vermişdi. O ərəfədə davamlı olaraq belə şayiələr də yayılırdı ki, Bakıdakı Israil səfirliyinə qarşı terrorçuların hücumu gözlənilir və bu şayiənin yayılmasında Rövşənin ictimaiyyətlə açıq təmaslarından faydalanmışdılar.

Baş prokurorun xidməti telefonundan müəmmalı söhbət…

– Rövşən Əliyevi tanıyırdınızmı, o, pula meylli adam idimi, ümumiyyətlə, onun Hacıdan pul alması barədə nə isə bilirsinizmi?
– Rövşənin maliyyə imkanları haqqında xüsusi olaraq nəsə deyə bilmərəm. Amma onu deyə bilərəm ki, o, maddi imkanlarını nümayiş etdirəcək səviyyədə şıq geyinməyə üstünlük verərdi. Mən onu deyə bilərəm ki, Ziya Bünyadov işindən sonra Rövşən Əliyev kimlərdənsə möhkəm qorxurdu və özünə cangüdən götürmüşdü.
Hacı Məmmədov olayları zamanı Rövşən Əliyevin həm Hacı Məmmədovla, həm də Zakir Nəsirovla danışıqlar apardığı mənə dəqiq məlumdur. Onun Zakir Nəsirovla sonuncu danışığı baş prokuror Zakir Qaralovun iş telefonu vasitəsilə olub və 37 dəqiqə davam edib. Müstəntiqin cinayətdə ittiham olunanlarla bu sayaq danışıqları nə barədə ola bilər ki? Bəlkə mən düz ehtimal etmirəm və orada alver söhbəti olmayıb?
Məlum deyil, bu telefon söhbətindən sonra onun özü və ya baş prokuror prezidentin qəbuluna getdi, ya yox? Amma hər halda, nəticədə Rövşən Əliyev öldürüldü. Baş prokuror isə ya qorxudan, ya da özünü sığortalamaq məqsədilə MTN-ə Hacı Məmmədov haqqında məlumat ötürdü. Bu məlumatda nələrin yazıldığı mənə bəlli deyil.

“Onlar bir-birinə qarşı kompromatdan istifadə etmirdilər”

– 1994-cü ilin sentyabrında MTN-dən məşhur qaçış əməliyyatından sonra niyə nazir Nəriman Imranov həbs olunduğu halda, o sahəni kurasiya edən Namiq Abbasov kənarda qaldı, baxmayaraq ki, prokuror Eldar Həsənov onun barəsində kifayət qədər material toplamışdı. Sizcə, nə baş verdi?
– MTN-in təcridxanasından məşhur qaçış əməliyyatı zamanı təcridxana bilavasitə o zamanlar nazir müavini olan Namiq Abbasovun kurasiyasında idi. O zaman Namiq Abbasovla heç kimin işi olmadı. Əqrəb sonuncu adam kimi əks-kəşfiyyat Idarəsinin rəisini göstərdi (onun familiyasını unutmuşam, deyəsən, Tağızadə idi). Bu adamı işdən çıxartdılar, bir il ərzində prokurorluğa sürüdülər, amma günahı da onun boynuna qoya bilmədilər. 1994-cü ildə oktyabr hadisələri baş verdi: Nəriman Imranov həbs edildi, Surət Hüseynov ölkədən qaçdı. Namiq Abbasov Milli Təhlükəsizlik naziri oldu və həmin qaçış hadisəsi də birdəfəlik unuduldu, çünki Namiq Abbasovu Heydər Əliyev özü himayə edirdi.
Həmin Tağızadəni isə Sərhəd Qoşunlarına işə keçirdilər.
Eldar Həsənov barəsində. O və Namiq Abbasov bir-birlərinə qarşı kompromatdan istifadə etməzdilər, çünki ən azı, bir-birlərindən asılı adamlar idilər. Üstəlik, Eldar Həsənov naxçıvanlı olmadığına görə, N.Abbasovdan həmişə arxa-dayaq kimi faydalanırdı. Həmişə də belə olub. Məsələn, 1996-97-ci illərdə Salyanda pambıq oğurluğunun prokurorluğun apardığı istintaqı hadisəsində olduğu kimi. Həmin hadisə zamanı Namiq Abbasovun əlində telefon danışıqlarının səs yazısı və 4 milyon dollar rüşvət alınması haqqında konkret fakt vardı, amma bu faktı əməliyyata çevirmədi.

O, Heydər Əliyevə sədaqətli adam idi

– O dövrdəki baş prokurorun müavinləri Isa Nəcəfov və Xanlar Vəliyev haqqında nə bilirsiz?
– Xanlar Vəliyev həmişə nəzərə çarpmadan fəaliyyət göstərməyə üstünlük verib. Mənim onunla heç vaxt xüsusi kontaktlarım olmayıb. Isa Nəcəfov isə karyerasına sıravi müstəntiq kimi başlayıb və öz işini çox yaxşı bilən adamdır. O, Naxçıvandan başlayıb və buradan da Heydər Əliyev onu tanıyıb. Heydər Əliyev onu baş prokurorun müavini qoyanda, o, həm də siyasətə girişməyə başlamışdı. Isa Nəcəfov Heydər Əliyevə sadiq adam idi və bunu dəfələrlə əməli olaraq sübut etmişdi. Eldar Həsənovdan sonra prokurorluqdan çıxarılanda da, o, hakimiyyətdən zərrə qədər də narazılıq etmədi. Əksinə, bu ərəfədə yazdığı “Poliqrafın qətli” kitabı onun Heydər Əliyevə sədaqətinin daha bir göstəricisi oldu.
Düşünürəm ki, öz vassallarını bu cür sınaqlardan keçirərək onların sədaqətini yoxlamağı xoşlayan prezident ondan məmnun qalmışdı və buna görə də onu mükafatlandırdı və Konstitusiya Məhkəməsinə hakim təyin etdi.

Bu kitab və film nağıllar evindən çıxmışdı

– Sizcə, Isa Nəcəfovla Elmira Axundova “Gecə yarısı qətl” kitabını yazmaq sifarişini kimdən almışdı? Ümumiyyətlə, bu kitab və film həqiqəti əks etdirirmi?
– Isa Nəcəfovun Elmira Axundova ilə birlikdə yazdığı “Poliqrafın qətli” kitabı 500 nüsxə ilə “Dom skazki” nəşriyyatında (bu, zarafat deyil, həqiqətdir) çap edilmişdi və Azərbaycanın Rusiyadakı səfirliyinin binasında təqdimatı keçirilmişdi. Bu kitab əsasında da film çəkilmişdi. Kitabın və filmin təşəbbüskarının kim olduğunu deyə bilmərəm, amma Heydər Əliyevdən xəbərsiz bu işin görüldüyünə heç kim inanmaz, yəqin. Kitabda və filmdə süjet baş vermiş hadisələrə rəsmi münasibət üzərində qurulub. Hadisələrin inandırıcı görünməsi üçün istintaq zamanı mənim aşkar etdiyim bir sıra detallardan da istifadə edilib: qatillərin istifadə etdiyi “Jiquli”, Şəmsi Rəhimovun evinin yanında maşının düşdüyü asfalt çuxuru, Sumqayıtdakı toy və bu toyun videokasetindən epizodlar… Yeri gəlmişkən, OMON-çuların hamısı rus dilində çox pis danışırdılar, amma filmdə bunun əksini təsvir ediblər. Səhv etmirəmsə, Heydər Əliyev öldürülən dövlət adamlarının yalnız dəfn mərasimində olub, amma kinoda həm də evlərinə baş çəkir (ola bilər, səhv edirəm) və s. Bəlkə də, xüsusi qeyd etməyə ehtiyac yoxdur ki, filmdəki müstəntiqlər müttəhimlərlə həddən artıq mədəni davranırlar… 1995-ci ildə mən Fazil Muxtarovu azad edəndən sonra Elmira Axundovanın bu barədə yazısı da çıxmışdı. Bu yazıda, o, konkret olaraq yazırdı: başa düşmürəm ki, hansı səbəbə görə kapitan Nağıyev Fazil Hüseynovu “qanunsuz olaraq” MTN-in təcridxanasından azad edib? Mən bu xanımla əlaqə saxlayıb bu məsələ barədə danışmaq istəmişdim, amma Elmira Axundova mənimlə bu mövzu ətrafında danışmaq istəmədi.
Amma bu, ən əhəmiyyətli məsələ deyil. Filmdəki bir epizod məni ağıllı-başlı heyrətləndirmişdi. Başa düşmürəm ki, senzura bu epizodu necə buraxıb?
Tümendə həbs edilən Fazil Muxtarovu Bakıya gətirib istintaqa təhvil verirlər, amma o, əvvəldən axıra qədər susur və heç bir suala cavab vermir. Müstəntiq ona siqaret təklif edir, amma o, götürmür. Bundan sonra müstəntiq danışmağa başlayır: Muxtarovun və onun suç ortaqlarının Şəmsi Rəhimovu necə öldürdüklərini detallı şəkildə ona nağıl edir. Onlar Sumqayıtdakı toya necə gediblər, qəsdən toydakı videokameraya düşmək üçün nələr ediblər, bundan sonra konkret vaxt ərzində Bakıya necə gəliblər, maşını ağ rəngli “Jiquli” ilə necə dəyişiblər, bundan sonra Xüsusi Idarənin binasına doğru necə yollanıblar, bu vaxt Şəmsi Rəhimov işdən çıxaraq növbətçi maşınla evə gəlib, yolda onlar Ş.Rəhimovun maşınını ötüb onun evinin qarşısına gəliblər, hətta yolda “Jiquli” çuxura da düşüb… Bütün bunları danışan “rəhmli” müstəntiq əlavə də edir: hələlik, onun “əlində bu ifadələr yoxdur, amma mütləq olacaq”. Bundan sonra isə Fazil Muxtarov tutuquşu kimi müstəntiqin dediklərini bitdə-bitdə, sözbəsöz təkrar edir, istintaqa “səmimi ifadə” verməyə başlayır. Amma bu Muxtarov nəyi etiraf edir? Müstəntiqin ona dediyi ssenarini və sual yaranır ki, əgər müstəntiq bu ssenarini ona danışmasaydı, Muxtarov bu cinayət işi haqqında nə biləcəkdi?..

Mehri Hüseynova

linkhttps://www.azadliq.info/8073.html