“Ziya Bünyadovu da DİN-in əməkdaşları öldürüb”

Salman Əliyev: «Hacı Məmmədovun açılmamış cinayətlərinin sayı kifayət qədərdir»

Qəzetimizin ötən sayında MTN-in xüsusilə mühüm işlər üzrə sabiq baş müstəntiqi, indi isə mühacirətdə yaşamağa məcbur olan polkovnik-leytenant Ramin Nağıyevin Ilham Əliyevə yazdığı açıq məktubda bir sıra qaranlıq məqamlara aydınlıq gətirilir.
Məktubda qeyd olunur ki, Afiyəddin Cəlilovu və Şəmsi Rəhimovu Hacı Məmmədov adlı polis zabitinin himayə etdiyi çeçen killerlər qətlə yetirib. Bu da istintaqda sübut olunub. Sabiq MTN zabitinin iddiasına görə, Hacı Məmmədovun bandit dəstəsi hələ 1994-cü ildə fəaliyyət göstərib və çox mühüm dövləti cinayətlər törədib.
R.Nağıyev kifayət qədər sübutların olmasına baxmayaraq hüquq-mühafizə orqanlarının rəhbərləri – Eldar Həsənov, Namiq Abbasov, Ramil Usubovun cinayətkarların həbsinə imkan vermədiklərini deyir.
Keçmiş müstəntiqin məktubunda qeyd edilən məqamların ciddiyin nəzərə alıb məsələ ilə bağlı MTN-nin mövqeyini öyrənməyə çalışdıq. Lakin əksər hallarda olduğu kimi buna nail ola bilmədik. Cinayətin istintaqında iştirak edən şəxsin səsləndirdiyi fikirlər təkrar araşdırmaya əsas verəcəkmi?
Keçmiş polis işçisi Salman Əliyev müstəntiq Ramin Nağıyevin yaşadıqlarının onun da başına gəldiyini deyir. O, Ziya Bünyadovun qətli ilə bağlı araşdırma zamanı cinayətin Daxili Işlər Nazirliyinin əməkdaşlarının törətdiyini bildirib və nəticədə ciddi təzyiqlərlə üzləşib.
R.Nağıyevin yazdıqlarının həqiqəti əks etdirdiyini qeyd edən ekspert Afiyyəddin Cəlilovun qətlə yetirilməsinin birbaşa Hacı Məmmədovun dəstəsi ilə bağlılığının hüquq-mühafizə orqanlarına məlum olduğunu da vurğuladı: “Bu qətllər Rövşən Cavadov və onun dəstəsini məhv etmək üçün hazırlanmış bir plan idi. Bandanın cinayətlərinin bir qisminin üstü açılanda Ramil Usubov bir neçə addım atmaqla canını qurtardı. Əvəzində vicdanlı, ləyaqətli, peşəkar polis olan Zakir Nəsirovu güdaza verdi. Belə adamın Hacı Məmmədovu himayə etməsi yalandır. Ola bilsin səhvlərə yol verib. Nazirə inanıb, onun qeyri-səmimiliyini görə bilməyib”.
S.Əliyevin sözlərinə görə, Hacı Məmmədovun açılmamış cinayətlərinin sayı kifayət qədərdir. Zamanla bu cinayətlər aşkara çıxarılacaq və onların motivi, eyni zamanda sifarişçiləri bəlli olacaq.
Ekspertin fikrincə, mühacirətdə olan müstəntiq məsələnin xeyli əvvəl ictimailəşdirməli idi: “Mənə təzyiqlər olanda bunu ictimailəşdirdim və bu yolla özümü təhlükədən qurtardım. Ramin Nağıyev də bunu vaxtında etsəydi, hazırkı vəziyyətə düşməzdi. Görünür, o, yenidən öz işinə qayıdacağına ümid edir. Ancaq əbəs yerə”.

linkhttps://www.azadliq.info/7373.html