Fransa prezidenti 10 yaşlı azərbaycanlıya nə yazdı?

Turan TV – nin əməkdaşının oğlu prezident Emmanuel Makrona məktub yazdı və cavabında ona bildirdilər ki….

7 oktyabr mitinqi ərəfəsində sizə maraqlı bir məsələ haqqında söz açmaq yerinə düşərdi. Azərbaycanda yüz minlərlə insanın haqqı pozulur, hüquqları tanınmır, insanlar dövlət idarələrinə müraciət edir, amma daşdan səs çıxır, onlardan yox. Çünki pozulan haqların mənbəyi elə həmin dövlət idarələrində əyləşənlərdən başlayır. Hətta prezidentə, onun xanımına da on minlərlə insanın şikayətləri nəticə vermir, cavab ya olmur, ya da vətəndaşların şikayətlərini futbol topu kimi bir qapıdan o birinə ötürürlər. Amma başqa ölkələrdə bu müraciətlərə necə yanaşırlar?

Bu günlərdə Turan TV- nin rus bürosunun rəhbəri Emin Əhmədbəyovun oğlu Rauf Əhmədbəyov Fransa prezidenti Emmanuel Makrona bir məktub yazıb. Şikayət məktubu deyil. Rauf Emmanuel Makronun öz iti ilə gəzərkən çəkilmiş bir şəklini görüb və prezidentə yazıb ki, sizin itinizdən xoşum gəldi və arzu edərdim ki, mənim də belə bir itim olaydı. Məktubda əlbəttə, Rauf onu da qeyd edib ki, o, Fransa vətəndaşı deyil, ailəsi bu ölkəyə siyasi mühacir kimi gəlib. Bəlkə də, Raufun ağlına da gəlməyib ki, ona cavab yazarlar və yaxud da hansısa reaksiya verərlər. Eləcə, öz uşaq arzusunu yazıb və poçt qutusuna atıb. Qeyd edək ki, Raufun bu gün 10 yaşı tamam olur.

Amma gözlənilmədən Rauf Əhmədbəyov Emmanuel Makronun adından məktub alıb. Prezident administrasiyasından göndərilmiş bu məktubda Raufa müraciəti üçün təşəkkür ediblər və ona dərslərində uğurlar arzulayıblar. Eyni zamanda da qeyd ediblər ki, prezident Makron sizin məktubunuzu uyğun dövlət strukturlarına göndərib, onlarla əlaqə yaradıb sizə arzu etdiyiniz it bağışlanacaqdır. Eyni zamanda, Raufa yazılmış cavab məktubuna prezident Makronun özünün imzaladığı bir şəklini də əalvə etməyi unutmayıblar.

Bu, böyük diqqətdir. Azərbaycanda dövlət idarələrindən bu cür diqqəti görmək mümkünsüzdür və yalnız xüsusi təşkil edilmiş hallarda prezidentin buna bənzər müraciətlərə cavabını görmək olar. Yalnız xüsusi təşkil edilmiş hallarda və üstəlik, bu cür reaksiyalardan da mütləq və mütləq piar kimi istifadə edərlər.

Raufu isə ad günü münasibəti ilə biz də təbrik edirik.

Azerbaycansaati.tv