Fətullah Gülənlə dostluq bərpa edilirmi?

O, İlham Əliyevin kredit axtarışlarına necə yardım edə bilər?

  • Fətullah Gülən mövzusu indi nəinki Azərbaycanda sönüb, hətta Türkiyədə də, bir qədər öləziyib. Baxmayaraq ki, Türkiyədə hələ indi də bu istiqamətdə hansısa seyrək axtarışlar və seyrək həbslər davam edir. Ajiotaj isə arxada qalıb.

Azərbaycanda bu mövzu, ümumiyyətlə, saxta ajiotajla xatırlandı və keçdi. Saxtalıq özünü onda ifadə elədi ki, Fətullahçıların Azərbaycanda qurduğu əzəmətli imperiyanı səssiz- səmirsiz yerbəyer edən Azərbaycan hakimiyyəti Azadlıq qəzetinin «imamı» Faiq Əmirlini Fətullah Gülənin Azərbaycandakı imamı adı ilə həbs etdi, sonra isə kirimişcə həmin ittihamı dəyişdirərək, mövcud olmayan vergi borcları ilə əvəz etdi. İndi bu işin məhkəməsi gedir və qəzetə 2000- ci ildən indiyə qədər başsağlığı və mənzil satışı elanı verən adda-budda «şahidlər»i tapıb danışdırır. Gülənçi adı ilə həbs edilən digər fəal- AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin ittihamı da eynilə dəyişdirildi və mobil operator şefinin də əlinin çatmadığı hansısa məlumatların ötürülməsi adı ilə 4 il azadlıqdan məhrum edildi. Faiq Əmirlinin maşınının yük yerinə atılan Gülən kitabların isə baş prokuror Zakir Qaralovun doğmaca əmisinin redaktəsi ilə çıxdığını da, hələ o zaman üzə çıxartmışdıq.

(https://www.youtube.com/watch?v=ezOhoLe8Lv0).

Amma doğrudan da, Azərbaycan hökumətinin Fətullah Gülənlə əlaqələri tamanilə qırıldımı, yoxsa bu irtibatlar bərpa olunacaq səviyyədə saxlanılmışdımı?

«azerbaycansaati.tv»-yə bu barədə maraqlı bir xəbər daxil olub və həmin xəbəri araşdırılmağa çalışdıq. Bizə daxil olan xəbərdə iddia edilirdi ki, Azərbaycan hökuməti borc axtarışında Amerika banklarından mərhəmət ummağa çalışır. Amma bu nə xəbərdir və ABŞ banklarını yola gətirmək mümkündürmü ki, kredit və ümumiyyətlə, iqtisadi reytinqi sıfırın altına doğru diyirlənən Azərbaycan hakimiyyətinə böyük həcmli borc almaq mümkün olsun ? Bu xəbəri dəqiqləşdirmək üçün sabiq MTN zabiti Ramin Nağıyevə müraciət etdik. Nədən, məhz Ramin Nağıyevə ?

Sabiq MTN zabiti Ramin Nağıyev bir müddət bundan əvvəl Fətullah Gülən və Azərbaycan hakimiyyəti arasındakı sıx bağlantılar barədə geniş müsahibələr vermişdi.. (https://www.azerbaycansaati.tv/1415.html)

Ramin Nağıyev o müsahibələrdə bildirmişdi ki, bu qədər nəhəng təqiblərə baxmayaraq Fətullah gülənin hələ də 50 milyard dollara qədər pulu var. «Azərbaycan Saatı»na açıqlamasında Ramin Nağıyev ilginc faktlar haqqında danışdı:

– «Əlbəttə, Azərbaycan hakimiyyəti kredit- borc axtarışlarını davam etdirir. Həm cari xərclər üçün, həm də, manatın kursunu saxlamaq üçün. Fars körfəzi ölkələrinə və Cənub- Şərqi Asiyanın maliyyə institutlarına olan ümidlər özünü doğrultmur və orada böyük həcmli kreditlər tapmaq mümkünsüz görünür. Buna görə də bu arada prezident Əliyevin çevrəsində belə bir ehtimal dirilib ki, ABŞ-da geniş əlaqələri olan «Şeyx»in xidmətindən ayrarlanmaq olar. Onlar hesab edirlər ki, Fətullah Gülən Amerikanın maliyyə elitası ilə əlaqələrindən istifadə edib İlham Əliyevin kredit axtarışlarına işıq sala bilər. Bu planı İlham Əliyevə onun köməkçiləri Əli Həsənov və Novruz Məmmədov təqdim ediblər. Planın bəyənildiyi barədə məlumat var və həmin xətt də artıq işə salınmış hesab edilir. Proses kifayət qədər konfidensial aparılır. Məndə olan məlumat budur ki, Fətullah Gülənin amerikanlarla dialoqu başlayıb».

Maraqlıdır ki, Azərbaycanda bütün biznes imperiyası və kadrları vurulmuş hesab edilən Fətullah Gülən İlham Əliyevə bu xidmıəti nəyin müqabilində göstərməlidir ? R. Nağıyev bildirir ki, bu barədə onun hər hansı məlumatı yoxdur.

azerbaycansaati.tv