Bakıda dәhşәt: dispanserdә xәstәlәr diri-diri yanıb kül oldu FOTO VİDEO

 

Narkoloji Mərkəzdəki yanğında ölənlərin sayı artır, meyitlər tanınmaz halda…

Faciənin şahidi: “Alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı, adamlar diri-diri yandı…”

Xətai rayonu, Zığ qəsəbəsində yerləşən Respublika Narkoloji Dispanserində martın 2-də səhərə yaxın baş vermiş güclü yanğın nəticəsində dünyasını dəyişənlərin sayı artır. Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğınla bağlı ilk birgə məlumatında ölənlərin sayının 24 nəfər olduğu bildirilirdi. Sonradan yayılan açıqlamada isə artıq bu rəqəm 25 oldu.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən “Azadliq.info”ya daxil olan məlumata görə, səhər saat 10 radələrində ora 25 meyit gətirilib. Amma saat 12.30 radələrində Mərkəzə yenə meyitlər gətirilib. Onların sayı haqda isə məlumat verilməyib.

Meyitlərin əksəriyyətinin tanınmaz hala düşdüyü bildirilir.

Yanğın nəticəsində xəsarət alanlar isə 1 saylı Kliniki Tibbi Mərkəzə və ya Xətai rayonu, 22 saylı şəhər poliklinikasına çatdırılıb. Onların əksəriyyəti tüstüdən zəhərlənib.

Binanın taxta olması və dəmir barmaqlıqlara görə ölənlər də çox olub

Yanğın nəticəsində dünyasını dəyişmiş şəxslər əsasən orada müalicə alan pasiyentlərdir. Çünki yanğın Mərkəzin binasının məhz xəstələrin saxlandığı korpusunda baş verib. Həmin korpus taxta konstruksiyalı olduğundan yanğın sürətlə yayılıb. Hadisə zamanı adamlar yatmış vəziyyətdə olub. Üstəlik, həmin korpusda qapı və pəncərələrdə dəmir barmaqlıqlar olduğundan faciənin qurbanlarının sayı da çox olub. Çünki adamlar oyansalar belə, oranı tərk eləyə bilməyiblər.
Hadisənin şahidi olmuş mühafizəçi adının çəkilməməsi şərti ilə “yeniçağ.az”a gördüklərini danışıb: “Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.

Hazırda Narkoloji Mərkəzin qarşısına orada saxlanılan yaxınlarından heç bir məlumat ala bilməyən yüzlərlə adam toplaşıb.

“Nəvəm çarpayıya bağlı vəziyyətdə yanıb”

Yanğında ölən pasiyentlərdən birinin babası Məcid Aslanov “MeydanTV”yə deyib ki, nəvəsini təxminən 1 ay qabaq dispanserə yerləşdiriblər və ilk gündən onu “lomka”larına görə çarpayıya bağlayırlarmış, elə çarpayıya bağlı vəziyyətdə də yanaraq ölüb. “Orda eşitdik ki, elə çarpayıya bağlı vəziyyətdə yanıb…”, – deyə M.Aslanov bildirib.

M.Aslanovun nəvəsi 3 ildən çox imiş ki, narkotik asılılığından xilas olmaq üçün mübarizə aparırmış. Babanın deməsinə görə, davamlı olaraq narkoloqlara, xəstəxanalara müraciət ediblər, bu yaxınlarda isə Respublika Narkoloji Mərkəzə üz tutublar:

“Dedik, bir bura da baş vuraq, bəlkə uşağı xilas edə bildik. Yaxşı uşaq idi, yaxşı rəssamlığı vardı, arada şeir yazırdı. Qoşuldu, korlandı. Ancaq gənc idi, düşünürdük, hələ qayıda bilər. Hamının sevimlisiydi, indi yığışmışıq “morq”un həyətindəyik, uşağın yanmış cəsədini gazləyirik…

Qonşular internetdən oxuyub qaça-qaça gəldilər ki, şəkillər çəkib qoyublar, ora yanır… Getdik, binaya yaxınlaşanda cəsəd yanığının iyi vurdu məni…

Binanı görəndə dizlərimiz qatlandı, yerə oturduq. Bildik ki, ordan sağ çıxmaq mümkün deyil. Dedilər, xəstələr çıxarılıb, ölülər “morq”a aparılıb. Siyahı istədik, uşağımız hansı siyahıdadı, soruşduq. Dedilər, siz “morq”a gedin”.

Cinayət işi başlanıb

Hadisə yerinə əvvəlcə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Daxili işlər naziri Ramil Usubov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Baş prokurorun birinci müavini Rüstəm Usubov gəlib. Daha sonra dövlət başçısı İlham Əliyevin də ora baş çəkdiyi, müvafiq dövlət orqanlarının rəhbərlərinə hadisə ilə əlaqədar müəyyən tapşırıqlar verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Güc strukturlarının rəsmi açıqlamasında yanğının binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verdiyi qeyd olunub.

Hadisə Səhiyyə Nazirliyinin strukturunda baş versə də, bu nazirlik olay haqda 5 saat sonra məlumat yayıb. Məlumatda bildirilir ki, güclü külək ucbatından qısa qapanma baş verib.

Səhiyyə Nazirliyi məlumatında onu da vurğulayır ki, yaxın vaxtlarda Narkoloji Mərkəzin yeni binası istifadəyə veriləcək.
Qeyd edək ki, hadisə baş vermiş bina 32 ildir fəaliyyət göstərir.

“Yanıb kül olmuş xarabalıqda şəkil çəkdirmək yox, xalqa izahat vermək lazımdır”

AXCP sədri Əli Kərimli də baş vermiş faciə ilə bağlı fikirlərini “facebook” səhifəsindən bölüşüb:

“Bu səhəri də bəd xəbərlə açdıq. Daha 25 nəfər soydaşımızın da həyatına Respublika Narkoloji Dispanserində baş vermiş yanğında son qoyuldu. Bu nəhənglikdə dövlət aparatı şəhərin mərkəzində, bir mərtəbəli binada, səhər saatlarında baş vermiş yanğını söndürməkdə yenə də aciz qaldı. Bəs bu vətəndaş dara düşəndə, fəlakət yaşayanda nə zaman dövlətindən vaxtında və bacarıqlı dəstək, yardım ala biləcək? Sual aktual olaraq qalır, bu dövlət xalqa xidmət üçün yaradıldığı halda nəyə görə hər zaman korrupsionerlərə xidmət edir?

İlham Əliyev 25 nəfərin yanaraq öldüyü əraziyə gedibmiş. Ondan əvvəl də nazirlər gedib baxıblar ki, 25 nəfər çarəsiz adam Bakının mərkəzində necə diri-diri yanıb. İlham Əliyevin və ətrafındakı oliqarxların indi həmin əraziyə getməsi nəyi dəyişir? Yanıb kül olmuş xarabalıqda şəkil çəkdirmək yox, xalqa izahat vermək lazımdır. Vətəndaş dənizdə batır, xilas edə bilmirsiniz, alpinistlər dağda itir, heç cəsədini də tapa bilmirsiniz, uçan binanın altında qalır, yenə də heç kimi xilas edə bilmirsiniz, Müdafiə Sənayesi Nazirliyinin ildə bir neçə obyekti yanır, partlayır qarşısını ala bilmirsiniz, indi də şəhərin mərkəzində, cəmi 1 mərtəbədən ibarət olan binadakı yanğını da söndürə bilmirsiniz. Xalqın gözündən pərdə asmaq yox, izahat vermək lazımdır”.

Avropa Şurasından başsağlığı

Bu arada, Avropa Şurasının Baş katibi Torbörn Yaqland faciə ilə əlaqədar başsağlığı verib: “Həm öz adımdan, həm də Avropa Şurası adından ölənlərin ailələrinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı verirəm. Avropa Şurası bu ağır anlarda Azərbaycan xalqının yanındadır”.