Daxili İşlər Nazirliyi: Qəza zamanı sükanda Əli Həsənovun nəvəsi olub

Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsinə məxsus “Mercedes Gelandewagen”in törətdiyi qəza ilə bağlı yeni məlumat yayılıb.

“Virtualaz.org” saytı Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadla məlumat yayıb ki, qəza zamanı “Mercedes Gelandewagen”in sükanı arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin özü olub.

“İstintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda suala cavab olaraq DİN mətbuat xidməti aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğunun müəyyən edildiyini bildirib”, – deyə saytın məlumatında qeyd olunur.

DİN mətbuat xidmətindən sürücünün cinayət məsuliyyətinə cəlb olunacağı da bildirilib.

Xatırladaq ki, qəza avqustun 3-də, axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb.

İndiyədək olan məlumatlarda “Mercedes Gelandewagen”i guya hadisə zamanı ölənlərdən biri, Nail Allahverdiyevin sürücüsü Mehdi Əliyevin idarə etdiyi bildirilirdi. Hətta N.Allahverdiyevin ümumiyyətlə hadisə yerində olmadığı da xəbər verilirdi. Ötən gün isə məlumat yayıldı ki, N.Allahverdiyev də hadisə zamanı maşında olub və ağır yaralanaraq xəstaxanaya yerləşdirilib.