Əbil Həsənov
Şah öz bulanıq rəngli və tutqun görünüşü olan sarayında kefsiz oturmuşdu. Bura onun şahlığının ilk günündəki kimi parlaq və ecazkar görünmürdü artıq. Sanki hər şey öz cazibəsini itirmişdi, səbəbini isə özündən başqa heç kəs bilmirdi. O atasının şahlıq dövründə bəzi “pis vərdişlərlə” məşğul olurdu. Aşıq–aşıq, üskük oynayırdı, zər atırdı, hətta bəzi halarda xoruz da döyüşdürürdü. Atasının qəflətən ölümündən sonra, tələm-tələsik taxta çıxarılaraq “pis vərdişlər”dən məcburən tərgidildi. Qonşu dövlətlərin şahları ilə bir masada oturub dövlətlərarası münasibətdən danışmaqdan heç xoşu gəlməzdi. Yaxşı ki, bu işdə ona atasından qalma “boz kardinal” ləqəbli vəziri kömək edirdi. Onu ən çox bezdirən isə qayçısını götürüb ölkənin müxtəlif bölgələrinə gedərək, qırmızı lentləri kəsmək idi. O artıq qırmızı lent kəsməkdən bezmişdi. Onda da qırmızı lentlərə qarşı allergiyası yaranmışdı. İmkanı olsa idi yenə də məmuniyyətlə “şans oyunlarında “ öz bəxtini sınayardı.Ona görə də o günlər üçün burnunun ucu göynəyirdi. Sarayda onun özünə aid yeni heç bir şey yox idi. Hər şey əvvəlki şahdan-atasindan qalmışdı. Taxtı-tacı da, vəzir-vəkilləri də, hətta saray təlxəkləri də. O gün təlxəklər onun kefini açmaqdan ötrü çox çalışdılar, nə qədər çalışdılarsa şahın kefi açılmadı. Ətrafdakı əyanlar da təlxəklərə qoşulub canfəşanlıq edirdilər ki, şahın fikrini dağıtsinlar. Növbə arxalarda əyləşmiş son təlxəyə çatdi. O şövqlə tamaşaya başlayanda gözü divardan asılmış Qarabağ xalçasına sataşdı. Xalçanın üzərində Xan qızı Xurşidbanu Natəvanın şəkli həkk olunmuşdu. Sanki şəkil canlı idi. Xan qızının gözlərindən süzülən Qarabağ həsrəti, taleyinə dağ çəkirdi. Birdən təlxək nəsə xatırlamış kimi oxumağa başladı:
Əziziyəm Qarabağ,
Şəki -Şirvan Qarabağ
Baki cənnətə döndü,
Yaddan çıxdı Qarabağ…
Bir anliq saraya dərin sükut çökdü. Hamı içini çəkib gözlərini şaha dikdi. Təlxəyin onun qəzəbinə tuş gələcəyini gözləyirdilər elə bil. Şahin qəzəbini qabaqlamaq və ona ürəkdən yaltaqlanmaq fürsətini əldən buraxmaq istəməyən bir əyan əlini qınında pas atmiş qılıncına atib təlxəyə hücum etmək istədi. Lakin şahın qəzəb dolu baxşları onu dayandırdı. Şah fısıldayaraq söylədi:- Sox yerinə…ə qılıncını. Sən kimsən mənim təlxəyimə qılınc çəkirsən – deyərək onun oxuduğu bayatını oxuya-oxuya təlxəyi alqişlamağa başladı. Vəziyyəti belə görən əyanlar da şaha qoşulub oxuya -oxuya təlxəyi alqışlamağa başladilar. Şahin kefi açilmişdi, onlarin istədiyi də elə bu idi…