Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycanın tanınmış jurnalistlərindən Əfqan Muxtarlının oğurlanması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Gürcüstanın Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsilə (azadlıqdan qanunsuz məhrum etmə) araşdırmalara başlayıb. Paralel olaraq Azərbaycan tərəfi ilə də danışıqlar aparılır. Faktiki durum müəyyən olunan kimi ictimaiyyət detallı olaraq məlumatlandırılacaq”.
Gürcüstanın ombudsmanı Uça Nanuaşvili hesab edir ki, hüquq-mühafizə orqanları dərhal Ə.Muxtarlının itməsi faktına effektiv reaksiya verməlidirlər: “İlk növbədə cinayətin törədildiyinin qeyd olunması üçün bütün tədbirlər görülməlidir. Daha sonra isə bu işdə günahı olanlar cəzalandırılmalıdırlar. Gürcüstan hökuməti ölkə ərazisində yaşayan bütün şəxslərin hüquqlarının qorunmasını təmin etməlidir. Qonşu ölkələrdəki proseslər Gürcüstan dövlətinin insan haqlarına hörmətinə təsir etməməlidir. Gürcüstanda yaşayan hər kəs özünü təhlükəsizlikdə hiss etməlidir. Gürcüstan hökümətinin cinayətə və ya Əfqan Muxtarlının itməsinə etinasız yanaşmadığına dair zərrə qədər də şübhə olmamalıdır”.
Fikrət Hüseynli