«TAP tapmaca, TANAPmaca»

Əliyevlərin İzborlaşması Azərbaycana nə vəd edir?

İlham Əliyev və onun da ardınca Mehriban xanım Əliyeva Rusiyalı yazıçı, «İzbor» adlı klubun təsisçisi və lideri Aleksandr Proxanovla görüşüblər. Aleksandr Proxanov hər iki görüşdən sonra hər iki həmsöhbəti haqqında olduqca yüksək təəssüratlar bölüşüb və həmsöhbətlərini böyük, bəşəri dəyərlərin daşıyıcısı kimi səciyyələndirən fikirlər paylaşıb. Bundan əvvəl rusiyalı jurnalist Solovyov da İlham Əliyevlə görüşdən eyni təəəssüratlarla ayrılmışdı.

İzbor klubunun nə olduğunu bilmək üçün onun məramnaməsindən bir bəndi götürürük. Bu əsas bənd onu deyir ki, «Rusiya siyasətində ölkə daxilindən olan «beşinci kalon»un və xarici təsir mərkəzlərinin manipulyasiyalarına qarşı vətənpərvər dövlətçilərin və İmperiya cəbhəsinin güclü ideoloji-siyasi koalisiyasının yaranmasına dəstək vermək».

Bu, Proxanovşinanın əsas qayəsidir. Həm də yalnız İzbor klubunun deyil, son zamanlar Bakıya dadanmış bir çox Rusiyalı ictimai xadimlərin məramı budur.

Əzəmətli Rusiya ideyalarını Azərbaycana daşımaq…

Xatırlanan və Azərbaycanın ictimai fikrində çox aktiv şəkildə müzakirə edilən bu son iki görüş isə İlham Əliyevin Rusiyadan gələn və yüksək səviyyədə qəbul edilən digər görüşlərinin davamıdır. Bu qatarda daha kimlər var? Məsələn, Vladimir Jirinovski var, Aleksandr Duqin var, hətta aşağı-yuxarı eyni görüşləri bölüşən birinci kommunist Züqanov var və sairə… Ona görə «və sairə» deyirəm ki, bu serial hələ başa çatmayıb və mütləq davam edəcək. Rusiya siyasi- ictimai fikrinin bu platformasında dayanan adamların Azərbaycana gəlişi və prezident səviyyəsində qəbulu davam edəcək. Proses başlayıbsa, davam etməlidir.

Vladimir Rudolfoviç Solovyov Rusiyada putinçi jurnalistikanın bayraqdarlarındandır. Vladimir Jirinovski də eyni fikir cəbhəsindəndir, amma «müxalif» cəbhədə rol alıb. Proxanov da, Duqin də və başqaları da. Bu blokun hədəfi, qayəsi, siyasi arzuları Rusiya imperiyasının itirilmiş əzəmətini bərpa etməkdir. Ölkənin daxilindəki çeşidli ultranasionalist- kriminal qruplaşmalar da, imperiya təəssübkeşləri də, «əzəmətli Rusiya İmperiyası» modeli də bu geniş və çoxrəngli platformanın ideoloji istehsalıdır.

Birinci mübahisəli məsələ budur ki, bu düşərgəni Azərbaycana nə bağlayır?

Məsələn, Moldovaya nə bağlayırsa, həmin istək bağlayır. Aleksandr Proxanovun Moldovaya səfərlərinin nəticəsində hələ ötən ilin aprel ayında Kişinyovda İzbor klubunun təsis yığıncağı olub.

Moldovadakı «İzbor klubu»nun da məramnaməsi eynidir: «Rusiya siyasətində ölkə daxilindən olan «beşinci kalon»un və xarici təsir mərkəzlərinin manipulyasiyalarına qarşı vətənpərvər dövlətçilərin və İmperiya cəbhəsinin güclü ideoloji-siyasi koalisiyasının yaranmasına dəstək vermək».

«Biz sərt olmasaq, xalq şərab içməz»!

Bu zəruri izahatı ona görə verirəm ki, İlham Əliyevin Rusiya oriyentasiyasının mahiyyətində hansı siyasi yükün dayandığını daha aydın təsəvvür eləmək mümkün olsun. Bu siyasi yük onun son iki Rusiyalı ilə təmaslarından sonra daha çox qalmaqal yaratdı. Ona görə ki, jurnalist Vladimir Solovyov Rusiyaya qayıdan kimi verdiyi açıqlamada təsdiq etdi ki, İlham Əliyev ikili söhbətdə Azərbaycan xalqına, ən azı, güvənmədiyini etiraf edib və deyib: «Biz sərt olmasaq, ölkəmizdə saqqallılar cövlan edər». Bu, xalqa münasibətin göstəricisidir. Etimadsızlığın təqdimatıdır. «Mən kübar və dünyəvi adamam, Azərbaycan cəmiyyəti isə gerilikçidir, radikaldır…». Bu, İlham Əliyevin Azərbaycan məktəbliləri qarşısında etdiyi çıxışlar zamanı tənqid etdiyi həmin o İslamofobiyadır. Amma hər nə idisə, İlham Əliyev jurnalist Solovyovla söhbətində belə bir ifadə işlətmişdi. Biz indi də bunu «belə bir ifadə işlətmişdi» şəklində deyirik, çünki rəsmən təkzib edilməyib.

Gəlirik, Mehriban Əliyevanın Aleksandr Proxanovla söhbətindən sonra yayılan sitata. Proxanov xanım Əliyeva ilə görüşdən sonra onu tərifləyib, onun intellektinə, dünyagörüşünə, fəaliyyət aspektlərinə bayıldığını etiraf edəndən sonra Mehriban xanım Əliyevanın bir sözünü çatdırdı: “Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.”

YAP ortalıqda görükmür, amma

Bu sitat bomba kimi partladı və partlamalı idi də. Bir neçə baxımdan naqolay səslənən bir fikirdir. Doğrudur, ölkənin hətta müxalif düşərgəsində də seyrək fikirlər səsləndi ki, «ola bilər». Amma hakimiyyət düşərgəsinə dəxli olan bir nəfər belə xanım Əliyevanın bu fikirlərinin davamı, onun bu mülahizələri hansı kontekstdə, hansı məcrada dediyi ilə bağlı heç bir izahat vermədi. Görünür, oralarda ikili münasibət var. Bir qism belə hesab edir ki, «ən yaxşısı bənd olmamaqdır, düşər- düşməzi olar», o biri qism də belə hesab edir ki, «özü var, aparatı var, qoy, izahatı da özləri versin».

Üç yanaşmanın qısa rəsviri

Müxalifət tərəfdən də üç fərqli yanaşma oldu. Hər 3 yanaşma ilə bağlı sitatlar gətirmək istəyəcəm. Birinci yanaşma ittiham edir və bildirir ki, birinci vitse- prezidentin bu ifadəsi qüsurludur, gerçəkliklə adekvat deyil, siyasi prosesləri öz təkəbbürünün altında boğmaq cəhdidir və azərbaycanlıların hərb və sülh barədə təsəvvürlərini bilərəkdən- bilməyərəkdən aşağılamaqdır. İkinci yanaşma – yoxdur, yəni susqunluqdur. Özünü müxalifət adlandıran çoxlu sayda insanlar və təşkilatlar var ki, onlar həmin açıqlamaları sadəcə olaraq, «görmədilər». Bu təbiidir və indi Bakıda havalar isti keçdiyinə görə bu yanaşmanı da təbii saymaq olar. Görməyib, oxumayıb, bilmir, vəssəlam. Üçüncü yanaşma isə bundan ibarətdir ki, Mehriban xanım «əslində bunu demək istəyib ki…». Yaxud da, «bu açıqlamanı Mehriban xanım yox, Proxanov verib, ona görə də hələ bilmək olmaz həmin sözlər niyə və necə deyilib». Vladimir Solovyov da İlham Əliyevlə olan görüşündən sitat gətirmişdi. Bakıda təkzib edilmədi. Mehriban Əliyevanın da sitatını başqası gətirdi, təkzib edilmədi, yorumu da olmadı.

Rövnəq Abdullayev xanım Əliyevadan savadsızdırmı?

Biz izah etməliyikmi ki, Mehruban xanım həmin sözləri hansı kontekstdə deyib? Məncə, bu mənim borcum deyil. Siyasi fəaliyyətlə məşğul olan, bu yaxınlarda isə yüksək dövlət vəzifəsinə, bir çox parametrlərinə görə hətta prezidentdən də yüksək səlahiyyətli vəzifənin daşıyıcısına çevrilmiş Mehriban Əliyevanın hansı sözü hansı kontekstdə dediyini izah etmək üçün maaş alan onlarla aparat işçisi, yüzlərlə də trol var. Bunu onlar etməlidir. Şəxsən mən, Mehriban Əliyevanın həmin sözü hansı aspektdə dediyini bu zamankı nümunələrə görə qavramaqda haqlıyam. Yəni, elə həmin siyasi komandanın yüksək səviyyəli təmsilçilərinin ifasında. Məsələn, kimsə elə hesab edirsə ki, Rövnəq Abdullayev təmsil olunduğu siyasi komandanın strategiyasını, siyasi məqsədlərini xanım Əliyevadan daha az bilir, mən bu iddianı rədd edirəm. Hesab edirəm ki, Rövnəq Abdullayev strateji baxımdan daha dərin kadr olmasa, onu dövlətin iqtisadiyyatının 80 faizinin müəyyən edən bir sektorun başına təyin etməzdilər. Rövnəq Abdullayev bir zamanlar bu məsələ ilə bağlı hansısa xarici ilə görüşündə yox, elə yerli telekanal vasitəsilə Azərbaycan xalqına duyurmuşdu:

 

Saqqal darağı və şərab qədəhləri

Bu, sadəcə fikir deyil, həm də konkret fikrin davamı olan konkret əməldir. Yəni, Azərbaycan hakimiyyətinin neft siyasətini tək Rövnəq Abdullayev yürütmür ki? Rövnəq Abdullayevin bu açıqlamasından sonra Azərbaycanın siyasi hakimiyyətində kimsə ona irad tutdumu? Kimsə «Biz erməni kilsələrinə pulsuz qaz veririk, çünki erməni xalqı bizim düşmənimiz deyil, bizim düşmənimiz Ermənistan hakimiyyətidir» sözünə və bu sözün davamı olan əmələ görə hansısa iazahat verdimi? Hətta müxalifət düşərgəsində, dəxli yoxdur, müxalifət olsun, ya özünü müxalifət adlandıran olsun, kimsə dedimi ki, Rövnəq müəllim «onu demək istəyir ki, var erməni xalqı, var erməni hakimiyyəti. Xalq yaxşıdır, hakimiyyət pisdir. Erməni hakimiyyəti torpaqlarımızı güc yolu ilə işğal edib və lazım gəlsə biz də torpaqlarımızı güc yolu ilə azad edə bilərik». O zaman mən rast gəlmədim belə yanaşmaya. İndi, Mehriban xanımın Proxanova «zorən dostluq və şərab repressiyası» barədə söylədiklərindən sonra bu cür yanaşmalar ortalığa çıxır.

«Ermənilər yaxşıdır, Sarkisyan isə pisdir»

Ümumiyyətlə, «erməni xalqı yaxşıdır, Ermənistan hakimiyyəti pisdir» kimi şablon ifadələrlə də xaltura etməyə ehtiyac yoxdur. Dağlıq Qarabağ və onun ətraf rayonlarında müharibə başlayandan, işğal prosesi genişlənəndən və fakta çevriləndən üzü bəri Ermənistanda neçə hakimiyyət dəyişib? Lap 1988- ci ildən üzü bərini də hesablaya bilərsiz, Ermənistan müstəqil dövlət olandan sonrakı dövrü də. Bu müddət ərzində nə Erməni xalqının işğalçılıq faktına münasibəti dəyişib, nə də Ermənistan hakimiyyətlərinin.

«TAP tapmaca, TANAPmaca»

Sülh təşəbbüslərinə gəlincə. Azərbaycan bu münaqişənin indiki mərhələsində məğlub tərəfdir. Azərbaycan 1994- cü ildə imzalanan Bişkek sülh protokoluna məğlub tərəf kimi imza atıb. Doğrduur, daimi sülh müqaviləsi deyildi, keçici atəşkəs protokolu idi, hər nə idisə, həmin protokola imza atanda Azərbaycan məğlub tərəf ovqatında idi. Keçici sülhə hər iki tərəf fürsət kimi yanaşır. Azərbaycan tərəfdə isə bu strateji məqsəd idi. «Keçici sülh əldə edirik, böyük neft pullarına koridor açırıq, güclənirik və işğal edilmiş torpaqlarımızı geri alırıq». Strategiya bu idi. Bu syrategiya zibilə döndərildimi? Böyük neft pulları dövlətin yox, bir ailənin iqtisadi qüdrətinin güclənməsinə sərf edildimi? İndi daha hansı sülh təşəbbüslərindən danışmalıyıq ki ? Bəlkə onu təsəvvür edək ki, TAP-dır, TANAP-dır, nə zibildir, onun gətirdiyi gəlirlərlə güclü ordu qurub hərbi güc faktoru ilə davamlı sülhə nazil olacağıq? Olmayacaq belə şey! Min dənə də TAP olsa, bir dənə normal hakimiyyət quruculuğu yolu tapılmasa, Azərbaycan xalqı üçün yaxşı heç nə olmayacaq.

«Heç vaxt yol vermərəm…» konteksti

Biz xanım Mehriban Əliyevanın Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın» sözlərinin hansı kontekstdə deyildiyini axtarıb tapmalıyıqmı? Bəyəm onun özü bu sözləri hansı kontekstdə dediyini izah etməyə çalışırmı? Qətiyyən çalışmır. O bu sözü elə həmin kontekstdə deyib: Bizim ölkəmiz elədir ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayar». Azərbaycan xalqını potensialında terror məramları görən bir ailənin «Heç vaxt yol vermərəm ki…» ifadəsi hansı kontekstdə deyilə bilər ki?.. Kontekst aydındır. Və bu görüşlərin davamı olaraq hansısa uğursuz rus yazıçısının təşəbbüsü ilə yaradılmış İzqoy klubun filialının Azərbaycanda yaradılmasına razılıq vermək bu sözlərin hansı kontekstdə deyildiyinə daha bir açar deyilmi?

Müxalifətçiliyin testi

Və… bəziləri məni qınayır ki, bu ifadələrə münasibəti mən müxalifətçiliyin testi kimi sərtləşdirirəm. Əslində, bu, müxalifətçiliyin testi deyil, daha bir testidir. Xalqı və ölkənin taleyini vecinə almayan, hər gün dövlətin perspektivləri ilə bağlı ağılsız eksperimentlər aparan bir hakimiyyət var. Lap bu günlərdə aşkara çıxdığı kimi, ölkə iqtisadiyyatının 67 faizini qara iqtisadiyyat rəngində tündləşdirən mafioz bir hökumət var. Feodal idarəçilik qaydalarının ən eybəcər alətlərini tətbiq edən bir sülalə var. Bir tərəfdən də biz durub bu hakimiyyətin adından danışanların bəyanatlarında, açıqlamalarında, ikili- üçlü söhbətlərində kontekst axtarmalıyıq? İstər İlham Əliyevin, istərsə də onun müavini, birinci vitse- prezident xanım Əliyevanın və bütün digər hakimiyyət rəsmilərinin açıqlamalarının bir konteksti var, o da bugünkü Azərbaycan gerçəkliyidir. Başqa heç bir kontekst yoxdur. Konkret olaraq «mən imkan vermərəm…» mülahizəsi isə İzbor kimi klubların kontekstində deyilir. Rusiya imperatorluğunun Azərbaycan və sair ölkələrin istiqlalı ilə «məzələndiyi» bir kontekstdir…

P.S. İlham Əliyevin və Mehriban Əliyevanın «Rus elitası» adı ilə qəbul etdiyi adamların heç biri gerçək Rusiya elitası deyil, onlar müasir Rusiyanın ictimai- siyasi fikrində mütərəqqi olmayan, gerilikçi, ölmüşlərin heykəllərinə can üfürmək iddiasında olan elementlər kimi qəbul edilir. Bunlardan biri də həmin bu Proxanov cənablarıdır. Rusiyada hesab edirlər ki, Proxanovçu ideyalar təhlükəli, həm də ümumiyyətlə zərərli baxışların yaratdığı qırıq təsəvvürlərdir. «Bu, birləşməsi mümkün olmayan ideyaların, ağla qaranın, Allahla Şeytanın ittifaqını yaratmaq cəhdidir. Proxanovşina aşkar kommunizmdən və radikal solçu ideyalardan daha zərərlidir. Proxanov cəlladla qurbanın, dağıdıcı olanla yaradıcı olanın ittifaqını təbliğ edir. O, xeyirlə şəri birləşdirmək üçün zərərli cəhdlər edir»…

Bu da Rusiyanın müasir ictimai- siyasi fikrində Proxanovçuluğun inikasıdır. Bu adamın qarşısında dayanıb «biz ermənilərlə şərab içdiyimiz günləri geri qaytarmaq istəyirik» deyəndə Azərbaycanın maraqları ifadə olunmur, Proxanovçuluğun qayəsi dəstəklənir. Ümumiyyətlə, bu cür adamlar Azərbaycanın istiqlalı ilə Rusiyanın imperiya iddialarını «birləşdirmə» niyyətində olan adamlardır. Azərbaycanda belələri prezidentlə yox, qoy, lap elə iqtidar düşərgəsində olan, amma İstiqlal ideyalarınıdəstəkləyən hansısa filosoflarla, yazıçılarla, şairlərlə, ictimai xadimlərlə görüşməlidirlər. Həm də ona görə ki, Azərbaycanın yalnız İlham Əliyevdən, Əliyev ailəsindən ibarət olmadığını, bu ölkədə müstəqilliyin ideoloji, mənəvi, ictimai- siyasi əsaslarının möhkəm olduğunu anlasınlar. Bəlkə, Əliyevlərin, elə, istədikləri də budur ki, bütün dünyada Azərbaycanın yalnız onlardan ibarət olduğu görüksün… Hətta bu halda da, hansısa müxalifətçilər ortalığa düşüb «Mehriban xanım bu sözü elə yox, belə demək istəyib…» izahatını verməməlidirlər.

Qənimət Zahid