Azadlıq … Bu millət nələrdən keçdi …
Nə qədər ,qan-qada ,ölüm-itimlər …
Qan töküb birinin əlindən aldı ,
Döndü tarixlərə müqqəddəs illər .
Biri də qan töküb, əlindən aldı ,
Əyləşdi taxtına sinəsin gərib .
Qana çalxaladı ana yurdumu ,
Elə bil uşaqkən süd əvəzinə ,
Anası qan verib ,qan əmizdirib .
O qədər əzaba vərdiş edib ki ,
Öz doğma haqqının adını bilmir .
Adını qəzetdə ,jurnalda görüb ,
Bu xalq azadlığın dadını bilmir .
Rəhmi daşa dönmüş cəllad əlində ,
İçilir su kimi qanı millətinin .
Sinəsin tanklara sipər eləmiş –
Ruhu ,dəyanəti hanı millətin ?
Başının altında yastığı daşdan ,
Yatır ,ac qarına yatır bu millət …
Dəhşətdi …Hər çürə zülmə tab edib,
Ayları illərə satır bu millət .
Bir yanda ölkəni çapıb-talayıb ,
Xaricə daşınan pul bazarları .
Bir yanda bir tikə çörəyə möhtac ,
Sabaha ümidsiz qul bazarları .
O qədər əzaba vərdiş edib ki ,
Öz doğma haqqının adını bilmir .
Adını qəzetdə ,jurnalda görüb ,
Bu xalq azadlığın dadını bilmir .
Arif Pənahoğlu