Məhkəmə Fikrət Hüseynlinin işini yenidən prokurorluğa qaytarıb

Yanvarın 31-də Kiyev Apellyasiya Məhkəməsində jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqata baxış davam edib. Bu barədə Turan-a jurnalis özü bildirib.

Onun sözlərinə görə, məhkəmə prokurorluğun iddiasından əl çəkməsi üçün işi yanvarın 17-də oraya qaytarmışdı.

“Prokurorluq bu gün məhkəmədə iddiasından əl çəkmədiyini bildirdi. Məhkəmə işin perspektivinin olmadığını bildirdi və yenidən prokurorluğa qaytardı, iddiadan vaz keçməsini tövsiyə etdi. Prokurorluq iddiasından əl çəkməsə fevralın 8-də yenidən məhkəmə baxışı olacaq”, -o qeyd edib.

Fikrət Hüseynli Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

F.Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatəti təmin etməyib.

Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya verib və onun həbs olunmasını tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.