“Sahibsiz məmləkət”

 

Əbil HƏSƏNOV

Suriyada Bəşər Əsədə qarşı vuruşan müxalifət qüvvələr qalib gəlməyəcəklərini anlayıb, bir-biriləri ilə didişməyə başlamışdılar. Hakimiyyətə sadiq qüvvələr bu vəziyyətdən istifadə edib bir neçə parlaq qələbə də qazanaraq müxaliflərin işini daha da çətinləşdirmişdilər. Bəşər Əsəd bu münasibətlə oğlunu yanına çağırıb sevincini onunla bölüşürdü. Ata- bala sarayın eyvanında oturub qan qoxulu havadan uda-uda söhbət edirdilər. Oğul ataya müraciət edərək: -“Ata, bu məmləkətin yerinin altı bizimdirmi?”-dedi. -Bəli oğlum ,bizimdir. –Ata, bu məmləkətin yerinin üstü də bizimdirmi? -Bəli oğlum, bizimdir. -Ata… bu məmləkət bizimdirmi? -Yox oğlum, bizim deyil. Sadəcə olaraq zəmanə bizimdir, bizim dövrandır. -Ata bizim dövran çoxmu çəkəcək? -Oğul, bu dövran mənə atamdan qalıb – deyə prezident Hafiz Əsədin divardan asılmış qızıl çərçivəli iri portretini göstərərək sözünə davam elədi: -“Mən də kütləvi həbslər və qan tökülməsi bahasına da olsa hakimiyyəti sənə təhvil verəcəyəm. Bizim dövranın uzun çəkməsi isə səndən asılı olacaq”. -Ata bu məmləkətin sahibi yoxdurmu? -Yox oğlum. Bu məmləkətin sahibi olsaydı, məmləkət qan gölündə boğulmazdı.