Qobustan həbsxanasında Nardaran məhbuslarına qarşı qandonduran işgəncələr

 Abbas Hüseynovu qızmar günün altında dəmir dirəyə bağlayıb döyüblər; vəkil onun bədənində işgəncə izlərini özü görüb
Həbsxana rəisindən ağlasığmaz qəddarlıq…
Qobustandakı qapalı həbsxanada saxlanılan Nardaran məhbusu Abbas Hüseynova dəhşətli işgəncələr verilib. İşgəncə zamanı Qobustan həbsxanasının rəisi Aftandil Ağayev, müavini Emin Cəfərov, həbsxana əməkdaşları İlkin Axundov, Namiq Ağayev, Rövşən, İqbal və digər şəxslər iştirak edib. Bu haqda Abbas Hüseynov özü avqustun 8-də həbsxanada vəkil Yalçın İmanovla görüşərkən məlumat verib.
Abbas Hüseynov bildirib ki, 20 iyulda Bakı Apellyasiya Məhkəməsində baş verənlərdən sonra digər məhbuslar kimi onu da Kürdəxanıdakı 1 saylıBakı İstintaq Təcridxanasına qaytarılıblar. Təcridxanaya gələn kimi 7 günlük cərimə təcridxanasına (“karsa”) salınıb. Ancaq 2 gün sonra – iyulun 22-də günorta saatlarında o və “Nardaran işi” üzrə digər məhbus Cabbar Cabbarov Qobustan həbsxanasına aparılıb.
“İyulun 22-i günorta namazından sonra Qobustana gətirildik. Salam verən kimi həm Cabbarın, həm də mənim əllərimizi arxadan qandalladılar, yerdə üzüstə sürüyə-sürüyə apardılar. Cabbar, mən, bir də başqa bir dustaq vardı. Üzümüzü divara yapışdırıb, günün istisində üzü divara saxladılar. Mən bizim hüquqlarımızın olduğunu deyəndə, onlar “bura Qobustandır” cavabını verdilər. Sonra Rövşən adlı həbsxana əməkdaşı dedi ki, “bu, çox danışır, bunu başa salın”. Sonradan adının Axundov İlkin Ruslan oğlu olduğunu öyrəndiyim gizir “dubinka”yla kürəyimə zərbələr endirməyə başladı. Məni “dubinka” ilə döyəndən sonra “kars”a atdılar”, – deyə Abbas Hüseynov başına gələnləri danışıb.
Məhbus soxulcanla dolu yerdə saxlanılır
Abbas ​Hüseynov vəkilə deyib ki, “kars” müddəti iyulun 25-də başa çatmasına baxmayaraq, onu iyulun 29-na qədər orada saxlayıblar: “Karsda vəziyyət dəhşətlidir, yerdə iri soxulcanlar gəzir, soxulcanlar unitazın böyür-başından çıxır, hər yer natəmizdir, “prostina” kirdən qaralıb. Mən nəzarətçidən xahiş elədim ki, mənə balaca bir təmiz kağız parçası versin ki, namaz qıla bilim, onu da vermədilər”.
Abbas Hüseynov vəkilə deyib ki, iyulun 25-də həbsxananın mayor rütbəli əməkdaşı Namiq Quliyev yumruqla mədəsindən və çənəsindən vurub, deyib ki, elə eləmə, səninlə başqa cür davranaq, toz vuraq sənə, “dubinka” dustağın ayrılmaz dostudur. Mən onun qanunsuz hərəkətlərindən şikayət edəcəyimi dedim , o isə “hara istəyirsən, get şikayət elə” dedi. Əvəzində guya həbsxana əməkdaşlarını təhqir etməyim iddiası ilə mənim barəmdə akt tərtib edildi”.
Məhbusu çarmıxa çəkiblər
Abbas Hüseynov onu da bildirib ki, həbsxanada olduğu 17 gün ərzində müxtəlif bəhanələrlə heç bir əsas olmadan onun barəsində 4 töhmət qərarı verilib.
O, iyulun 26-da günorta saatlarında rəislə görüşdürülmək adı ilə karsdan çıxarılıb, amma onu həbsxananın həyətindəki dəmir dirəyə bağlayıblar: “Təxminən 3 saata yaxın dirəyə bağlı vəziyyətdə saxlanıldım. Əllərim arxadan qandallı vəziyyətdə, üzüm dəmir dirəyə yapışmış halda. Məni dirəyə bağlayan həbsxananın İqbal və Rövşən adlı əməkdaşları idi. Günün ən qızmar vaxtında. 3 saatdan sonra dirəkdən açıb, yenidən karsa saldılar”.
Onun sözlərinə görə, iyulun 29-u “kars”ın müddəti bitsə də, onu yenidən karsa qaytarıblar, bunu onunla əsaslandırıblar ki, karantində yer yoxdur. Abbas Hüseynov iyulun 29-da ilahiyyatçı Taleh Bağırzadənin də Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına gətirildiyini deyib. O bildirib ki, ilahiyyatçı onunla yanaşı kamerada qaldığından, onun səsini eşidib. Havanın isti olması səbəbiylə Taleh Bağırzadənin vəziyyəti pisləşib, bu zaman ilahiyyatçı və yanındakı dustaq nəzarətçidən həkim çağırmağı xahiş edib. Ancaq nəzarətçi İlkin Axundov həkim çağırmaq əvəzinə Talehi söyməyə başlayıb: “Biz də Cabbarla buna etiraz elədik, digər dustaqlar da buna etiraz etdilər. Biz Hacının təhqir edilməsinə etiraz olaraq, aclıq edəcəyimizi və həbsxana rəisinin bizi qəbul edib dinləməsini, Hacını təhqir edən nəzarətçi İlkin Axundovu cəzalandırmasını istədik. Səhəri gün məlum oldu ki, Hacını “kars”a salıblar. Cabbar artıq korpusa köçürüldüyündən mən karantində tək qaldım. Rövşən və Namiq adlı həbsxana əməkdaşları məni “Tubzon”a göndərməklə hədələdilər. Həbsxanaya gələn gün və dəmir dirəyə bağlanan zaman məni gün vurduğundan həkim tələb etdim, ancaq həkim gəlmədi və mənə tibbi yardım göstərilmədi”.
Rəis stolun altında gizlətdiyi “dubinka”nı götürüb məhbusu döyür
Abbas Hüseynov vəkilə deyib ki, avqustun 5-də ona karantin müddətinin bitdiyi, kameraya köçürüləcəyi və rəisin onu qəbul edəcəyi bildirilib: “Rəis Aftandil Ağayev məni qəbul etdi. Mən ona dedim ki, Aftandil müəllim, burda qanunsuzluqlar var, istəyirəm bu barədə sizə deyim. Aftandil Ağayev dedi ki, sən kimsən ki, mənə nəsə deyəsən, səni qəbul edim. Mən ona baş verən qanunsuzluqları ictimailəşdirəcəyimi dedim. Aftandil Ağayev mənə dedi ki, “bura girdinsə, burda hüquqlar bitir, səni də, sənin vəkillərini də… Bura Qobustandır, ağzının danışığını bil”. Bunu deyə-deyə durub cumdu üstümə. Rəisin yanında Emin adlı müavini və daha 2 nəfər həbsxana əməkdaşı vardı. Əllərim qandallı idi. Yanımdakılar badalaq verib, məni yerə yıxdılar, rəis otağındakı stolun altından “dubinka”nı çıxarıb, yerdə məni vurmağa başladı. Vura-vura deyirdi ki, “səni ram eləmək mənim üçün 2 dəqiqəlik işdir”. Məni ayağa qaldırıb, ayaq üstə üzümə vurmağa başladı. Mən dedim ki, nə vəhşiyəm, nə də heyvan. Təzədən məni yerə yıxdılar və rəis məni yenidən “dubinka”yla yerdə döyməyə başladı. Ən azı 30-35 zərbə endirdi. Sonra qaldırıb sifətimə vurdu. Rəisin müavini Emin də məni vururdu. O qədər başıma vurdular ki, gözlərim irinlədi. Daha sonra mənə 8 sutka kars cəzası verildiyi deyildi. Aftandil Ağayev dedi ki, əlləri, ayaqları qandallı “kars”a salın. Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular, çarmıxa bağladılar. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”.
Xəsarət izləri və aclıq aksiyası
Vəkil Yalçın İmanov deyir ki, Abbas Hüseynovn bədənində – kürəklərində, ayaqlarında, arxadan beldən aşağı hissəsində, dizlərində çoxsaylı qançır və xəsarət izləri var, əl və ayaq biləklərində qandalın izləri qalıb. O, həbsxnada qarşılaşdığı işgəncələrlə bağlı 5 gün aclıq aksiyası keçirib. Həmçinin Taleh Bağırzadə də Abbas Hüseynə olan haqsızlıqlar səbəbindən 2 gün, özünün qanunsuz olaraq “kars”a salınmasına görə, 4 gün (cəmi 6 gün) aclıq elan edib. İmanovun sözlərinə görə, Abbas Hüseynov döyülmə və işgəncələrdən çətinliklə yeriyir, ayağının biri axsayır, otura bilmir.
Vəkil Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalması ilə bağlı avqustun 9-da Baş Prokurorluğa şikayət edəcəyini bildirib. Vəkil Abbas Hüseynovun kars müddətinin avqustun 13-də başa çatacağını da deyir.