General İlham Əliyevi yam-yamlıqda ittiham edirmi?

Onun “insan qurbanı” niyyətindən qara fikirlər süzülüb gözlə görünəcək səviyyədə axır

General Novruzəli Orucov İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib. Onun oğlu avtoxuliqanlığa görə həbs edilib. Həm də ikinci dəfə.

General N.Orucov bu barədə yerli mətbuata (unikal.org) açıqlama verib: Siz bilirsiniz ki, mən nəyə görə işdən azad edilmişəm. 3 övladım var. Hər üçünün canını cənab prezidentin ayağının altında qurban etməyə hazıram. Çünki dövlət başçımız mənə yüksək vəzifə və rütbə verdi. Mənim Ali Hərbi Məktəbdə təhsil almağım üçün göstərişi onun atası, Ulu öndərimiz Heydər Əliyev vermişdi. Bir daha qeyd edirəm ki, mənim canım da, həyatım da, balalarım da cənab prezidentə qurbandır”.

Novruzəli Orucov oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır.
Bu barədə,
o, başqa bir qəzetə- Yenicag.Az-a da danışaraq bildirib ki, prezident onu daha əvvəl işdən çıxartmalı idi:

Deyim ki, oğlum birinci hadisəni törədəndə – yəqin ki, məlumatınız var – cənab Prezident, Ali Baş Komandanım mənə çox hörmət elədi, məni o zaman işdən çıxartmalı idi”.

Generalın bu kədərli və üzücü etiraflarının arxasında başqa səbəblər də dayanmalıdır. İndi Azərbaycanda iqtisadi böhrandır və buna görə də işdən qovulan bütün vəzifə adamlarının əmlakı qeyri-müəyyən mənbələrin xeyrinə müsadirə edilir. Necə deyərlər, «Şakaya pul lazımdır!». Bu praktikanı nəzərər alan general vəzifə cəhənnəmə, «itin dalınca ipin də gedəcəyi»ndən xoflanaraq belə əl-ayağa düşüb. Onun «üç balam var, üçü də prezidentin ayağının altında qurban olsun» ifadəsi isə heç bir cinayət törətməyən digər övladlarının qurban kəsilməsi kimi qara niyyətinin göstəricisi sayıla bilər. Şübhəsiz, yerli hüquq-mühafizə orqanları generalın günah və cinayət törətməyən Azərbaycan vətəndaşlarını prezidentin ayaqları altında qurban deməsini ona bağışlamaya bilərlər.

General Novruzəli Orucovun söylədiklərindən belə çıxır ki, indi ittiham edilən oğlu onun sonbeşiyidir və bu o deməkdir ki, onun digər iki övladı hədd-büluğa yetmiş Azərbaycan vətəndaşlarıdır. General tam Konstitusyon hüquqlü iki Azərbaycan vətəndaşını qurban deməklə «girov götürmə niyyəti»nə görə də ittiham olunmalıdır. Başqa tərəfdən, bəlli olduğu kimi, Azərbaycanda əhalinin əksəriyyəti, eləcə də prezidentin özü İslam dininə mənsubdur. Bu yaxınlarda ölkədə keçirilən İslam həmrəyliyi Oyunları da bunun praktik təsviridir. Hələ onu demirik ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının da üzvlüyünə, məhz, müsəlman ölkə olduğuna görə qəbul edilib. General Novruzəli Orucov isə iki Azərbaycan vətəndaşını qurban kəsməyə hazır olduğunu söyləməklə dinlərarası ədavət, əhalinin milli-dini hisslərini təhqir etmək maddələri ilə də suçlu çıxarıla bilər. Şeyxülislamın bu məsələ ilə bağlı fitvasının olacağı da şübhəsizdir!

Biz, əlbəttə, bunu generalın isterikası kimi də dəyərləndirə bilərik. Amma generalın özü prezidenti nə hesab edir ? O belə hesab edirmi ki, İlham Əliyev tarixdən əvvəlki qəbilə başçıları kimi qəzəbləndiyi qəbilə üzvlərinin övladlarını kəsib onların ətindən kütləvi qida məqsədilə istifadə edəcək birisidir?! Ya bəlkə, «mənim bütün balalarım prezidentə qurbandır»- deyən general İlham Əliyevin soyuducusunun içindəkilər barədə düşmən təbliğatından təsirlənərək bu sözləri söyləyib?

Bütün bunlar ritorik, amma dövlətimizin və prezidentimizin imicinə ciddi xələl gətirən sullardır. Hesab edirik ki, ölkənin siyasi rəhbərliyi bu hadisəyə siyasi, hüquq mühafizə orqanları isə hüquqi qiymət verəcəklər…

azadliq.info